İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna üçün qalibiyyət tarixi açıqlandı - İlginc proqnoz, Şoyqunun qələbəyə inamsızlığı

961 16.09.2023 08:13 Siyasət A A

“Ukrayna Rusiyanı 2024 və ya 2025-ci ildə məğlub edə bilər. Hazırkı əks-hücum çərçivəsində rus ordusunu tutduğu ərazilərdən tamamilə çıxarmaq çətin ki, mümkün olsun”.

Bu barədə Britaniyanın istefada olan generalı Riçard Barronsun “Financial Times” qəzetinə açıqlamasında deyilir.

“Ukraynanın hazırkı əks-hücum əməliyyatı Rusiyanı çıxdaş etməyəcək - heç kim bunu gözləmirdi də. Qışa qədər Rusiyanın zəbt etdiyi torpaqların sahəsini yarıyadək azaltmağın mümkünlüyü də çətin ki, ən optimist məqsədlərdən biri olsun”, - materialda bildirilir.

Barrons vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri çox güman ki, ölkənin cənubunda Rusiya müdafiəsinin üç xəttindən birincisini keçib. Onun fikrincə, bu, ən çətin hərbi əməliyyatlardan birinə çevrilib.

“Rusiya qüvvələri səpələnib, tükənib və heç bir ehtiyatı yoxdur, lakin təslim olmasalar, hələ çox vaxt keçəcək”, - general qeyd edib.

Generalın sözlərinə görə, Ukrayna hələ də hava hücumundan müdafiə və minalardan təmizləmə avadanlıqlarına ehtiyac duyur və sursat təchizatı problemi yalnız müvəqqəti həll olunub. Onun fikrincə, bütün bunların qaydaya salınması səbəbilə müharibəni ən azı gələn ilə qədər təxirə salacaq.

Barrons hesab edir ki, Rusiyanı məğlub etmək üçün müvafiq vasitələr mövcud olmayana qədər Kiyevin döyüş meydanında əhəmiyyətli uğur əldə etməkdə israr etməsinə ehtiyac yoxdur: “İkincisi, soyuq dövrdə ”qopar və saxla" prinsipinə əməl etmək daha yaxşıdır (itkiləri azaltmaq üçün qısa müddətdə təşviq); üçüncüsü, Ukrayna diqqətini əks-batareya döyüşünə yönəltməli və Rusiyanın hərbi imkanlarını məhv etməli, öz hüdudlarından kənarda ona zərbə vurmaq üçün “cəsarət və ixtiraçılıqdan” istifadə etməlidir; dördüncüsü, taxıl ixracını bərpa etmək üçün Rusiyanın Qara dəniz donanması zərərsizləşdirilməlidir (Bu prosesə başlanılıb - red.)"

Britaniyalı generalın ehtimalına görə, 2024-cü ilin ortalarında Qərb Kiyevə sursat tədarükünü gücləndirməyə başlayacaq və bu, Ukrayna Silahlı Qüvvələrinin hücum imkanlarında dönüş nöqtəsi olacaq.

Maraqlıdır ki, bu arada Rusiya müdafiə naziri Sergey Şoyqu ölkəsinin Ukraynada mümkün hərbi qələbəsinə dolaysıyla şübhə ifadə edib. Belə ki, rusiyalı telejurnalistin “...və Rusiya müharibədə qalib gələcək” dəqiqləşdirici sualına hərbi nazir əllərini yana açmaqla, yəni qeyri-müəyyən cavab verib.

Dünyanı tolerantlığa səsləyən Qərbin dini dözümsüzlüyü...

Kənan Rövşənoğlu: “Həm Rusiya, həm də Qərb bir-birinin ”yorulacağı” günü gözləyir”

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu hesab edir ki, bu müharibədə Rusiya və Qərb cəbhələri bir-birinin yorulmasını gözləyir: “Ukrayna müharibəsi ağır, yorucu müharibəyə çevrildi. Rusiyanın ilk hücum əməliyyatınin uğursuzluğundan sonra dayanması, üstəlik Ukrayna ətrafına topladığı ordunu hücumda istifadə etməməsi, nəhayət, Ukrayna ordusunun yaydan başlayan əks-hücum əməliyyatının uğursuz olması, ya da belə desək gözlənilən qədər effektiv olmaması belə deməyə əsas verir ki, müharibə uzanacaq. Hazırkı şəraitdə təklif olunan atəşkəs heç bir tərəfi qane etmir. Buna görə də müharibənin indiki şərtlərdə şəraitdə dayanması və ya tərəflərdən birinin qəti qələbə qazanıb müharibəni bitirməsi mümkün deyil. Bu səbəbdən də ekspertlər savaşın uzanacağını ehtimal edir.

Qərbdən silahların gəlməsi cəbhədə çətin ki, əsaslı dönüş yaratsın. Əksinə, bu silahlar gəldikdə müharibə daha da şiddətlənəcək və amansız xarakter alacaq. Yəni yeni silah gələcək, Ukrayna ordusu bu silahlarla Rusiyaya qalib gələcək demək təcrübəsizlik olar. Bu müharibə tərəflərdən birinin resurslarının tükənməsi, yaxud da siyasi sabitliyin pozulmasi nəticəsində dayanacaq. Hazırda bu olmadığı üçün müharibənin dayanacağını demək çətindir. Mənə elə gəlir ki, hər iki tərəf, yəni həm Rusiya, həm də Qərb bir-birinin “yorulacağı” günü gözləyir".

Jurnalist Səxavət Məmməd həbs edildi

Səxavət Məmməd: “Ukrayna əhalisi bu vəziyyətə nə qədər dözəcək, onu bilmək olmaz”

Hərbi ekspert Səxavət Məmməd bu savaşın gələn ilə keçəcəyini proqnozlaşdırır: “Rusiya-Ukrayna müharibəsi sürünən fazada davam edir. Açığı nə Rusiyanın, nə də Ukraynanın xüsusi dönüş edəcəyi gözlənilmirdi. Ukraynanın demək olar ki, hücum silahları, Rusiyanın da niyyətində irəliləmə yox idi. Rusiya 4-5 eşelon müdafiə xətləri çəkib, bütün ərazini minalayıb, Ukrayna ordusunun hərəkətini gözləyirdi, Ukrayna isə əlində hücum vasitələrinin azlığından yalnız mobil qruplarla yarma əməliyyatları həyata keçirirdi. Beləcə, bu yayı hər iki tərəfin orduları yola verdilər. İlin yekunlaşmasına bir neçə ay qalmağına baxmayaraq Rusiya-Ukrayna müharibəsinin 2024-cü ilə keçəcəyini deyə bilərik.

Qeyri-adi hal baş verməsə, tərəflər masaya oturmasa, 2024-cü ildə də buna bənzər müharibənin davam edəcəyini görəcəyik. Qış aylarında Rusiya ordusu Ukrayna ordusuna nəzərən daha aktiv döyüşlər keçirə bilir. Bunu Baxmutun işğal edilməsində də görmüşdük. İnformasiya var ki, Rusiya təlimdən çıxmış böyük qüvvəni hələ döyüş meydanına atmır. Hesab edirəm ki, Ukraynaya ehtiyac duyduğu silahlar verilməsə, Rusiya passiv döyüşlərdən aktiv döyüşlər keçirməyə başlaya bilər. Cari ilin əvvəlindən Ukraynanın böyük əks-hücum əməliyyatlarına başlayacağı deyilirdi. Bunun üçün ən uyğun variant yay dönəmi idi. İndi anlayırıq ki, bu ya blef imiş, ya da Ukraynaya vəd edilən heç bir vasitə verilməyib. Qərb ölkələri də Ukraynaya silah-sursat verməkdə çəkingən davranırlar.

Bu cür müharibələrin sonu olmur. Qərb ölkələri Ukraynaya lazım olan silahları verməsə, Rusiya da çıxdığı hədlərdə dayanmaqda qərarlı olsa, bu müharibə uzun illər davam edə bilər. Müharibənin bu qədər uzanması Ukrayna daxilində problemlərə yol aça bilər. Nəzərə almalıyıq ki, döyüşlər Ukrayna ərazisində gedir, Rusiya ərazisində yox. Tətbiq edilən sanksiyalara baxmayaraq Rusiyada iqtidarı laxladan proseslər baş vermədi. Ancaq Ukrayna əhalisi bu cür vəziyyətə nə qədər dözüm gətirəcək, onu bilmək olmaz. Hesab edirəm ki, vaxt keçdikcə Zelenski bunu da düşünməli olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR