İnsanlara hürriyət, millətlərə istiqlal!

"Uşağı yox, telefonu yedirdirsiniz..." – Pediatrdan valideynlərə çağırış

263 18.07.2026 17:20 Sosial A A

Son illər restoranlarda, parklarda, evlərdə və hətta qonaqlıqlarda tez-tez rast gəlinən mənzərələrdən biri də yemək yeyən uşağın qarşısında telefon və ya planşetin olmasıdır. Bir çox valideyn övladının rahat yemək yeməsi üçün ona cizgi filmi və ya müxtəlif videolar açır.

Mütəxəssislər bildirir ki, ilk baxışdan zərərsiz görünən bu vərdiş əslində uşağın həm fiziki, həm də psixoloji inkişafı üçün ciddi təhlükələr yaradır.

Belə ki, telefon ekranına baxaraq yemək yeyən uşaq nə qədər qida qəbul etdiyini hiss etmir. Belə hallarda yemək prosesini uşaq deyil, sanki telefon idarə edir. Uşaq diqqətini tamamilə ekrana yönəltdiyi üçün beyni toxluq siqnallarını vaxtında qəbul etmir. Nəticədə ya normadan artıq qida qəbul edir, ya da ümumiyyətlə nə yediyini dərk etmir. Bu isə gələcəkdə piylənmə, həzm problemləri və sağlam qidalanma vərdişlərinin pozulmasına səbəb ola bilər.

Bundan başqa, ekran qarşısında yemək yeyən uşaqlar ailə üzvləri ilə ünsiyyətdən uzaq qalır. Halbuki yemək süfrəsi uşağın sosial bacarıqlarının, danışıq qabiliyyətinin və ailə münasibətlərinin formalaşdığı ən vacib məkanlardan biridir.

Psixoloqlar hesab edirlər ki, davamlı olaraq telefon vasitəsilə yeməyə öyrəşdirilən uşaqlar sonradan ekransız qidalanmaqda çətinlik çəkir, diqqət problemləri yaşayır və telefon asılılığı riski artır.

Picture background

Mövzu ilə bağlı tanınmış pediatr Vaqif Qarayev Musavat.com-a danışıb. Pediatr qeyd edib ki, yemək vərdişi uşağa körpə yaşlarından aşılanır, formalaşdırılır və öyrədilir:

"Məsələn, "Telefonsuz uşağıma yemək yedirə bilmirəm" deyən analara bir sualım var: Telefon olmayanda uşaqlar necə yemək yeyirdi? Nə yeyirdilər? Əlbəttə ki, yeyirdilər.

Bəs niyə telefonu elə bir səviyyəyə çatdırmışıq ki, guya onsuz uşaq yemək yeməz? "Telefon olmasa yemir" fikri niyə bu qədər qəbul olunub? Axı niyə yeməsin? Vaxtında düzgün vərdiş yaradın, uşağı elə əvvəldən buna öyrədin.
Bu gün elə mənzərələrlə qarşılaşırıq ki, bir yaşına çatmamış, hələ ana qucağında olan uşağın əlində telefon olur. Bu, doğrudan da narahatedici vəziyyətdir. Bəzən ana istəyir ki, uşaq onun işinə mane olmasın, bir qədər sakit otursun və o da öz işi ilə məşğul ola bilsin. Ancaq bunun yolu telefon deyil.

Hər yaşın öz oyuncağı var. Dünya yaranandan, bəşəriyyət mövcud olandan uşaqlar oyuncaqlarla böyüyüb. Kənddə başqa cür, şəhərdə başqa cür olub, amma oyuncaq həmişə uşağın inkişafının bir hissəsi olub. Uşağın diqqətini yayındırmaq, onu məşğul etmək istəyirsinizsə, ona yaşına uyğun oyuncaq verin.

Bir qədər böyük uşaqlar üçün isə seçim daha çoxdur. Artıq qaşıqla, çəngəllə yemək yeyə, stəkanla maye içə bilən uşaqlara rəngli şəkillər, karandaşlar, müxtəlif inkişafetdirici oyuncaqlar təqdim etmək olar. Amma bunların heç biri yemək zamanı ortaya çıxmamalıdır".

Pediatr valideynlərə səslənərək bildirib ki, fizioloji baxımdan yemək vaxtı masada yalnız yemək olmalıdır: "Bu qayda böyüklərə də aiddir. İnsan yeməyə diqqətini yönəltməlidir ki, yediyi qida orqanizm üçün həqiqətən faydalı olsun.

Əslində siz uşağı yox, telefonu "yedirdirsiniz". Bəli, karbohidratlarla zəngin qida mədəyə düşür, həzm olunur, maddələr mübadiləsi gedir. Amma beynə lazım olan siqnallar çatmır. Uşaq yeməyin dadını, tamını, ləzzətini hiss etmir. Sadə dillə desək, doyma hissini formalaşdıran siqnallar beyinə ötürülmür.

Normalda insan doyanda bunu hiss edir və yeməyi dayandırır. Amma bir tərəfdən telefon, digər tərəfdən də ana uşağa fasiləsiz yemək verir. Uşaq isə nə vaxt doyduğunu anlamır. Ana yorulanda qabı götürür. Belə vəziyyətdə məlum olmur ki, uşaq həqiqətən doydu, yoxsa yox. Çünki o, ac olduğu üçün süfrəyə oturmamışdı. Ana onu məcbur edib oturtmuş, diqqətini yayındırmaq üçün də telefon vermişdi.Bəs telefonda uşaqlar nəyə baxırlar? Qışqırıq, aqressiya, sürətli görüntülər, təhlükəli hərəkətlər, müxtəlif oyunlar... Uşaq yaşından asılı olmayaraq ekranda gördüyünü təkrarlayır. Orada qışqırırlar, o da qışqırır. Tullanırlar, o da tullanır. Gülürlər, o da səbəbsiz yerə gülür. Bu zaman beyin qabığı davranışı analiz etmir, sadəcə gördüyünü kopyalayır.

Daha təhlükəlisi isə odur ki, telefon söndürüldükdən sonra da həmin aqressiv davranış davam edir. Biz isə buna "hiperaktivdir", "əsəbidir", "çox hərəkətlidir" kimi adlar qoyuruq. Halbuki bu davranışların formalaşmasında telefonun ciddi rolu var.İyirmi-otuz il əvvəl niyə bu qədər hiperaktiv, əsəbi, diqqəti dağınıq uşaqlar yox idi? O vaxt da uşaqlar böyüyürdü, özü də sağlam və normal şəkildə böyüyürdülər. Bəs indi birdən-birə nə dəyişdi? Hansı epidemiya yayıldı ki, bu qədər problem ortaya çıxdı? Deməli, haradasa valideyn olaraq səhv edirik. Bu səhvlərdən biri də uşağın yemək masasını telefon ekranına çevirməkdir. Uşağın sağlam qidalanması təkcə nə yediyi ilə deyil, necə yediyi ilə də birbaşa bağlıdır. Bu vərdiş isə məhz ailədə formalaşır".

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR