İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada azərbaycanlıların qətliamındakı sirr

2972 30.09.2016 07:10 Gündəm A A
Ukraynada azərbaycanlıların qətlə yetirilməsi halları daha da artıb. Demək olar ki, hər həftə mətbuatda Ukraynada azərbaycanlı tələbə və ya iş adamlarının qətlə yetirilməs,i oğurlanması haqqında məlumatlara rast gəlirik.

Son olaraq sentyabrın 27-də Kiyev şəhərində azərbaycanlı tələbə öldürülüb.  Zaqatala rayon sakini, 22 yaşlı Məhəmməd Amil oğlu Səfərəliyev bıçaqlanaraq qətlə yetirilib..

Bundan bir həftə öncə isə Ukraynada bir azərbaycanlı biznesmen naməlum şəxslər tərəfindən oğurlanmışdı. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən verilən məlumatda qeyd edilirdi ki, oğurlanan şəxs Kiyevdə yaşayan 38 yaşlı İlqar adlı iş adamıdır. 

Qeyd edək ki, son 2 ildə Ukraynada 20-dən çox azərbaycanlı iş adamı və övladları naməlum şəxslər tərəfindən oğurlanıb. Bundan başqa, azərbaycanlı iş adamlarına qarşı sui-qəsd, obyektlərinin partladılması halları qeydə alınıb.

Ukraynada yaşayan azərbaycanlılar sentyabrın 14-də Ukrayna Daxili İşlər Nazirliyi qarşısında etiraz aksiyası keçiriblər, onlar nazir Arsen Avakovdan məsələyə biganə qalmamağı tələb ediblər. Həmçinin Azərbaycanın baş prokuroru Zakir Qaralov məsələ ilə bağlı ukraynalı həmkarı Yuri Lutsenkoya müraciət edib. 

Ukraynanın daxili işlər naziri Arsen Avakovun bu cinayətlərdə əli olmasına dair sensasion iddialar da mətbuatda yer almışdı. NATO-nun Bakı İnstitutunun rəhbəri Fərrux Məmmədov sosial şəbəkə hesabında yazmışdı ki, Ukraynada azərbaycanlı iş adamlarının oğurlanması və öldürülməsinin arxasında bu ölkənin daxili işlər naziri Arsen Avakov dayanır. Arsen Avakov erməni əsillidir.

Həmçinin iddialar var ki, bu, Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərə xələl gətirmək istəyən siyasi qüvvələrin işidir. Bu mənada şübhələr ən çox Rusiyaya yönəlib. Ukraynada azərbaycanlılara qarşı repressiyalarda Rusiya barmağı varmı? Hazırda insanları ən çox maraqlandıran sual budur.

“Yeni Müsavat”a açıqlamasında bu məsələyə toxunan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, bu qətllərdə, soydaşlarımıza qarşı digər cinayət əməllərində Rusiyanın əlinin olması ehtimalı inandırıcı səslənmir: “Düşünmürəm ki, Rusiya Ukrayna ilə Azərbaycanın arasını vurmaq üçün belə bir plan hazırlasın və buna görə Ukraynadakı azərbaycanlılar qətlə yetirilsinlər, oğurlansınlar, girov götürülsünlər. Bu məsələdə Ukraynanın hüquq-mühafizə orqanlarının da səhlənkarlığı var. Çox təəssüf ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov  Azərbaycanın iradlarını qulaqardına vurur. Azərbaycanlılar yürüş də keçirdilər ki, Abakov həmvətənlilərimizin oğurlanması məsələsinə diqqət yetirsin. Ancaq nəinki heç bir tədbir görülmədi, əksinə, oğurluq və girov götürmə hallarının sayı da artdı, bir azərbaycanlı tələbə qətlə yetirildi. Biz istisna etmirik ki, bu hal təkcə azərbaycanlılara qarşıdır. Çünki Ukraynada təxminən eyni sayda azərbaycanlı və erməni yaşayır. Ancaq ermənilərlə müqayisədə azərbaycanlılarla bağlı belə hadisələr daha çox baş verir. Hansısa  erməni iş adamının girov götürülməsi ilə bağlı bir məlumat demək olar ki, eşitməmişəm. Ancaq azərbaycanlılarla bağlı belə  hadisələr artmaqdadır. Onu da nəzərə almaq lazımdır ki, Ukraynada yaşayan azərbaycanlıların böyük bir hissəsi kiçik bizneslə məşğuldurlar, müəyyən qədər kapital toplamağa çalışırlar. Demək, onların hər biri üçün təhlükə var. Təsadüfi deyil ki, məhz qatillər və cinayətkarlar bir qədər imkanı olan azərbaycanlıları hədəfə alır. Ukraynada yaşayan hər iki azərbaycanlıdan biri bu cinayətkarların qurbanı ola bilər. Bu baxımdan, hüquq-mühafizə orqanları ciddi tədbir görməlidirlər. Ancaq bu tədbirlər görülmədiyinə görə Zakir Qaralov müdaxilə etməyə başladı. Hesab edirəm ki, Ramil Usubovun da ukraynalı həmkarına müraciət etməsinə ehtiyac yarana bilər”. 

Elxan Şahinoğlunun sözlərinə görə, Ukrayna Azərbaycanı tərəfdaş dövlət sayırsa,  bu məsələyə barmaqarası yanaşa bilməz: “Təəssüf ki, bu hadisələrlə bağlı nə sifarişçilər, nə də qatillər tapılır. Əksinə, qətlə yetirilən azərbaycanlıların sayı getdikcə artır. Bu hadisələri törədənlərin kimliyi ilə bağlı bir neçə versiya var. Bu, adi cinayətkar qruplaşma da ola bilər. Ancaq sual yaranır ki, bəs niyə məhz azərbaycanlılara qarşı bu hallar baş verir. Bu hadisələr siyasi məqsədli də ola bilər. Rusiya versiyası bir o qədər inandırıcı olmasa da, ermənilərin təsiri altında olan cinayətkar qruplar da bu işi görə bilərlər. Onların da məqsədi Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərə neqativ təsir etmək ola bilər. Ukrayna prezidenti bu ilin iyul ayında Azərbaycanda olmuşdu və ölkəmizlə tərəfdaşlıqda maraqlı olduğunu israr etmişdi. Bu səfərdən bir ay sonra qətllərin və girovların sayı artdı”. 

Ekspertin fikrincə, bir versiya da ondan ibarətdir ki, Ukraynadakı azərbaycanlıların arasında da cinayətkar qruplar var, necə ki, Rusiyada bu hal mövcuddur: “Ola bilər ki, onlar həmin ölkələrdəki soydaşlarını qətlə yetirib onların kapitallarına sahib olmaq istəyirlər. Ona görə də mən  bu versiyaları istisna etmirəm. Səbəb nə olursa-olsun, cinayətlərin üstü açılmalıdır. Ukrayna hökuməti bu qatilləri tapa bilsə, bizim suallarımızın da cavablı tapılar. Ukrayna özü bu cinayətlərin açılmasında maraqlı olmalıdır. Əks halda, bu, iki ölkə münasibətlərinə də mənfi təsir edə bilər”.

Elxan Şahinoğlu onu da vurğuladı ki, Azərbaycan hökuməti bu məsələlərə diqqətini artırmalı və müəyyən mesajlar göndərməlidir: “Azərbaycanlı məmurlar ukraynalı həmkarları ilə əlaqə qurmalı və qatillərin kimliyi barədə məlumat tələb etməlidirlər. Ancaq bu, iki ölkə arasındakı münasibətlərə xələl gətirilməyəcək səviyyədə aparılmalıdır. Bu məsələdə qapalı müzakirələrin intensivləşməsinə ehtiyac var”.

Nərgiz LİFTİYEVA



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR