İnsanlara hürriyət, millətlərə istiqlal!

Unudulmuş QƏSƏBƏ - Binə sakinləri üfunət, susuzluq və palçıq içində (REPORTAJ - Fotolar)

1266 09.02.2026 18:40 Ölkə A A

Son illər paytaxt Bakının müxtəlif ərazilərində su və kanalizasiya ilə bağlı problemlər kəskinləşib. Bəzi yaşayış massivlərində isə içməli suyun ümumiyyətlə verilməməsi sakinlərin ciddi narazılığına səbəb olur. “Şəhərsalma ili” çərçivəsində aparılan işlər fonunda bu problemlər daha qabarıq şəkildə üzə çıxır.

Çox sayda şikayətləri nəzərə alaraq Musavat.com əməkdaşı problemlərin daha çox qeydə alındığı ərazilərdən biri – Binə qəsəbəsinə yollanıb və sakinlərin üzləşdiyi mövcud vəziyyəti yerində araşdırıb.

Yoldan başlayaq. Binə qəsəbəsinə cəmi bir marşrut – 160 saylı avtobus işləyir. Sürücülər deyir ki, digər avtobus da Binədəki atçılıq müəssisəsinə gedir.

Avtobusdakı sərnişinlər, demək olar ki, bir ağızdan eyni fikri səsləndirir: “Binədə elə yer varmı ki, problem olmasın?” Sakinlərdən biri yaşadıqları ərazidə uzun müddətdir su üzü görmədiklərini deyir, digəri kanalizasiya sularının evlərini və küçəni basdığını, hərəkətin mümkünsüz olduğunu bildirir. Bəzi sakin-sərnişinlər isə vəziyyəti daha aydın görmək üçün 117 saylı məktəbin yanında düşüb, piyada getməyi, problemlərin orada insanların dilindən daha açıq şəkildə eşitməyi məsləhət görür.

Sərnişinlərin dediyi yer qəsəbənin mərkəzə yaxın hissəsi hesab olunsa da, ilk baxışdan vəziyyətin ürəkaçan olmadığı açıq görünür. Qəsəbənin dərinliklərinə doğru getdikcə problemlər daha aydın görünür. Yollar gerçəkdən də bərbad vəziyyətdədir, çala-çuxurdur, hər tərəf gölməçələrlə doludur, antisanitariya hökm sürür. Adının çəkilməsini istəməyən sakinlərdən biri söhbət zamanı problemə toxunur: “Biz bax orada, 21/47-ci məhəllədə yaşayırıq, binanın zirzəmisi tamam kanalizasiya suları ilə dolub. Üfunət iyi hər tərəfi bürüyüb, evdə otura bilmirik. Bu çirkabdan evi siçan, tarakan basıb, vallah, bezmişik”.

101 saylı yataqxanada yaşayan bir qadın əlini uzadaraq sol səmti göstərir: “Bizim yataqxanaya yalnız səhər saatlarında təxminən bir saat su verilir, axşamlar isə su bəzən gəlir, bəzən ümumiyyətlə olmur. Problem təkcə su deyil. Yataqxanada evlər uçub-dağılır, kanalizasiya tutulub, cəmi bir sanitar qovşaq var və 20–25 nəfərin hamısı bir yerdən istifadə etməli olur”.

Rizvan Məmmədhüseynov küçəsində də eyni problemlər hökm sürür, elə narazılıq da eyni cürdür. Binalardan birində yayılan kəskin qoxu ürək bulandırır. Divarlar tökülüb, qapılar köhnədir. Dəhlizdə asılmış nəm paltarlar görünür... Xeyransa nənə deyir ki, su gələndə sevinirlər: “Su fasilələrlə verilir, bəzən isə günlərlə su olmur. Səhər saat 11-də 1 saatlıq verilir. Bir də gecə saat 12-də yenə 1 saat. Onu da çox vaxt vermirlər. Su gələn saat məhəllədə toy-bayramdır”.

Binə qəsəbəsində hələ də mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Əsas səbəb qəsəbənin sürətli və plansız şəkildə böyüməsi, infrastrukturun isə bu tempə uyğunlaşa bilməməsidir.

Qəsəbənin digər səmtində isə vəziyyət daha pisdir. Sakinlər çirkab suları yeraltı çənlərə axıdırlar. Yağış yağan kimi bu çənlər dolub-daşır, küçə və həyətləri üfunətli lehmə basır. Nəticədə insanlar rezin çəkmə olmadan evdən çıxa bilmir, uşaqların məktəbə gedib-gəlməsi ciddi çətinliyə çevrilir.

Problem təkcə məişət narahatlığı ilə bitmir, həm də maddi yük yaradır. Sakinlər çənlərin boşaldılması üçün ayda bir neçə dəfə 30–40 manat xərc çəkməli olurlar.

Məhəmməd Bağırov küçəsində yaşayan Səkinə Əliyeva deyir ki, palçıq və gölməçələrə görə məktəbə, bağçaya ayaq basmaq olmur. Uşaqları məktəbə apara bilmirik. Valideynlər məcbur olub servis tutublar. O gün servis də yolda qaldı. Soyuqda 1 saat gözlədik. Hər gün bu zülmü yaşayırıq”.

Bu küçədə yaşayan digər sakin də deyir ki, əsəbləri tarama çəkilib: “Deyirlər briqadalar işləyir, amma problem kökündən həll olunmayınca biz yenə də bu əziyyəti çəkəcəyik”.

Qəsəbədəki problemlər barədə cavabdeh qurumlara yönləndirdiyimiz sorğunun cavablarını yaxın günlərdə dərc edəcəyik (əlbəttə, əgər cavab versələr).

Afaq Mirayiq,
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR