İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜDM artıb, neft, kartof, taxıl istehsalı isə... - 6 ayın yekunu

665 17.07.2024 11:14 İqtisadiyyat A A

Yarım ilin iqtisadi göstəriciləri statistik rəqəmlərin dili ilə

Azərbaycan Dövlət Statistika Komitəsi bu ilin birinci yarısının makroiqtisadi göstəricilərini açıqlayıb. Komitənin məlumatlarından aydın olur ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il iqtisadiyyatda canlanma müşahidə olunub: ölkədə ÜDM 4,3 faiz artıb. Bu da əsasən qeyri-neft-qaz sektoru hesabına əldə edilib. 

Ötən il ölkədə tikinti materiallarının istehsalı da xeyli - 35,7 faiz artıb. Bunu Qarabağda bərpa və yenidənqurma işləri ilə bağlı tikinti inşaat materiallarına tələbatın kəskin artması ilə izah etmək olar. Tikinti materialları ilə yanaşı, əczaçılıq, metallurgiya sənayesi, mebel, rezin və plastik məmulatların istehsalında da artım olub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artıb. Energetika Nazirliyinin məlumatına görə, 6 ay ərzində ölkədə 25,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,5 milyard kubmetri AÇG-dən, 14 milyard kubmetri “Şahdəniz”dən, 0,8 milyard kubmetri Abşerondan, 3,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 1 milyard kubmetr, yəni 4,3 faiz artım qeydə alınıb.

Hesabat dövründə xaricə qaz satışı təxminən 12,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə təqribən 5 milyard kubmetr, Avropaya təqribən 6,4 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz satılıb. 

2024-cü ilin yanvar-iyun ayları ərzində ölkədə təxminən 14,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bunun 8,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) Abşeron yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,8 milyon ton təşkil edib.

Eyni dövrdə təxminən 11,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 10,3 milyon tonu konsorsiumun, 1,6 milyon tonu isə SOCAR-ın payına düşür.

Cari ilin yanvar-iyun aylarında ölkədə neftin emalı 3,2 milyon ton təşkil edib.

2024-cü ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6019,7 milyon manat təşkil edib ki, onun da 3138,7 milyon manatı heyvandarlıq, 2881,0 milyon manatı bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,3 faiz artıb. Bu artım tamamən heyvandarlıq sahəsinin hesabına baş verib. Belə ki, altı ayda heyvandarlıq məhsulları istehsalı 2,1 faiz artıb, bitkiçilik məhsulları istehsalı isə 1,4 faiz azalıb.

Konkret məhsullar üzrə istehsala baxsaq, ilin birinci yarısında 1 milyon 967 min tona yaxın dənli və paxlalı bitkilər yığılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz azdır. Kartof istehsalı da azalıb. İlin birinci yarısında 358 min tona yaxın kartof yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz azdır. Meyvə və giləmeyvə yığımı 8,4 faiz, bostan bitkilərinin yığımı 14,4 faiz artıb.

2024-cü il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3027 vahid istixana fəaliyyət göstərib. Yanvar-iyun aylarında yetişdirilən əsas məhsullardan olan pomidor istehsalı 171,2 min ton, xiyar istehsalı 7,3 min ton olub.

2024-cü ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 290,3 min ton ət, 1134,1 min ton süd, 1189,1 milyon ədəd yumurta, 13,8 min ton yun, 239,5 ton barama istehsal olunub, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7 faiz, süd istehsalı 1,0 faiz, yumurta istehsalı 7,4 faiz artıb, yun istehsalı 1,6 faiz, barama istehsalı 32,8 faiz azalıb.

2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 7 milyard 984,8 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çox investisiya yönəldilib. Bu dövrdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 4,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 12,6 faiz artıb. 

Altı ayda Azərbaycanın dövlət büdcəsinin gəlirləri 18 milyard 842,9 milyon manat, xərcləri isə 16 milyard 52,1 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 21,7 faiz və 14,1 faiz çoxdur. Beləliklə, ilin birinci yarısında büdcədə 2 milyard 790,8 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 97 faiz çoxdur.

Rəsmi statistikaya əsasən, cari il iyunun 1-i vəziyyətinə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 749,4 min nəfər olub. Bunlardan 893,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 856,3 min nəfəri qeyri-dövlət sektorunda çalışıb.  İqtisadiyyatın neft-qaz sektorunda işləyənlərin sayı 31,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 717,5 min nəfər olub. Ötən bir il ərzində dövlət sektorunda işçi sayı 5,5 min nəfər azalıb, özəl sektorda isə 28,6 min nəfər artıb.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 13 milyard 557,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Energetika Nazirliyi bildirir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 350,50 milyon kVt/saat və ya 2,52 faiz azdır.

Xatırladaq ki, 2023-cü ilin yanvar-iyun aylarında ölkədə elektrik enerjisinin istehsalı 13 milyard 907,9 milyon kVt/saat təşkil edib.

Birinci yarımildə istilik elektrik stansiyaları üzrə 11 milyard 525 mlyon kVt/saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 950,7 milyon kVt/saat artımla 2 milyard 032,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Beləliklə, bu dövrdə elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 15  faizə yüksəlib.

İqtisadçı-alim Vüqar Bayramovun sözlərinə görə, ölkədə bərpa olunan mənbələrdən enerji istehsalının artması müsbət amildir: “Azərbaycanda günəş enerjisi istehsalı rekord səviyyədə artıb. Belə ki, bu ilin ilk yarısında günəş enerjisi istehsalı 9 dəfə artaraq 32,3 milyon kVt/saatdan 286,6 milyon kVt/saata çatıb. COP29-a ev sahibliyi edəcək Azərbaycanda bərpa olunan mənbələrdən enerji istehsalının artırılması regionda yaşıl enerji zonasının genişlənməsinə dəstəkdir. Bu, ölkəmizin iqlim dəyişikliyi və ətraf mühitin qorunması, eləcə də yaşıl iqtisadiyyatın güclənməsi ilə bağlı qlobal və regional hədəflərə töhfəsidir”.

İqtisadçı-alim bildirir ki, inkişaf etmiş ölkələrdə icmalar və eləcə də ailələr bərpa olunan enerji mənbələrdən, o cümlədən külək və günəş şüalarından enerji istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar: “Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu, həm də enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı enerji xəclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir.

Qeyd edək ki, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 Mvt dəyərləndirilir. Bunun 23000 Mvt-ı günəş, 3000 Mvt-I isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar, bütün ölkə ərazisində istehsalın təşkili mümkündür. Külək enerjisi üçün isə Bakı şəhəri, Abşeron və Xızı rayonları daha əlverişli hesab olunurlar".

Onu da qeyd edək ki, qaz hasilatı və ixracı artsa da, neft hasilatı və ixracının azalması ölkənin əldə etdiyi gəlirlərin də azalmasına gətirib çıxarır. Dövlət Neft Fondundan “Yeni Müsavat”a verilən məlumata görə, bu ilin birinci yarısında AÇG yatağından - fonda 3 milyard 5,3 milyon ABŞ dolları gəlir daxil olub. Bu göstərici ötən ilin eyni dövründə 3 milyard 348 milyon dollara bərabər olmuşdu. Beləliklə, Neft Fonduna AÇG-dən daxilolmalar 10,2 faiz azalıb.

İlin birinci yarısında Şahdəniz yatağından qaz və kondensat fonda 244,069 milyon ABŞ dolları təşkil edib. Bunun 60,784 milyon ABŞ dolları Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunub. Ötən ilin eyni dövründə Şahdənizdən fonda 1 002 milyon ABŞ dolları daxil olduğunu nəzərə alsaq, bu göstəricinin cari ildə 75 faizə yaxın azaldığını görərik.

Azərbaycanda makroiqtisadi göstəricilərə təsir edən əsas faktor neftin dünya bazar qiymətləridir. Əksər beynəlxalq analitik mərkəzlərə görə, cari ilin sonunadək bu qiymətlər 80 dolların üzərində olacaq. Azərbaycanda dövlət büdcəsinin neftin 75 dollar qiyməti ilə yenidən hesablandığını nəzərə alsaq, ilin sonunadək büdcənin icrasında ciddi problemin yaranmayacağının daha gözlənilən olduğunu söyləyə bilərik. Neft bazarındakı əlverişli qiymət şərtləri Azərbaycanda iqtisadi artımın da hökumətin hədəf gözləntisi olan 3,8 faizin reallaşması ehtimalını artırır.

Dünya SAKİT,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR