İnsanlara hürriyət, millətlərə istiqlal!

Uduzan idmançının hiddəti

1237 20.09.2019 10:10 Yazarlar A A

Hacının güləşinin son dəqiqəsinə təkrar-təkrar baxdım, əsas qənaətim budur ki, Hacı rəqibindən güclüydü. Düzdür, onun rəqibi Hacımurad da zəif oğlan deyildi, yaxşı müqavimət göstərirdi, Hacının əlindən sivişib çıxır, tutduq vermirdi. Güləş 1 dəqiqə də artıq davam eləsə, Hacı onu tatamidə sürüyəcəkdi.

Amma o son epizoda gərək neytral hakimlər qərar versin, biz güləşdəki qaydaların incəliklərini bilmədiyimizdən birmənalı şəkildə “Hacı uduzduruldu” deyə bilmərik. Mənə görə, bəli, qələbə onun haqqıydı, iki il əvvəl Hacı məhz bu rəqibini məğlub edib qızıl medal alıb, indi də ondan daha çevik, daha güclü, daha fəndgir olduğu ortadaydı. Amma ola bilər, son saniyədə rəqib nəsə bir əks-fənd işlədib.

Tərəfsiz və ədalətli arbitrlər özümüzdə də var və onlar deməlidirlər ki, nəyə görə, hansı prinsipə əsasən Hacı qələbəni əldən verib.

Onun yarışın axırında o cür hiddətlənməsini, emosional şəkildə etiraz etməsini anlamaq olar. Çünki adam hesabda irəliydi, növbəti mərhələyə çıxmaqdan onu 7-8 saniyə vaxt ayırırdı, amma hakimlər onun xalını sildilər, rəqibə xal yazdılar və o, emosiyalarını cilovlaya bilmədi, referinin yanına gəlmədi, hakimlərin önündəki qırmızı hacəti götürüb tatamiyə çırpdı, onların üstünə bağırdı və sair hərəkətlər etdi.

İdman şərhçiləri bu cür hərəkətləri “idmançıya yaraşmayan hərəkətlər” adlandırırlar. Amma bu boş sözdür. Uduzdurulan adam həmişə hirsli olur. O vaxt İranda prezident seçkisində Mirhüseyn Musəvini zorla Mahmud Əhmədinejada uduzdurdular, o da “siyasətçiyə yaraşmayan hərəkətlər” etdi, xalqı etiraza çağırdı, ölkədə qanqaraçılıq oldu.

Hakimlər tərəfindən uduzdurulan idmançılar bəzən referini salıb şillə-şapalağın altına. Düzdür, belə hirsi idmançılar sonradan cəzalandırılırlar, üzr də istəyirlər, amma isti-isti, uduzdurulmalarının ilk saniyələrində dünya-aləm veclərinə olmur, gələcək karyeranı-filanı gözə almırlar.

Hacı da gərək özünü saxlayaydı, deyəydi, eybi yox, adaş, biz bu tatamidə hələ yenə görüşəcəyik, onda baxarıq, kim güclüdür. Eyni çəki dərəcəsində yarışan iki güclü idmançı vaxtaşırı müxtəlif yarışlarda (dünya çempionatında, olimpiya oyunlarında, Avropa birinciliyində və s.) üz-üzə gəlir, ya yarımfinalda, ya da finalda mütləq qarşılaşırlar. Hacı gərək revanş söhbətini növbəti yarışa saxlayaydı.

İndi sizin üçün bir olmuş hadisə yazacam. Bunu uzun illər öncə bir dəfə də yazmışam. Yenə yeri gəlib və hakim haqsızlığının, uduzmuş idmançının hiddətinin mahiyyətini yaxşı açır.

İkinci erməni-azərbaycanlı davası düşməzdən 3-4 ay qabaq bizim kənddən 3-4 briqadir, bir o qədər də fəhlə 3 yük maşınıyla qonşu Hadrut rayonunun dağ kəndinə üzüm plantasiyasında istifadə olunan beton dirək gətirməyə gedirlər. Plantasiyalar dəmyə yerdə olduğu üçün bar vermirmiş və ermənilər üzümlüklərini demontaj edirmişlər. Kəndçilərimiz kəndə çatırlar, dükanın qabağında durub erməni anbardarı və briqadirləri gözləyirlər. Birdən bir gənc erməni idman kostyumunda təşər-təşər yeriyə-yeriyə dükana gəlir, nəsə alır, sonra bizimkilərin yanına yanaşır. Kəndçimiz Qulu dayı (ona Uzun Qulu deyərdilər, çünki boyu 2 metrə yaxın idi) erməni dığasından soruşur ki, sportmensənmi, a gədə. O da deyir, hə, güləşçiyəm. Qulu kişi qaynaqçı Pəhlivanı göstərib deyir, bu da bizim pəhlivandır, onunla güləşərsənmi. Erməni 160 sm boyu olan Pəhlivana baxır, deyir, güləşərəm. Pəhlivan yalnız uşaq vaxtı tay-tuşları ilə güləşmiş olsa da, deyir, davay, gəl otluğa. Erməni qolunu çırmalayıb güləşməyə hazır vəziyyət alan kimi Pəhlivan bunun üstünə atılır. Gözlənilməz həmlədən idmançı özünü itirir, paçanı əldən verir, Pəhlivan onu süpürləyir. Duruma arbitr kimi müdaxilə edən Qulu dayı iri əlləri ilə Pəhlivana bir balaca kömək edir və idmançı erməninin kürəyi yerə dəyir. Pəhlivan qızıl medal qazanmış idmançılar kimi qələbə şousu göstərərkən, erməni idmançı ayağa qalxır, deyir, bu düz olmadı, təzədən güləşməliyik və heç kim yaxın gəlməməlidir. Qulu dayı deyir, yox, məsələ bitdi, Pəhlivan səni yıxdı, sən də özünü saxlaya bilmədin, hələ qaz da buraxdın. Erməni idmançı sağdan cumur, soldan cumur, Qulu dayı Pəhlivanı qoruyur. Onlar maşına oturub dirək yükləməyə gedəndə görürlər ki, erməni idmançı dükanın qabağında oturub ağlayır, başına yığılanlara da deyir ki, o uzun kişi musurman pəhlivana kömək elədi və qaz buraxmaq söhbəti olmadı, yalan deyirlər.

Bax, uduzdurulmaq bu cür kədərli, həm də acıverici hissdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR