İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukrayna dairəsi”ndə tikilən piyada keçidi tənqid olunur

4524 29.08.2019 11:00 Reportaj A A

Anar Nəcəfli: “Türkiyədə və digər xarici ölkələrdə də piyada keçidlərində eskalator olmur”

“Ukrayna dairəsi”ndə böyük yerüstü piyada keçidi tikilir. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən həyata keçirilən tikintinin artıq xeyli hissəsi tamamlanıb. Yerüstü keçidin pilləkənləri betondandır və 5-6 metr hündürlüyə qalxıb. “Yeni Müsavat”a şikayət edən sakinlər bildirirlər ki, pilləkənlər olduqca narahat tikilir və heç bir eskalator yeri quraşdırılmayıb. Xüsusilə yaşlı, əlilliyi olan şəxslərin oradan istifadəsi çətinlik yaradacaq. 

Məsələ ilə bağlı daha dəqiq məlumat əldə etmək üçün biz də ərazidə olduq. Müşahidə etdik ki, artıq yolun hər iki tərəfində pilləkənlərin tikintisi demək olar ki, başa çatıb. Pilləkənlər hasara alınsa da, yolda avtomobillərin hərəkəti məhdudlaşdırılmayıb.

Məlumat üçün onu da bildirək ki,  metronun “Əhmədli” stansiyasından “Həzi Aslanov” metro stansiyasına kimi uzanan küçə ümumilikdə Bakının bir çox istiqamətlərinə hərəkət baxımından əlverişli sayılır. Ərazidəki “Ukrayna dairəsi” beş müxtəlif istiqamətdən gələn yolların kəsişmə nöqtəsidir.

Məhz bu səbəbdən də Bakı Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi ərazidə genişmiqiyaslı bərpa, təmir-tikinti işləri aparıb. Yollar tam asfaltlanıb, piyada yolları və yeraltı kommunikasiya xətləri yenilənib, gecə nəqliyyatın təhlükəsiz hərəkəti üçün yolayrıcı zolaqda yeni işıq dirəkləri quraşdırılıb.

Anar Nəcəfli: ile ilgili görsel sonucu

Bütün bunların fonunda yerüstü piyada keçidi də inşa edilir. Hazırda insanlar zolaqlı piyada keçidindən istifadə edərək, yolu keçirlər. Sakinlərlə söhbətimiz zamanı onlar bildirdilər ki, zolaqlı piyada keçidindən istifadə etmək onlar üçün də təhlükəlidir:

“Ərazinin bir tərəfi restoran, digər tərəfi isə parkdır. Yəni axşam saatlarında yolun hər iki tərəfinə keçənlərin sayı çox olur. Ona görə də burada yerüstü piyada keçidinin inşa olunması yerində olan addımdır”.

Sakinləri narahat edən odur ki, yolüstü piyada keçidi çox hündür olduğu üçün yaşlılar, uşaqlar əziyyət çəkəcəklər. Məsələ ilə bağlı münasibət öyrənmək üçün “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. A. Nəcəfli “Yeni Müsavat”a bildirdi ki, yerüstü piyada keçidində hər hansı bir eskalator, lift və ya digər buna bənzər avadanlıq quraşdırılmayacaq: “Sadəcə olaraq, bu yerüstü piyada keçidində fiziki məhdudiyyətli insanların hərəkəti nəzərdə tutulub. Onların hərəkəti üçün lazımi tədbirlər görüləcək. Digər insanlarla bağlı isə hansısa avadanlıqlar olmayacaq. Piyada keçidlərində beynəlxalq təcrübədə belədir ki, hansısa eskalator, lift quraşdırılmır. Bizdə də elə olacaq. Sadəcə olaraq, normal pilləkənlər tikilir. İnsanların bu pilləkənlərdən istifadə etmələri həm də onların sağlamlıqları üçün əlverişlidir. Bir məlumatı da verim ki,  Məhəmməd Hadi küçəsi, Neapol dairəsi və Neapol küçəsi yenidən qurulub. Hazırda isə Mehmandarov prospektində yenidənqurma işləri aparılır. Bu işlərin içərisində kompleks tədbirlər görülür. Yəni bir küçə təmir edilir, digər küçə də ona birləşdirilir. ”Ukrayna dairəsi" ərazisində də insanlar yolu sağa-sola keçirdilər. Bu, onların həyatı üçün təhlükəli idi. Ona görə də görülən işlər çərçivəsində ərazidə yerüstü piyada keçidinin də inşası həyata keçirilir. Türkiyədə və digər xarici ölkələrdə də piyada keçidlərində eskalator və digər bu kimi avadanlıqlar olmur. Bakıda xeyli əhali beşmərtəbəli binalarda yaşayır. Həmin binalarda lift yoxdur, hər kəs bu pilləkənləri qalxıb düşə bilir. Piyada keçidinə gəldikdə isə şikayətlənirlər. Sadəcə olaraq, bu, həm də bir idmandır. Eyni zamanda qeyd etdiyim kimi, beynəlxalq standartlarda da belə hallar yoxdur".

Əli RAİS,
“Yeni Müsavat”
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR