Qrenlandiya muxtariyyatının baş naziri Mute Egede jurnalistlərlə görüşdə rəhbərlik etdiyi adanın, bəzi iddiaların əksinə olaraq, ABŞ-nin bir hissəsi olmaq üçün deyil, müstəqillikdən ötrü səy göstərdiyini bildirib. O deyib: “Biz danimarkalı olmaq istəmirik. Biz amerikalı olmaq istəmirik. Biz qrenlandiyalı olmaq istəyirik”.
Yəni cənab Egede çox hissəsi buzlarla örtülü, çox az bir hissəsində yaşayış olan Qrenlandiyanın yerli xalqının müstəqil dövlətdə yaşamağı üstün tutduğunu bildirib. Eyni zamanda, o, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla Arktika ərazisinin gələcəyi ilə bağlı müzakirəyə hazır olduğunu da bəyan edib.
Bu da o deməkdir ki, Egede ABŞ-nin Qrenlandiyaya iddiasından adanın siyasi baxımdan Danimarkadan qopmasını təmin etmək, daha sonra necəsə Vaşinqtonla dil tapmaq fikrindədir. Başqa sözlə, Egede administrasiyası ilk başda Danumarkadan müstəqillik əldə etmək, ABŞ-nin vassalı olmağa hazırdır.
Tramp isə bu yaxınlarda keçirdiyi mətbuat konfransında növbəti dəfə deyib ki, Danimarka Qrenlandiya üzərindəki hüquqlarından imtina etməlidir, çünki ABŞ-nin adaya öz milli təhlükəsizliyi və “azad dünyanın müdafiəsi üçün” ehtiyacı var. Trampın sözlərinə görə, Çin və Rusiya gəmiləri müntəzəm olaraq Qrenlandiya ətrafında üzür və onları sahildən durbinsiz görmək mümkündür. Tramp həmçinin sosial media hesablarında adanı almağı xahiş edən qrenlandiyalıları əks etdirən video da yayımlayıb.
Əlbəttə, istənilən ölkədə yadelli işğalçılara işləyən və ya işləmək istəyən, eləcə də nəyə görəsə rəğbət bəsləyən insan qrupları tapmaq olar. Başqalarının torpaqlarına göz dikən böyük dövlətlər adətən belə qrupları asanlıqla tapır və istifadə edirlər. Ancaq bir dövlətdən qopub başqa dövlətin subyekti olmaq məsələsi bir qayda olaraq referendumla həll olunur. Hansı dövlətin tərkibində yaşamaq barədə qərarı xalq verməlidir. İkincisi, itkiyə məruz qala biləcək dövlət bu referendumun legitimliyini tanımalı və onun istənilən nəticəsini qəbul etməyə hazır olmalıdır. Üçüncüsü, torpaq və ta ərazi almağa hazırlaşan ölkənin qanunvericiləri də bunun üçün hüquqi baza hazırlamalıdır.
Trampın qırımından belə görünür ki, üçüncü amillə bağlı problem yoxdur, o, ABŞ-nin senator və konqresmenlərini bu “taleyüklü məsələ”nin həllinə razı sala bilər. Hətta birinci amili də gözardı etmək olmaz. Ola bilər, danimarkalı olmaqdan bezmiş xalq bir az da amerikalı olmağa razılıq verər. Nəticədə bu, yeni imkanlar, yeni həyatdır. ABŞ heç də onları hinduların gününə qoyub rezervuarlara doldurmaz, assimlyasiya etməz. Ancaq Danimarkanın Qrenlandiya kimi xam ərazini, böyük potensialı olan adanı itirməyə, hətta milyardlarla dollar müqabilində satmağa razılaşacağını gözləmək mümkün deyil.
Qrenlandiya Puerto-Riko deyil. Qrenlandiya yeraltı sərvətlərinə görə ayrıca materik deməkdir. ABŞ-yə Qrenlandiya lazımdır. Yoxsa budur, 120 ildən çoxdur Puerto-Riko Birləşmiş Ştatların bir hissəsidir, Vaşinqton tərəfindən idarə olunur, ərazidə ABŞ Konstitusiyasının qüvvəsi məhdud olsa da, ali hakimiyyət ABŞ Konqresinə məxsusdur, lakin bu ada ABŞ-nin 51-ci ştatına çevrilə bilmir. Ada əhalisi amerikalı olmaq istəyir, amma ABŞ-ni idarə edənlər bu ölkənin elə beləcə, vassal olaraq qalmasının tərəfdarıdırlar. Yəni ABŞ-nin əsas məqsədi heç də ərazisini genişləndirmək deyil, faydalı ərazilər əldə etməkdir.
Bəs ABŞ öz məqsədinə çatmaq üçün zor yolundan istifadə edə bilərmi? Bəzi məlumatlara görə, Danimarka səlahiyyətliləri Trampa ya Qrenlandiyanın təhlükəsizliyini gücləndirməyi, ya da adada ABŞ hərbi varlığını artırmağı təklif ediblər. Mətbuatda Trampın problemi güc yolu ilə həll etməyə hazır olması ilə bağlı spekulyasiyalar ortaya çıxıb. “Politico” nəşri yazıb ki, Danimarka Ukraynaya kömək etmək üçün bütün lazımi hərbi resursları göndərdiyi üçün Qrenlandiyanı müdafiə etməyə bir şeyi qalmayıb.
Guya ki, Danimarka bütün potensialını Qrenlandiyanı qorumaq üçün sərf etsə, ABŞ ordusuna neçə dəqiqə müqavimət göstərə bilərdi ki? Dəqiqə olmasın, saat olsun. Hər halda, ABŞ Qrenlandiyaya hərbi müdaxiləyə başlasa, əməliyyatın ömrü bir gün çəkməz.
Ona görə də Danimarka Sosialist Xalq Partiyasının deputatı Karsten Henge isə bu cür gərginlik şəraitində tədbirlər görməyi və bu problemi həll etmək üçün Rusiyadan kömək istəməyi təklif edib. Rusiya isə hazırda öz keçəli üçün dərman axtarışındadır.
Bununla belə, bir çoxlarına ABŞ və Danimarka arasında silahlı münaqişə təhlükəsi, adanın ABŞ-yə birləşdirilməsi - bütün bunlar yarımfantastik filmin başlanğıcı kimi görünür və absurd təsir bağışlayır. Ancaq bu, 10-15 il əvvəlki reallıqlarda keçərlidir. Son illərin qaynar münaqişələri dünya miqyasında bir sıra tarazlıqları, prioritetləri və ritorikaları dəyişib. İndi beynəlxalq konvensiyaları, eləcə də sərhəd toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü kimi kateqoriyaları asanlıqla görməzliyə vuranlar var.
Dünya siyasətində ictimai və ya açıqlanmayan oyun qaydaları ya kritik nasazlıqlarla işləyir, ya da ümumiyyətlə fəaliyyətini dayandırır. Bu, o deməkdir ki, özünü haqlı hesab edən istənilən böyük dövlət istənilən ərazi mübahisələrini və ya təhlükəsizlik məsələlərini güc yolu ilə həll etməyə cəhd edə bilər. Onların hərəkətini məhdudlaşdırmaq üçün işlək mexanizmlər yoxdur. Təbii ki, istənilən münaqişədə ola bilər ki, bir qrup dövlət aqressor dövlətə qarşı kollektiv sanksiyalar tətbiq etsin. (Rusiyaya qarşı tətbiq olunduğu kimi). Amma bunun effektivliyi mübahisəlidir. Xüsusilə də ona görə ki, öz mənafeyi naminə sanksiya günbəzini dələn dövlətlər də tapılır.
Beləcə, avantürist, ekstravaqant, impulsiv siyasətçi kimi tanınan Trampın Qrenlandiyanın ilhaqı, Panama kanalına nəzarət, hətta Kanadanın ABŞ-ın yeni ştatı olması haqqında danışması təəccüblü deyil. Onun öz ideyalarını həyata keçirmək üçün əməli addımlar atıb-atmayacağı isə böyük bir sualın altındadır. ABŞ demokratiyası və dövlətçilik ənənəsi bu adamı durdurmaq üçün müəyyən rıçaqlara malikdir. Ancaq əgər o rıçaqlar köhnəlibsə, əyləc mexanizmi də işləmirsə, o zaman Pentaqon dikdirdən yellənmiş ağır yük maşını kimi önünə keçəni əzə-əzə gedəcək.
Araz Altaylı, Musavat.com