İnsanlara hürriyət, millətlərə istiqlal!

UCUZ ƏTİN ŞORBASI, UCUZ HİTİN...

1850 20.07.2009 08:18 Mədəniyyət A A

Bu əhvalat Bakının xudmani audio-video disklərin kirayəsi mağazalarından birində cərəyan edib. Şəhərimizdə bu cür mağazaların sayı son dövrlər azalsa da, keyfiyyətli diskdə filmə baxmaq, musiqi dinləmək ehtiyacı artıb. Bu gün Azərbaycan televiziyalarında az-az göstərilən ən yeni xarici filmləri əhali ya kirayə götürür, ya da alır. Zövqlər müxtəlif olduğu qədər, bu mağazalarda təqdim olunan DVD disklər və audio-disklərin də çeşidi müxtəlifdir.
Bundan irəli gələrək çalışdıq ki, video və audio disklərin kirayəsini təqdim edən və satış  həyata keçirən mağazalarda araşdırma aparaq. Maraqlıdır, onlara standartlara, keyfiyyət parametrlərinə cavab verən malların satışı ilə məşğul olmağa nə mane olur? Piratlara hansı səbəbdən dəstək verir və ya özləri pirata çevrilirlər?

Mağazalar daha çox toy kasetlərinin montajından qazanır

Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən kirayə mağazasının adını çəkmək istəməyən satıcısının dediyinə görə, kirayədə rekordları sındıran seriallardır: “Yeni filmlərə maraq azdır. Ona görə kirayəni yalnız tanışlara, dostlara veririk. Kirayə bizə sərf etmir, ona görə  satışa üstünlük veririk. Audiodisklərə gələndə onların kirayəsi sıfırdır”.
Kirayə xidmətinin məhdud səviyyədə olmasını mağaza sahibi insanların məsuliyyətsizliyi ilə izah edir: “O diskləri ona görə kirayə vermirik ki, insanlar onu cızır, xarab  edirlər. Sonradan  onları sata bilmirik. Bu isə bizə sərf etmir. Diskləri necə əldə etdiyimiz barədə heç nə deyə bilmərəm. İş prinsipini açıqlaya bilmərik. Qanunsuz heç kim fəaliyyət göstərə bilməz”.
Müsahibimiz qiymət və keyfiyyət standartları ilə bağlı sualımızı da birmənalı qarşılamadı. Sadəcə, 2 manatlıq disklər almadığını deməklə kifayətləndi. Amma öyrəndik ki, toyların montajı onlarçün ən sərfəli gəlir və aktiv sahədir: “Toy yiyəsi restoranla danışır, bəyənməyəndə gəlib yenidən montaj edirlər. Toylarımızın hamısı eyni formada yığılır. Montaja konkret qiymət verilmir. Ən çox kasetdən kasetə, kasetdən diskə köçürülür. Saatı 1 manatdan 3 manata qədər kasetdən diskə köçürürük”.

“15 yaşlı uşaq gülməli, yaşlı insanlar isə ağlamalı film istəyir”

Füzuli küçəsindəki ABC mağazasının satıcısı Cavid Nəsrəliyev disklərin keyfiyyət göstəricilərini üstün tutduqlarını deyir: “Disklər Rusiyadan gəlir. Keyfiyyətli disklər bir az gec gəlir. Filmdən asılıdır. Bəzi disklər bizim səsyazma studiyasında yazılır. Bunlar 3 manata başa gəlir. Orijinal deyəndə Rusiyada yazılmış disklər nəzərdə tutulur. Onlar keyfiyyətcə fərqlənmir. Yalnız diskin üzərində ətraflı məlumat olur”.
Onun sözlərinə görə, alıcıların tələbatına uyğun DVD və audio disklər kataloqlara yığılır: “Məsələn, Hollivudda çıxan yeni filmlərə o qədər də tələbat yoxdur.  Tutaq ki, 15 yaşlı uşaq ya qorxulu, ya da gülməli filmlər istəyir. Daha yaşlı insanlar melodramalar, həyati filmləri sevirlər. Filmlər illərə və mövzuya görə kataloqlara ayrılır. 15-20 yaş arası əsasən rok musiqiyə meyillidirlər. Audiodisklərin də qiyməti eynidir. Onların orijinal variantları 6-12 manat arası satılır”.
Maraqlıdır, görəsən, metro stansiyalarının yaxınlığında və  içində pərakəndə satılan disklərlə mağazada satılan disklərin fərqi varmı? Müsahibimin sözlərinə görə, metronun keçidində satılan disklər əsasən yığma olur: “1 diskdə 10 kino olur. 10 kinodan 8-i kinozalda yazılandır. Onlara sərf edir. Amma orda yüksək keyfiyyət olmur”.
Cavid deyir ki, yüksək keyfiyyət deyərkən, ilk növbədə təmiz səs, təmiz görüntü nəzərdə tutulur: “Bundan başqa, gərək filmdə aktyorları fərqli insanlar səsləndirsin. Dublyaj tərcüməsi ən yaxşıdır. Əgər fonda ingilis səsi də eşidilirsə, yaxşı sayılır”.
Söhbət zamanı öyrənirik ki, televiziyalar da bu studiyalarla əməkdaşlıq edir: “Onların nümayəndələri ayda 1-2 dəfə gəlib video disk alırlar. Televiziyalarda bədii filmlərin tərcüməsi normal deyil. Nə gəldi, dublyaj edirlər. Multfilmlərin dublyajı bərbad vəziyyətdədir. Bizdən gəlib ingilis dilində diskləri alırlar”. Onun sözlərinə görə, alıcılar köhnə filmlərə meyillidirlər: “Xaç atası” filmi çox böyük maraq doğurur. Gənclər əsasən blokbaster və döyüş səhnələri olan filmləri sevirlər".

“Diskin ömrü onu necə saxlamaqdan asılıdır”

Kirayə mağazalarında disklərin keyfiyyətinin pis olduğunu deyən müsahibim 1 diskin necə başa gəldiyini aydınlaşdırdı: “Disklər 1-3 ilədək yararlı olur. Hər şey DVD  pleyerdən  asılıdır. Nə qədər keyfiyyətlidirsə, o qədər uzun işləyir. Alıcılar var ki, onlara televizora baxıb keyfiyyəti göstəririk. Bizim alıcılar sifariş edirlər. Mən də deyirəm ki, 1 həftəyə gəlib ala bilərsiniz”. Cavidin sözlərinə görə, xarab diskləri tullayırlar: “Amma heç vaxt piratlarla əməkdaşlıq etməmişik. Disk xarab çıxanda alıcı gətirib qaytarır. Biz isə heç bir halda diski aldığımız yerə geri qaytarmırıq. Bəziləri var ki, illərlə satılmasa da, mağazada qalır”.
Başqa bir kirayə mağazasında isə satıcı Arif  disklərin gəlib mağazaya çatma mərhələlərindən xəbərdar olmadığını dedi: “Hansı sevilir, hansına tələbat varsa, onu gətirib satırıq. Daha çox sevilən diskləri kirayə veririk. Hər adam alıb saxlamaq istəmir. Bir dəfə alıb baxırlar. Disklərin kirayə qiyməti 30 qəpikdən 1 manata qədərdir. Uşaqlar oyunları sevir, evdə xanımlar seriallara baxır. Kontingent müxtəlifdir. Müştərilər arasında yaşlı adamlar azdır”. Müsahibimizin sözlərinə görə, daha çox xarici müğənnilərin diskləri maraq doğurur: “Yay fəsli ilə əlaqədar insanlar şən mahnılara üstünlük verirlər. Bizim müğənnilərin audiodisklərini kirayə vermirik”. 

Müştəri keyfiyyətdən narazıdır: “Mağazalar ancaq qazanmağı düşünürlər”

Mağazanın müştərilərindən biri disklərin keyfiyyətindən razı olmadığını deyir: “Keyfiyyətindən razı deyilik. Məcbur olub filmləri alırıq. Diskin üstündə şəkillərdə səhvlər gedir. Bu, sahibkardan asılı deyil. Studiyalar keyfiyyətli işləməlidirlər. Onlar bunu düşünməlidirlər. Mağazalar ancaq qazanmağı düşünürlər. Düz də edirlər”.
Arif  1 diskin neçəyə başa gəldiyini bilmədiyini deyir: “Yerli DVD-lərin satış qiyməti 4 manata, xarici disklər 2 manatdır. Elə kinolar var ki 2-3 manata veririk. Audio-diskləri 60 qəpikdən, DVD diskləri isə 1 manatdan kirayə veririk”.

Prodüser Ülvi: “Aygün Kazımova piratlara görə heç vaxt disklərindən pul qazana bilmir”

Xalq artisti Aygün Kazımovanın prodüseri Ülvi piratların əlindən bütün qazancın mağaza sahiblərinə getdiyini deyir: “Heç vaxt Aygün Kazımova disklərindən qazana bilmir. Bu da bu biznesin Azərbaycanda normal olmamasının göstəricisidir. Müğənni yeni mahnı yazdırır. İnternet saytlarında iki gün sonra həmin mahnı artıq yüklənir”.
Onun sözlərinə görə, müğənni son albomunu xaricdən idxal edəcək: “Aygün xanım 20 illik fəaliyyəti ilə bağlı olaraq yeni albom çıxardacaq. Orada köhnə mahnılarla yanaşı, heç yerdə səsləndirilməyən mahnılar olacaq. Məcburiyyət qarşısında qalıb həmin mahnıların yaxşı versiyalarını ”raskrutka" edir. Çünki internet saytları yenə həmin mahnıları sayta qoyurlar. Amma son albom xaricdən idxal olunacaq və bu alboma müəllif hüquqları cəlb ediləcək. Müğənni bundan gəlir götürmək fikrindədir".
Ülvi səsyazma studiyalarının icazə olmadan müğənninin albomunu buraxdığını bildirdi: “”Səbuhi" studiyası tərəfindən “Yenə tək” albomu buraxılıb. Həmin alboma radioda səslənən mahnılar daxil edilib. Hətta diskin üstündə  radionun “loqo”su da var. Bu, oğurluqdur. Bizə xəbərdarlıq etmədən, digər tərəfdən müəllif hüquqları agentliyinin  də işi qənaətbəxş deyil. Piratlar pul qazanırlar. Hətta verilişdə oxuduğu mahnını, toyda oxuduğu mahnını götürüb keyfiyyətsiz yazırlar. Biz də bunu edənlərin kim olduğunu bilmirik. Bilsək, hansısa yolla mübarizə apara bilərik".

Müəllif Hüquqları Agentliyi: “Qanun qəbul ediləndə bu sahəyə nəzarət edə biləcəyik”

Müəllif Hüquqları Agentliyinin hüquq və əsərlərin qeydiyyatı şöbəsinin müdiri Xudayat Həsənli  ölkəyə audiodisklərin gətirilməsinin gömrük qanunvericiliyi ilə tənzimləndiyini deyir: “Məhsul rəsmiləşdirilir. Müəyyən edilir ki, nə qədərdir. Müəllif hüquqlarına gəldikdə, heç bir musiqi, DVD disk əsərin hüquqi sahibinin icazəsi olmadan satıla bilməz. Həyatda yoxdursa, varislər və ya etibar etdiyi insan nəzərdə tutulur. Gömrük orqanının səlahiyyəti var ki, həmin məhsulun müəllif hüquqlarının qorunub-qorunmadığını yerindəcə yoxlasın”.
Onun sözlərinə görə, səsyazma studiyalarının fəaliyyətinin lisenziyalaşdırılmasına ehtiyac yoxdur: “Səsyazma studiyaları lisenziyasız fəaliyyət sahəsinə aiddir. Ukraynada, Rusiyada lisenziyalı fəaliyyət növüdür. Nəzarət olunması üçün bizdə qanun hazırlanır”.
Bu arada müsahibimiz agentliyə edilən müraciətlər əsasında araşdırmalar aparıldığını da deyir: “Bizə müraciət edilir. Qanun qəbul ediləndə nəzarət edə biləcəyik. Məhkəmə prosedurlarının müəyyən olunması üçün qanunvericilik beynəlxalq qanunvericiliyə, yəni ”Tripis sazişi"nə (Əqli mülkiyyət hüquqlarının ticarət aspektləri haqqında) uyğun olmalıdır. Qanun həmin sazişə uyğun hazırlanıb. Hər hansı film sizə məxsusdursa, yaymaq istəyən təşkilatla müəllif arasında müqavilə imzalanmalıdır. Əgər qanunidirsə, biz onları müdafiə edirik".

“Piratlar” da ağlayır...

Mövzu və səslənən ittihamlarla bağlı səsyazma studiyalarının mövqeyini öyrənmək istəsək də, cəhdimiz baş tutmadı. “Səbuhi” studiyasında ancaq müdirlə danışa biləcəyimizi dedilər. Amma heç müdir də yerində yox idi. İnternetdə kiçik araşdırma apardıq. Məlum oldu ki, Səbayel rayon Məhkəməsi cinayət subyekti olan studiyalarda yoxlamalar keçirib. Məhkəmə iddiasını müəllif Hüquqları Agentliyinin sədr müavini Oqtay Səmədov verib. Nəticədə audio-video məhsulların qeyri-qanuni istehsalı və yayımı ilə əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi qaldırılıb.
Qeyd edək ki, Azərbaycanda audio-video məhsulların istehsalı ilə “Səbuhi”, “Böyük şahinlər”, “Melodiya”, “Nurlu sabah” studiyaları məşğul olurlar. Vergi əməkdaşları gizli səsyazma studiyaları aşkar ediblər. Digər bir məlumatda qeyd olunurdu ki, Vergilər Nazirliyi yanında vergi cinayətlərinin ibtidai araşdırılması departamenti “Böyük Şahinlər” MMC-nin rəhbəri Dostməmmədov Rahib Ayaz oğluna məxsus gizli səsyazma studiyaları aşkar ediblər. Əməliyyat nəticəsində R.Dostməmmədovun özünə məxsus mənzilində kustar üsulla audio, video-kasetlər, kompakt disklər istehsal etməsi, onları iri ticarət mərkəzlərində satdırması məlum olub. Faktla bağlı vergi cinayətlərinin ibtidai araşdırılması departamentində müvafiq qaydada araşdırmalar aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR