İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tramp verdiyi raketlərin pulunu istəyəcək" - Politoloqdan ŞOK RƏY

371 13.01.2025 11:19 Siyasət A A

"Filippin Batanes adalarında Yaponiya tərəfindən təchiz edilmiş radarların quraşdırılması məqsədilə sahil boyu müşahidə imkanlarını artırıb".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Tayvandan 200 kilometrdən az məsafədə yerləşən radarlar Filippini Tayvandan ayıran və Çinin adanı işğalı halında əhalinin təxliyə oluna biləcəyi mümkün yer olan Başi kanalının monitorinqində mühüm rol oynayacaq:

"Yaponiya 2023-cü ildə yardım proqramının bir hissəsi olaraq Filippinə beş radar sistemi göndərib. Filippin Çinlə münasibətlərdə gərginlik fonunda Yaponiyadan aldığı radarları Tayvan yaxınlığında quraşdırıb. Yaponiya Filippinlə birgə təlimlərdə də iştirakı da planlaşdırır. Filippin mübahisəli adalardan birində hərbi obyektlərini təkmilləşdirib. Bu addım Çinlə Filippin arasında Cənubi Çin dənizinə nəzarət uğrunda rəqabətdən irəli gəlir. Filippinin adadakı hava limanının gücləndirilməsi üçün büdcədən 27 milyon ABŞ dollar ayırıb.

Pekin Filippinin silahlanmasından narahatdır. Pekin Vaşinqtondan Filippində yerləşdirdiyi orta mənzilli “Typhon” raketlərinin bu ölkədən çıxarılmasını tələb edib. ABŞ bu raketləri Filippinlə birgə təlimlər üçün bu ölkədə yerləşdirmişdi. Ancaq təlimlər bitdikdən sonra raketlər geri qaytarılmayıb. Öz növbəsində Filippin ABŞ-dan əlavə raket sistemləri almağa hazırlaşır. Pekin Manilanın planlarını “təhlükəli və təxribatçı” adlandırıb. Moskva Pekinin narahatlığını bölüşdüyünü bildirib. Çinin Filippindəki səfirliyi yayımladığı açıqlamada, bu ölkədə ABŞ raketlərinin yerləşdirilməsinin bölgədə gərginliyi artıracağı barədə xəbərdarlıq edib. Buna qarşılıq olaraq ABŞ və Yaponiya Çinin Tayvan ətrafındakı hərbi təlimlərin bölgədə gərginliyi artırdığı qənaəyindədirlər. Manila Pekinin xəbərdarlığına əhəmiyyəti verməyib, əksinə Filippin hərbi komandanlığı ordunun yeni silah kompleksləri ilə təchiz olunacağı barədə açıqlama yayımlayıb. Filippinin müdafiə konsepsiyasına görə, bu ölkənin dənizlə əhatə olunan iqtisadi zonasında təhlükəsizlik tədbirləri artırılmalıdır.

Filippin ABŞ-dan əlavə olaraq orta mənzilli “Typhon” raketlərini alması üçün hərbi xərclərini artırmaq məcburiyyətində qalacaq".

Politoloq qeyd edib ki, Donald Tramp heç bir ölkəyə havayı silah və hərbi texnika verməyəcək:

"Tramp Filippinlə hərbi əməkdaşlığa o zaman maraq göstərəcək ki, Manila ABŞ-dan orta mənzilli raketlərin tam qiymətini ödəsin.

Filippin diplomatik vasitələrlə Çinlə dəniz gərginliyini müzakirə etməyə hazır olduğunu da bildirib. Bu haqda Filippinin xarici işlər naziri Enriko Manalo açıqlama verib. “Biz istənilən insident və ya mübahisələri beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həll etməyə sadiqik və bu, həmişə bizim mövqeyimiz olub” deyən nazir eyni zamanda Filippinin  hüquqları və suverenliyi məsələsində heç bir güzəştə getməyəcəklərini də sözlərinə əlavə edib. Filippinin xarici işlər naziri ABŞ-ın yeni Prezidenti Donald Trampım iki ölkə arasında münasibətlərə əhəmiyyət verəcəyinə olan ümid etdiklərini də bildirib. Filippin Prezidenti Ferdinand Markos, keçən noyabrda ABŞ-da keçirilən seçkilərdən sonra Trampı ilk təbrik edənlərdən biri olub.

Bu arada, Ağ Ev Tayvana əhəmiyyətli təhlükəsizlik yardımı göstərməklə adanın özünümüdafiə imkanlarına dəstəyini bir daha təsdiqləyib. Ağ Evdən yayımlanan açıqlamada, Amerika Birləşmiş Ştatlarının “vahid  Çin” siyasətinə sadiq qaldıqlarını bildirməklə yanaşı, Tayvanın özünümüdafiə qabiliyyətini artırmaq üçün lazım olan müdafiə silahları ilə təchiz edəcəyi vurğulanıb. Tayvanın müdafiə qabiliyyətinin artırılması da ABŞ-ın Yeni Prezidenti Donald Trampdan asılı olacaq. O heç bir ölkəyə havayı dəstək verməyəcək".

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR