İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ-nin ilk manyakı - İnsanlar uşaq qatilinin şaqqalanmasını istəyib

899 13.01.2025 12:42 Yaxın tarix A A

Ötən əsrin ortalarında “Mosqaz” ləqəbli Vladimir İonesyan bütün Moskvanı lərzəyə salıb, insanlar mənzil kommunal işçilərinə qapılarını açmağa qorxublar. Manyak təkcə iyirmi gün ərzində beş qətl törədib.

Gənc istedad

Vladimir İonesyan 1937-ci il avqustun 27-də Tiflisdə yaşayan erməni ailəsində anadan olub. Valideynlər oğulları ilə fəxr ediblər. İonesyan əvvəlcə musiqi məktəbinə, sonra isə Dövlət Tbilisi Konservatoriyasına imtahansız daxil olub.

Amma qastrol səfərləri və yaradıcılıq İonesyanı hərbi xidmətdən azad etməyib və bir gün o, sovet ordusunda xidmət üçün çağırış vərəqəsi alıb. Əsgərlikdən qaçan İonesyan müttəhimlər kürsüsünə çıxarılıb və bir il müddətinə azadlıqdan məhrum edilib. Məhkum cəzasını çəkmək üçün Qori şəhərinə göndərilib.

809b96a0-90da-45d7-a618-c3ecc4afbc24.jpg (179 KB)

İşinə və yaxşı davranışına görə məhkum qısa müddətə düşərgəni tərk etmək və şəhəri gəzmək imtiyazından istifadə edib. Amma Qori ətrafında gəzintilərinin birindən sonra İonesyan bir daha geri qayıtmayıb və evə qaçıb.

İkinci dəfə həbs edilən İonesyanın həkim yoxlanışından sonra ciddi psixi problemlərinin olduğu üzə çıxıb və o, hərbi xidmətə getməyib.

İlk qan

İonesyan ailə qurduqdan sonra Orenburqa köçüb. Orada o, gənc balerina Alevtina Dmitrievaya aşiq olub və həyat yoldaşı ilə uşağını tək qoyaraq sevgilisi ilə Moskvaya gedib. Gənc qızın diqqətini cəlb etmək üçün hətta DTK (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) işçisi olduğunu və gizli əməliyyatlarda iştirak etdiyini deyib. Lakin bu gizli əməliyyatlar evə pul gətirməyib və o, öz yalanını gizlətmək üçün oğurluq edib.

66839d9c-1848-4cd3-9389-8c20e3b5c3b1.jpg (77 KB)

1963-cü ilin dekabrında Moskvanın Sokol rayonunda yeni tikilmiş beşmərtəbəli binalara kommunal mənzillərin keçmiş sakinləri köçməyə başlayıb. 20 dekabr 1963-cü ildə Kostya Sobolev mebel almaq üçün mağazaya gedən anasına kömək etmək üçün evdə qalıb. Birdən qapının zəngi çalınıb və oğlan tərəddüd etmədən qapını açıb. Qapının kandarında dayanan şəxs özünü “Mosqaz”ın əməkdaşı kimi təqdim edib və sayğacları yoxlamaq niyyətində olduğunu deyib.

Bir saat sonra evə qayıdan uşağın anası 12 yaşlı oğlunu ölü tapıb. Qatil heç bir iz, dəlil qoymayıb. Müstəntiqlər üçün cinayətin motivi aydın olmayıb. Yəni 12 yaşlı uşağı balta ilə qətlə yetirib evdən yalnız uşaq sviteri, bir şüşə odekolon və çimərlik eynəkləri aparmaq vəhşilikdən başqa heç nə deyildi.
1963-cü il dekabrın 25-də İvanovo şəhərindən xəbər gəlib. Naməlum cinayətkar üç hücum həyata keçirib. Beşinci sinif şagirdi Mişa öz mənzilində pencək, sviter, iki qələm və bir neçə sənədə görə öldürülüb. Qonşu evdə 74 yaşlı təqaüdçü Qorelovanın 70 qəpik pulu və fənəri oğurlanıb. Həmin evdə 9-cu sinif şagirdi Qalina Petrovpavlovskaya zorlanıb və qız möcüzə nəticəsində sağ qalıb. Qalina əvvəllər 12 yaşlı uşağın ifadələri əsasında hazırlanan fotorobotun Moskva manyakı olduğunu təsdiqləyib.

Qorxulu şayiələr

8686b832-5eda-429c-b13f-e38a8c941778.jpg (110 KB)

Cinayətlərindən sonra qatilin işi hüquq-mühafizə orqanları üçün prioritet məsələyə çevrilib. İstintaqı sovet dövlətinin rəhbəri Nikita Xruşşov şəxsi nəzarətinə götürüb və o, nəticələrin mütəmadi olaraq ona bildirilməsini və iki həftə ərzində azyaşlı uşaqların qatilinin tapılmasını, həbs edilməsini və cəzalandırılmasını tələb edib.

“Mosqaz” qatili haqqında hekayə bütün paytaxta yayılıb və bir çox moskvalılar sayıq olmağa başlayıblar. Onlar qaz xidmətinin işçilərinə qapıları açmaqdan qəti şəkildə imtina ediblər. Plitələri yoxlamaq üçün onlar özləri ilə təmizləyiciləri və digər kommunal xidmətlərin nümayəndələrini gətirməli olublar. Bütün bu tədbirlər manyakın növbəti cinayət törətməsinin qarşısını almayıb.

28 dekabr 1963-cü ildə yenidən Moskvada, Leninqradski prospektindəki evdə 11 yaşlı Aleksandr Lisovetsin meyiti aşkarlanıb. Turist baltası ilə qətlə yetirilən uşaq evdə tək olub və qatildən ayaqyolunda gizlənməyə çalışsa da, bacara bilməyib. Mənzildən isə heç nə aparılmayıb. Vladimir İonesyan sonradan ifadələrinin birində deyib ki, qətl törətmək artıq ona zövq verirmiş.

Növbəti qətl Milad bayramından dərhal sonra yanvarın 8-də baş verib. Şeremetyevskaya küçəsində qurban 46 yaşlı Mariya Ermakova olub və o, özünü yenə də mənzil idarəsinin işçisi kimi təqdim edib. Qatil balta ilə qadına beş dəfə zərbə endirib. Vladimir İonesyan evdən beş iplik, üç cüt corab, içində 30 rubl olan pul kisəsi, “Mir” stolüstü saatı və “Start-3” televizorunu oğurlayıb.

3be2edb1-b964-45dd-b029-036fdfb590b6.jpg (91 KB)

Bina sakinləri qətlin baş verdiyi binadan bir nəfərin televizor apardığını milisə təsdiqləyiblər. Hətta ərazidə patrul xidməti həyata keçirən milis əməkdaşı qatili aparan yük avtomobilinin nömrəsini yada salıb və qıssa müddət ərzində nəqliyyat vasitəsi tapılıb. Sürücü manyakı düşürdüyü yeri söyləsə də, İonesyan izləri müəyyən müddətə itirə bilib. Axtarışlardan sonra yeni televizoru yarı qiymətə alan ailə milisin diqqətini çəkib. Ailə üzvlərinə əllə çəkilən foto göstərildikdə qatilin şəxsiyyəti məlum olub. Çünki alıcı qatilin tanışı olub.

Xüsusi əməliyyatla tutulan manyak edamdan əvvəl ariya oxuyub

6e63856d-092a-4143-a7aa-80d3b2adefe5.jpg (75 KB)

Müstəntiqlər artıq qatilin kim olduğunu və harada yaşadığını müəyyən ediblər. Mənzildə pusqu qurulub, lakin İonesyanın əvəzinə Alevtina Dmitriyeva saxlanılıb. Qız əməliyyatçılara DTK zabiti Vladimir İonesyanla yaşadığını və onun hazırda məxfi əməliyyatda olduğunu deyib. Araşdırmalardan sonra İonesyanın qurumda işləmədiyi məlum olub. Dmitriyeva təkadamlıq kameraya salınıb və etiraf edib ki, birgə yaşadığı şəxslə Kazanda görüşməlidir. Qadının yerinə Moskva milisinin makiyaj edilmiş əməkdaşı Kazana göndərilib.

İonesyanın saxlanmasına şəxsən Tatarıstan MSSR-in ictimai asayiş naziri Salih Yapeyev nəzarət edib. 1964-cü il yanvarın 12-də manyak heç bir çətinlik olmadan Kazan vağzalının platformasında həbs olunub. Yeri gəlmişkən, o, həbs olunanda özünü DTK mayoru kimi təqdim edib. İstintaq və məhkəmə prosesi çox tez keçib. Xruşov Moskvada qatil haqında daha çox şayiələrin gəzməsini istəməyib.

Məhkəmə prosesi dövründə şəhər sakinləri DTK-ya məktub yazaraq onun Qırmızı meydanda asılmasını və dörd hissəyə şaqqalanmasını xahiş ediblər.

dbda207b-df29-48cd-a7e6-140b477e1e71.jpg (100 KB)

Lakin məhkəmə prosesinin geniş işıqlandırılması ölkə rəhbərliyinin planlarına daxil olmayıb və uşaq qatiini tez və sakitcə ən yüksək cəzaya məhkum ediblər. 1964-cü il yanvarın 31-də Vladimir İonesyan Butırka həbsxanasında güllələnib. Məhkum İonesyanın son gününü sevimli ariyalarını oxuyaraq keçirməsi barədə şayiələr də yayılıb. Dmitriyeva isə 15 il həbs cəzasına məhkum edilsə də, səkkiz ildən sonra erkən azadlığa buraxılıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR