İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç Vazgen – “Xoşbəxt patriarx”, “60 ilin türkofobu”, “bədbəxt nazir”

823 13.01.2025 10:10 Analitika A A

Vaxtilə yadelli havadarlara güvənərək xalqımıza zülm edən, qətliamlar törədən, torpaqlarımızı işğal edib yağmalayan erməni “lider”lərin bir qrupunun hazırda Bakıda dörd divar arasında olması o anlama gəlmir ki, faciələrimizin əsas müəllifləri elə bunlardır.

Xeyr. 1988-ci ilin fevralından başlayaraq başımıza bəla olan erməni aqressiyasının müəllifləri, fəalları çoxdur, bəziləri ölüb gedib, bəziləri guşənişin olub, bir qismi də başlatdıqları hərəkatın iflasa uğradığını, xalqa faydadan çox ziyan gətirdiyini görərək qəhər-qubar içində gün sayırlar.

Xalqımıza qəvi düşmən kəsilənlərin içində adı Vazgen olan 3 nəfər də vardı: katolikos I Vazgen, Vazgen Manukyan və Vazgen Sarkisyan.

“Xoşbəxt patriarx”ın qara gələn payızı

vakat.jpg (65 KB)

I Vazgenin (1908-1994) əsl adı Levon Palçyandır. Erməni Apostol kilsəsinin patriarxı olan bu şəxs Qarabağda başlanan müharibənin fitvaçısı və “xeyir-dua” verəni olub. Ötən əsrin 80-ci illərinin ortalarında Zori Balayan erməni separatizminin ideoloji əsaslarını hazırlamışdısa, I Vazgen bu avantüranın ilk təşkilatçılığını edib, “Böyük Ermənistan” ideyasını bütün ermənilər üçün “müqəddəs vəzifə”və elan edib. Bu şəxs Stalinin ölümündən dərhal sonra erməni kilsəsinə başçılıq etməyə başlayıb, sovet dövründə dünya ermənilərini kilsə ətrafında sıx birləşdirib.

1956-cı ilin may ayının 12-də I Vazgen Moskvada SSRİ Nazirlər Sovetinin sədri Nikolay Bulqanin ilə bir saatlıq rəsmi qəbul zamanı ona Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi təklifi ilə memorandum təqdim edib.

Yəni o, Qarabağdakı erməni separatizminin baş körükçüsü olub. Elə buna görə də Ermənistan müstəqil dövlət olandan sonra Vazgen respublikanın ilk “milli qəhrəmanı” elan edilib.

2016-cı ildə “Sputnik Armeniya” saytında I Vazgen haqqında dərc olunmuş yazıda belə qeydlər var: “Xalqın katolikos sevgisinin əsas səbəbi onun irəli sürdüyü məsələlərin mahiyyəti idi. I Vazgen sırf kilsə məsələləri ilə yanaşı, ermənilərin Sovet Ermənistanına repatriasiyası, qeyri-qanuni yolla zəbt edilmiş, Azərbaycan və Gürcüstan respublikalarının tərkibinə daxil edilmiş əzəli erməni torpaqlarının Ermənistan SSR-ə birləşdirilməsi üçün ardıcıl səylərini davam etdirirdi”; “Eyni zamanda, I Vazgen o xoşbəxt patriarx idi ki, ömrünün sonunda öz əziz arzusunun - Ermənistanın müstəqilliyinin bərpası və Qarabağ müharibəsində qələbənin gerçəkləşməsinin şahidi olmuş və prosesdə iştirak etmişdi”.

Kaş o bu günləri də görəydi, əmin olaydı ki, qonşulara qarşı bu qədər məkrli, düşməncəsinə davranmağın, sülh içində yaşayan bölgəyə qan salmağın axırı necə olur. 2020-ci ilin payızında həmin qan çanağının öz xalqının başında çatladığını görən I Vazgen artıq özünü heç də xoşbəxt patriarx saymazdı.

“Dissident” Vazgenin urvatsız aqibəti

vazman.jpg (59 KB)

Bizə düşmən olan ikinci böyük Vazgen siyasət adamıdır – Vazgen Mikaeloviç Manukyan. Hazırda 79 yaşı var. O, Ermənistanın birinci baş naziri (1990-1991) olub, daha sonra 1992-1993-cü illərdə I Qarabağ müharibəsi zamanı müdafiə naziri işləyib.

V.Manukyan 1988-ci ilin fevralından Qarabağın Azərbaycandan qoparılması üzrə yaradılmış komitənin həmtəsisçisi və əlaqələndiricisi olub. Həmin ilin dekabrında komitənin digər üzvləri ilə birlikdə həbs edilib və 6 ay Moskvanın “Matrosskaya tişina” həbsxanasında yatıb. Sonra o, “Erməni milli hərəkatı”nın həmtəsisçisi və idarə heyətinin ilk sədri olub, 1990-cı ildə deputat seçilib. 1991-ci il sentyabrın 26-da Manukyan baş nazir vəzifəsindən istefa verib və Qarabağ hərəkatının digər fəal iştirakçıları ilə birlikdə “Milli demokratik birlik” partiyasını yaradıb.

Bu adam hələ Moskva Dövlət Universitetində oxuyarkən erməni millətçiliyinə “könül verib”. Gənc Vazgen o zamanlar SSRİ Xarici İşlər Nazirliyinin xarici siyasətin planlaşdırılması şöbəsinin müdiri, Sovet İttifaqının Kanadadakı keçmiş səfiri, Moskvanın siyasi dairələrində nüfuzlu şəxs olan erməni millətçisi Amo Arutyunyanın “şagird”i olub. Arutyunyanın təlimatı ilə o, 24 aprel 1967-ci ildə Türkiyənin Moskvadakı səfirliyi qarşısında aksiya təşkil edib.

Onların ünsiyyəti mitinqdən sonra da davam edib. Amo Arutyunyan Manukyana və dostlarına milli siyasətdən tutmuş dünya proseslərinə qədər siyasi və diplomatik incəlikləri öyrədib, dövlətlərin quruluşundan, daxili “mətbəxdən”, siyasi qərarların necə qəbul edilməsindən və sair mətləbərdən danışıb. Arutyunyan gəncləri məşhur ermənilərlə də tanış edib. Sovet diplomatının evi ermənilər üçün bir növ mərkəz olub. “Silva Kaputikyanla orada tanış oldum. Mən marşal Baqramyanla dəfələrlə görüşüb yaxın olmuşam. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Yakov Zarobyanla, o dövrün ən nüfuzlu simaları ilə, marşal Babacanyanla da görüşmüşəm”, – Manukyan sonradan xatırələrini dilə gətirib.

Türkiyə səfirliyinin önündə təşkil etdiyi mitinq isə Manukyana baha başa gəlib. Sovet dövlətində belə hərəkətləri bəyənmədiklərinə görə onu MDU-dan xaric ediblər, İrəvana qayıdıb. Sonrakı karyerası da bəllidir. 1988-ci ildə o, köhnə dissident kimi üzə çıxıb və müəyyən karyera qurub.

1995-ci ildən sonra gözdən iraqlarda olan Manukyan bir də II Qarabağ müharibəsindən sonra zühur etmək istədi. O zaman 44 günlük müharibədəki məğlubiyyət və üçtərəfli bəyanat Ermənistan cəmiyyətində Nikol Paşinyanın istefası tələbi ilə etiraz dalğasına səbəb olmuşdu. Parlament və parlamentdənkənar qüvvələr dekabrın 3-də Vazgen Manukyanı keçid hökumətinin başçısı vəzifəsinə vahid namizəd kimi irəli sürən “Vətənin qurtuluşu hərəkatı”nı yaratdılar. Ancaq Paşinyanın komandası dirəşdi, nəticədə Manukyan kartı urvatsız şəkildə yenidən “vuruldu”.

Vazgenlərin ən bədbəxti

vazsar.jpg (52 KB)

Vazgen adlı qatı düşmənlərimizin ən bədbəxti Vazgen Zavenoviç Sarkisyandır. O, 1991-1992 və 1995-1999-cu illərdə Ermənistanın birinci və dördüncü müdafiə naziri olub, Qarabağın işğal edilməsində, dinc əhalimizin qətliamında müstəsna rolu oynayıb. Buna görə S.Vazgenə Ermənistanın və qondarma “artsax”ın “milli qəhrəmanı” fəxri adı verilib.

Vazgen Sarkisyan 1999-cu ilin 11 iyununda Ermənistanın baş naziri təyin edilib, 4 ay yarımdan sonra, oktyabrın 27-də isə Ermənistan parlamentində törədilən terror aktı nəticəsində həlak olub. O zaman onun cəmi 40 yaşı vardı.

Vazgen Sarkisyan Ermənistanın gələcək rəhbəri hesab edilirdi. Dövlət başçısı olmaq üçün onun cəmi 1 pilləsi qalmışdı və erməni ictimaiyyəti arasındakı nüfuzu, “müharibə qəhrəmanı” kimi təbliğ edilməsi, avtobioqrafiyası onun yaxın vaxtlarda prezident seçiləcəyini texniki məsələyə çevirmişdi. Ancaq Röbert Köçaryan və Serj Sarkisyanın başçılıq etdiyi “Qarabağ klanı”nın bəxti gətirdi. Sifarişçilərinin kimliyi bu gün də məhkəmə qərarı ilə təsbit olunmamış terror aktında o, parlamentin sədri Karen Dəmirçiyan və daha 4-5 nazir, deputat Nairi Unanyan adlı terrorçunun qrupu tərəfindən güllələndilər, məsələ bitdi. Keçmiş bədən tərbiyəsi müəllimi, komsomol katibi, yazıçı, jurnalist, səhra komandiri, müdafiə naziri Vazgen prezident ola bilmədi.

Ölümündən sonra İrəvanda, Gümrüdə, Xankəndidə küçələrə, məktəblərə, hərbi hissələrə, hərbi instituta, stadiona onun adı verilib, heykəlləri qoyulub. Ona bir heykəli də Şuşada qoymuşdular. Amma 2020-ci ilin noyabr ayında Şuşa azad olunandan dərhal sonra həmin heykəlin başına tros salıb yerindən qopardılar, işğalçının Azərbaycan şəhərində heç bir nişanəsi qalmadı.

Bu üç Vazgeni birləşdirən cəhət təkcə adları deyildi, qatı millətçilik, türk düşmənçiliyi idi. Onlardan yalnız biri – Manukyan “milli ideya”larının puçluğunu gördü.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR