Bakıda çalışan Böyük Britaniya vətəndaşı Qrir Kristoferi hədə-qorxu yolu ilə şantaj edərək ondan 205 min manatdan çox pul almaqda təqsirləndirilən Elnarə Nəsrəddinova və Yasəmən Məmmədova barəsində çıxarılmış hökm Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılıb.
Musavat.com xəbər verir ki, cinayət işinin materiallarına görə, hadisənin əsası 2022-ci ilin martında qoyulub.
Zərərçəkmiş Qrir Kristofer həmin dövrdə Bakıda fəaliyyət göstərən xarici şirkətlərdən birində çalışıb. Onun ifadəsinə əsasən, 2022-ci il martın 26-da iş yoldaşları ilə istirahət etdikdən sonra Fəvvarələr meydanı yaxınlığında Elnarə Nəsrəddinova və Yasəmən Məmmədova ilə tanış olub. Daha sonra birlikdə mənzilə gediblər. Mənzildə Böyük Britaniya vətəndaşının çılpaq yataq fotoları çəkilib. Bir müddət sonra həmin görüntülərin həyat yoldaşına və yaxınlarına göndəriləcəyi ilə hədələnən Qrir Kristoferdən müxtəlif vaxtlarda ümumilikdə 205 min 823 manat pul alınıb.
İş materiallarında qeyd edilir ki, təqsirləndirilən şəxslər zərərçəkmişə məxsus bəzi rəsmi sənədləri də ələ keçiriblər. Qrir Kristofer məhkəmədə verdiyi ifadədə bildirib ki, əvvəlcə ondan guya polis tərəfindən məsuliyyətə cəlb olunmaması üçün pul tələb edilib.
Onun sözlərinə görə, əvvəl 2 min manat, daha sonra yenidən 2 min manat, ardınca isə 6 min manat alınıb. Sonrakı mərhələdə isə şantaj başlayıb.
"Fotoları göstərib dedilər ki, əgər pul verməsəm, həyat yoldaşıma göndərəcəklər. Əvvəl inanmadım. Düşünürdüm ki, həyat yoldaşımı necə tapa bilərlər? Sonra Elnarə mənə həyat yoldaşımın şəklini göstərdi. Bir müddət sonra artıq İngiltərədə olarkən həyat yoldaşımın telefonuna Azərbaycandan zənglər gəlməyə başladı. O zaman başa düşdüm ki, məni doğrudan da izləyirlər", - Qrir Kristofer bildirib.
Zərərçəkmiş deyib ki, 2022-ci ilin aprelindən dekabr ayına qədər Elnarə Nəsrəddinovaya ümumilikdə 211 min manata yaxın pul ödəyib. Onun sözlərinə görə, baş verənlər nəticəsində ailə münasibətləri ciddi şəkildə pozulub, işlədiyi şirkətdə də problemlər yaranıb və nəticədə işini itirib.
Məhkəmədə Qrir Kristoferdən soruşulub ki, niyə ilk vaxtlar hüquq-mühafizə orqanlarına müraciət etməyib. O bildirib ki, işlədiyi xarici şirkət hüquq-mühafizə orqanları ilə bağlı qalmaqallarda adı hallanan əməkdaşlarla işləmək istəmirdi. Məhz bu səbəbdən uzun müddət şantaja boyun əyməyə məcbur qaldığını deyib. Elnarə Nəsrəddinova məhkəmədə özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, zərərçəkmişə qarşı hədə-qorxu tətbiq etməyib və ittiham aktında göstərilən qədər pul almayıb.
Elnarə Nəsrəddinovanın sözlərinə görə, dələduzluq faktını qəbul etsə də, tələb edilən məbləğ ittihamda göstəriləndən dəfələrlə az olub.
O, həmçinin Yasəmən Məmmədovanın hadisədə günahsız olduğunu iddia edərək bütün məsuliyyətin öz üzərində olduğunu bildirib.
Yasəmən Məmmədova isə ifadəsində ittihamları tamamilə rədd edib və özünü təqsirli bilmədiyini deyib.
Elnarə Nəsrəddinovaya Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 182-ci (hədə-qorxu ilə tələb etmə), 326-cı (rəsmi sənədləri, ştampları və ya möhürləri talama, zədələmə və ya gizlətmə) maddələri ilə ittiham irəli sürülüb.
Yasəmən Məmmədova isə Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə təqsirləndirilib.
Cinayət işinə ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə Elnarə Nəsrəddinova 11 il müddətinə, Yasəmən Məmmədova isə 2 il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs edilib.
Təqsirləndirilən şəxslər hökmdən narazı qalaraq kassasiya şikayəti versələr də, Ali Məhkəmə onların arqumentlərini əsaslı hesab etməyib.
Musavat.com xəbər verir ki, Pravda.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin kassasiya şikayətinə baxılıb.
Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qəbul etdiyi hökmün qanuni və əsaslı olduğu qənaətinə gələrək kassasiya şikayətini təmin etməyib. Bununla da Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Beləliklə, Böyük Britaniya vətəndaşının şantaj olunaraq külli miqdarda vəsaitinin ələ keçirilməsi ilə bağlı rezonans doğuran cinayət işi üzrə məhkəmə prosesi Ali Məhkəmənin qərarı ilə yekunlaşıb.
E.Məmmədəliyev,
Musavat.com






