İnsanlara hürriyət, millətlərə istiqlal!

“Türmə məsələsində rekordlar qırdım” - Tofiq Yaqubludan ilginc açıqlamalar

10694 31.03.2016 07:45 Müsahibə A A
Mart ayının 19-da prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmış Tofiq Yaqublu dünən redaksiyamızın qonağı oldu. Çoxdandır bu mənzərəni gözləyən, bunu arzulayan əməkdaşlarımız üçün bu ziyarətin anlamı, gözəlliyi bir başqa idi. Həbs olunan zaman qəzetimizin köşə yazarı olan Tofq Yaqublu öncə kollektivin üzvləri ilə görüşdü, qəzet və sayt səhifələrində ona dəstək verdikləri üçün kollektivə minnətdarlığını bildirdi. 

Daha sonra isə baş redaktorumuz Rauf Arifoğlu, müsavat.com saytının redaktoru Xalid Kazımlı, “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli, eləcə də bu sətirlərin müəllifinin iştirakı ilə geniş bir söhbət etdik. Məhbəs həyatından, gələcək planlarından, dəyişən-dəyişməyən fikirlərindən danışan Tofiq bəy bütün suallara aydınlıq gətirdi. 
 

Amma T.Yaqublu redaksiyamızda olduğu vaxt AXP sədri Pənah Hüseyn və sabiq baş prokuror İxtiyar Şirin onunla görüşmək üçün redaksiyaya gəlmişdilər. Müsahibə başlamazdan öncə P.Hüseyn T.Yaqubluya görkəmli şair Ramiz Rövşənin vaxtilə Bayıl türməsində cəza çəkdikləri zaman onlara yazdığı yazıdan bir cümləni xatırlatdı: “Bayır iylənir, Bayıl isə soyuqdur, orda hər şey təmiz qalır...”

Qonaqlar gedir, jurnalistlərin söhbəti başlanır. Söhbəti klassik sualla R.Arifoğlu açır.

- Hər şeydən əvvəl..  Necəsiz? 

- Ümumən normal. 

- Son illərdə qaldığınız 13 saylı cəzaçəkmə müəssisəsi çox şəraitsizdir. İqlim olaraq da yaxşı yerdə yerləşməyib. (R. Arifoğlu da həmin müəssisədə 4 ay cəza çəkib - red.) 

- Ora gedənə qədər də eşitdiyimiz məlumatlar belə idi ki, ən aşağı kommunal şəraiti olan cəzaçəkmə müəssisəsi Güzdəkdə yerləşən 13 saylıdır. Həqiqətən çox pisdir.

S.Telmanqızı: 

- Yolları da pisdir. 

- Məndən həmişə bu yol haqqında soruşanda deyirdim ki, biz oranın yollarını bir gedəndə görmüşük, bir də çıxanda. Cəmi iki dəfə.  Çox pis külək olur. Ətrafda daş karxanaları var. Külək olanda tozdan göz gözü görmür, inanın. 

R.Arifoğlu: 

- Nə qədər vaxt qaldınız orda? 



- Mən 2014-ci il oktyabrın 3-dən ordaydım. 3 qış keçirdim orda. 

S.Telmanqızı: 

- Amma ən rahat dönəminiz Şəkidəki təcridxanada olduğunuz vaxt idi, deyəsən. 

- (Zarafatla) Bu məsələdə rekordlar qırdım. Əvvəlcə Kürdəxanıda oldum, sonra Gəncə həbsxanasına apardılar. İki ay orda qaldım. Hər dəfə də təkadamlıq kamerada idim. Təkadamlıq superdir. Çünki həm gigiyena, həm sakitlik, təkbaşına kitab oxuya bilmək imkanları baxımdan təkadamlıq uyğundur. 

R.Arifoğlu: 

- Kitab oxuduz yəni... 

- Xeyli oxudum. 

R.Arifoğlu: 

- Bəs kitab yazmaq necə, onunla da məşğul olduz? Siz eyni zamanda çox yaxşı yazarsız. Köşə yazarlığından başqa da cəbhə gündəlikləriniz var. Türmə xatirələrinizdən ibarət kitabınız olacaqmı? 

“Televizorda İŞİD-in xeyrinə olan xəbərləri dinləyəndə, bir-birini təbrik edirdilər...”


- Türmədə gündəlik yazmadım... Mən müharibədə olanda niyə yazırdım? Düşünürdüm ki, qayıtmaya bilərəm. Qoy olub-bitənləri qara qutu kimi, bir yerə yazım. Qeydlər apardığım dəftərçənin üstünə də əmim oğlunun iş telefonunu yazıb qoymuşdum ki, başıma bir iş gəlsə, kimsə onu həmin nömrədəki adama çatdırsın. O zaman ev telefonu, cib telefonu filan yox idi. Mənim rəhmətlik nənəm müharibədə ölən Muxtar babam haqqında danışırdı ki, “Nə ölüsünü bildik, nə dirisini. Ölü kağızını da almadıq, bilmədik harda qaldı”. Mən də bunu eşitmiş adam idim, ona görə istəyirdim kİ, yazdıqlarım qalsın. Bir dəftərçəni yazıb dolduran kimi evə yollayırdım. 

R.Arifoğlu: 

- İndi saat 1-ə 15 dəqiqə işləyib. Zonda olsaydınız, bu dəqiqələrdə nə edəcəkdiz? 

- Yemək yeyəcəkdik. 



R.Arifoğlu: 

- Kiminlə? Türmədə “xlebnik” deyilən bir anlayış var. Sizin “xlebnik”iniz kim idi? 

- Fərəc Kərimli və Gürcüstandan bir oğlan. Türmədə “Əhl” deyilən qeyri-rəsmi oluşum vardı. Bu, rayonlar, regionlar üzrə qruplaşmadır və bir növ, yardımlaşmaq institutudur. Bunu oğru dünyası təsis edib və illərdir ki, fayda verərək, işləyən mexanizmdir. Türməyə təzə gələn adamın problemlərini həll etmək ilk 15 gündə “Əhl”in üzərindədir. Bu problemlərin sırasına yeni gələn məhbusun yataq, telefon məsələsi, yeməyini təmin etmək daxildir.  Bu 15 gündə sən adaptasiya olunursan, evə zəng edirsən, problemlərin həll olunur. 15 gündən sonra sən olursan adi birisi. Mən ora gedəndə orda siyasi məhbus yox idi. Ancaq Əli İnsanov idi siyasilərdən. 

S.Telmanqızı: 

- İlk gələndə münasibət necə idi? Məsələn, girdiz zona. Sizi "Əhl" qarşılayır? 

- “Əhl” qarşılayır. 

R.Arifoğlu: 

- Haranın əhli? Bakı, yoxsa Borçalı? 

- Borçalı. 

R.Arifoğlu: 

- Niyə Borçalı? Siz Bakıda yaşaya-yaşaya niyə sizi Borçalıdan olan "Əhl" qarşılayıb? Kökəncə Borçalıdan olmanızmı buna səbəbdir. 

- Bəli. “Əhl” deyilən qeydiyyat-yaşayış yerinə görə yox, doğum-kökən prinsipi ilə təşkil olunub. Mən gəlməmişdən qabaq orda qərara almışdılar ki, məni də Borçalı əhli qarşılasın. Orda bilirlər ki, kimlər gəlib, indi karantindədir və sair. Məni, sadəcə, deyilən vaxtdan 2 gün tez buraxdılar. Mən də qəfil gəldim. Gürcüstanlı uşaqlar dərhal qarşıladılar. 
S.Telmanqızı:

Sabiq nazir narahat idi ki, onu azadlığa çıxmağa qoymaya bilərlər”



- Siyasi məhbuslara münasibət özəl olur? 

- Sözsüz hörmət var.  İkinci-üçüncü dəfə türməyə düşən adamlar vardı orda. İnanın ki, dəhşət idilər. Ömründə kitab görməyən, kriminal tiplərdir. Cəmiyyət bu gündədirsə, türmə də onun bir hissəsidir. Eləsi də vardı ki, təsadüfən cinayət törətsə də,  zamanında bir ailə tərbiyəsi görmüşdü. Amma küçədə böyüyən, söyüşdən, qışqırıqdan, davadan başqa heç nə bilməyənlər də vardı. Onların heç  siyasətdən də anlayışları yoxdur. Amma tutulanların əksəriyyəti hökumətdən narazıdır. Hökumətin məhkəməsi bunlar barədə qərar çıxarıb, polis bunları tutub, müstəntiq bunlara iş kəsib. Ona görə də assosiasiya belədir ki, siyasi məhbuslar da onlarla eyni cərgədədirlər. Ona görə də rəğbətlə yanaşırlar. Orda hara gedirsənsə növbə olurdu. Xüsusilə ailə ilə telefonla danışma məntəqəsində ciddi sıra var idi.  Amma ümumi qərar qəbul olunmuşdu və məni növbəsiz buraxırdılar. Hətta mən buna etiraz edəndə, qayıdıb dedilər ki, belə etməniz bizə qarşı hörmətsizlikdir,  biz jest etmişik, siz buna layiqsiz. 

S.Telmanqızı:

- Siyasi məhbusların yaxınlarında hər zaman belə narahatçılıq olur ki, içəridə ona qarşı hər hansı təxribat ola bilər, öyrədilmiş adamların vasitəsilə nəsə edilər və sair. Siz nə zamansa belə situasiya ilə qarşılaşmısız? 

- Mən tutulan gündən çıxana qədər münasibət normal idi. Kürdəxanıdan Gəncəyə, Şəkiyə qədər heç bir türmədə özümə qarşı pis heç nə görmədim. 

R.Arifoğlu: 

- Mən istəyirəm o bayaqkı “xlebnik” səhnəsini tamamlayaq. Əvvəla, orda kiminlə çörək yemək çox önəmlidir. Çünki orada biri ilə çörək kəsmək insanları bir-birinə bir ömür bağlayır. Az öncə “xlebnik”lərinizin adını sadaladız, amma Əli İnsanovun adı ordan çıxmadı...


- Əli İnsanov özü təkcə olardı və yanında da bir nəfər ona kömək edəni vardı. Bir var ümumi yeməkxana, bir də var təkcə özlərinin yemək bişirdikləri yer. Əli müəllimin ayrıca bir barakda yeri vardı. Naharını edir, sonra isə həmin yeri onun üçün yığışdırırdılar və gedirdi. 

S.Telmanqızı:

- Deyəsən, Əli İnsanov ehtiyatlanırdı. Zəhərlənmə ehtimalı barədə mediada tez-tez yazılırdı... 

X.Kazımlı: 

- Onun barəsində çox vasvası adam olması rəyi vardı. Deyilənə görə, hətta hansısa qapıya əlini vurmazdan əvvəl onu spirtli dəsmalla silirmiş... 

R.Arifoğlu: 

- Bir eks nazirin, YAP-çının türmə gününü anladın bizə... Necə başlanırdı günü, necə keçirdi, nə edirdi? 

“Dustaqların böyük əksəriyyəti gedib dini kitablar oxuyurlar. Bu dəhşət idi...”


- Bir insan kimi, türmə yoldaşı kimi çox yaxşı insandır. Orda da öz peşəsində idi, insanları müalicə edirdi, xəstə olanlara məsləhət verirdi. Hətta evində xəstəsi olan məhbuslar, həbsxana işçiləri belə ondan məsləhət alırdı. Əli müəllim də məsləhət verir, dərman yazır və kömək edirdi. Onun ciddi bir qrafiki vardı. Səhər tezdən oyanar, bir saat gərgin idman edərdi. Qar yağsın, dolu yağsın, fərq etməz. Qaçır, “jim” edirdi. Səhər yeməyindən sonra mütləq oxumalı idi. Həftədə 5 dəfə vəkilləri yanına gəlirdi. Əli müəllim biz zona gələndə çox sevindi. Düzdür, dedi ki, sizin azadlıqda olmağınızı istəyirəm, türməyə düşməniz üzücüdür. Amma bununla belə, danışmağa adam tapıldığı üçün də sevindi. 

X.Kazımlı: 

- Onun nə qədər vaxtı qalıb? 

T.Yaqublu: 

- 5 ay yarım qalıb. 

S.Telmanqızı: 

- Azadlıqda olanda onunla bağlı yaranmış bir təəssürat vardı: bir az əzazil, acıdil... 

- Bu adam doğrudan da sözübütöv, prinsipial adamdır. YAP-da o, vəzifədə olub, heç kim üçün sirr deyil. 

S.Telmanqızı: 

- İsrarla əfv ərizəsi yazmadı. Bunu necə izah edirdi? 

- O cür adam bunu heç cür özünə sığışdırmaz. 

R.Arifoğlu:  

- Səhhəti, sağlamlığı necədi? 

- Normal. 

R.Arifoğlu:  

- Əli İnsanovun neçə yaşı var? 

- 70 oldu. 

R.Arifoğlu:  

- Həbsdən çıxandan sonra Azərbaycanda yaşayacaqmı? 

- Məncə, burada yaşayacaq. 

R.Arifoğlu:  

- Planları necədir? Məsələn, partiya yaradacaqmı? Çoxları düşünürdü ki, Tofiq Yaqublu Əli İnsanovu Müsavat Partiyasına gətirəcək. Onun gələcəkdəki siyasi addımları barədə müzakirələriniz oldumu? 

- Siyasi prosesləri səhərdən-axşama qədər müzakirə edirdik. Ölkə xaricində, beynəlxalq aləmdə... Bir siyasi klub yaranmışdı, orda müzakirələr gedirdi... 

R.Arifoğlu: 

- Kimlər vardı orda? 

- Pərviz Həşimli, Fərəc Kərimli, İlkin Rüstəmzadə, Anar Məmmədli, Əbdül Əbilov... 7 nəfər idik. 


R.Arifoğlu: 

- Türmə termini ilə desək, “qara dustaqlardan” ora qatılan olurdu? 

- Xeyr.  Onlar bizim diskussiyalara qatılmırdı. Amma arada gəlib sual verən, hansısa məsələyə münasibətimizi öyrənmək istəyən olurdu. 

R.Arifoğlu: 

“Əli İnsanov bir insan, türmə yoldaşı kimi çox yaxşı idi”


- Bir sözlə, Əli İnsanov türmədən çıxandan sonra hansısa partiya yaratmaq və ya partiyaya qoşulmaqla bağlı planı olduğunu demədi..

- Xeyr.  Mən ona bu cür suallar verməz, onu partiyaya dəvət etməyi rəva bilməzdim. Amma hesab edirəm ki, çıxandan sonrakı bir həftə ərzində onun nə edəcəyi bəlli olacaq. Amma Müsavata və ya Cəbhəyə gedəcəyini düşünmürəm, mənim qənaətim belədir. 

- Bəs azadlığa çıxacağına əmin idimi? Çıxmağa qoymayacaqları ilə bağlı bir narahatçılığı var idimi? 

- Var idi. Mən də düşünürəm bunu. Bu adam 10.5 ildir ki, içəridədir. Barəsində Avropa İnsan Haqları Məhkəməsinin qərarı var. Əgər bu günə qədər də onu buraxmırlarsa, birinci variant odur ki, günə gün cəzasını çəkəcək. İkinci variant isə ona qarşı hər hansı planın olması, azadlığa çıxmasına imkan verilməyəcəyidir. 

X.Kazımlı: 

- Azərbaycanda siyasi məhbuslarla bağlı iki variant olur. Ya günə gün cəzasını çəkir, ya da müddətindən əvvəl, əfv fərmanı ilə azadlığa buraxılırlar. Məsələn, Qurban Məmmədovu günə gün yatırdıb, sonra buraxıblar. 

R.Arifoğlu: 

- Türmənin kitabxanasında hansı kitablar var idi? 

- Qəşəng kitabxana var idi. Ölkə başçısının sərəncamı ilə dünya ədəbiyyatı inciləri nəfis nəşr olunub. Penitensiar Xidmət də oradan götürüb və türmələrə paylayıb. Dustaqların böyük əksəriyyəti gedib dini kitablar oxuyurlar. Bu dəhşət idi... İkinci kateqoriya isə Çingiz Abdullayev, Çingiz Elatlı tipli detektivləri oxuyurdular. Asdım-kəsdim janrında...

R.Arifoğlu: 

- Niyə deyirsiz ki, dini ədəbiyyat oxumaq dəhşətli şeydir? 

- Təsəvvür edin ki, onlardan bəziləri həmin o dünya ədəbiyyatından bir neçə kitab götürüb apardı. Biz də sevindik ki, nə yaxşı bunlar belə kitabları da oxuyurlar. İki gün sonra o gözəl kitabların içini yazıb-çizib geri qaytardılar. Oğru jarqonu, etikadan kənar sözlərin hamısını o kitabların içinə yazıb gətirmişdilər.  Dini ədəbiyyatı oxuyanları  qəbul etməməyimin səbəbi var. Çünki onlar birmənalı şəkildə deyirlər ki, dünyəvi kitabları oxumaq haramdır. Onlar məsciddə yığılırlar. Biri gəlib dünyəvi ədəbiyyatdan birini götürmüşdü. Onu az qala döyürdülər ki, sən ancaq Quran və dini ədəbiyyat oxumalısan. Bizsə deyirdik ki, hər iki janrdakı kitabları oxuyun, çünki biz dini ədəbiyyatı da oxuyurduq və polemika zamanı hazırlıqlı idik. 

X.Kazımlı: 

- Tofiq Yaqublu hələ azadlıqda olanda Qurana 120 maddəlik təfsir yazmış adamdır... 

R.Arifoğlu:  

- Qurana bu günə qədər 100 min adam təfsir yazıb, amma Qurana heç nə olmayıb... 

T.Yaqublu:

- Amma ordakı təhlükə nədən ibarət idi, bilirsizmi? O vəhabilər birmənalı şəkildə deyirdilər ki, çıxacağıq və bircə fətva gəlsin, universitetləri, kinoteatrları dağıdacağıq. Mən ora təzəcə getmişdim. Orda şiə və vəhabilər arasında ciddi toqquşma oldu. Qoşun yeritdilər, yoxsa qırırdılar bir-birini. 

R.Arifoğlu:  

- Hansılar daha çoxdur, türmələrdə? Şiələr, ya vəhabilər? 




T.Yaqublu: 

- Şiələr. Amma şiələrlə danışmaq olur, söz dinləyirlər. O birilərinə söz deyirsən, gözü-başı qaçır... (gülür)

S.Telmanqızı: 

“İçəridə siyasi məhbuslara münasibət özəl olur”


- Amma hər təcridxanada bu dini əhval ayrı cür olar yəqin ki. Məsələn, Şəkidəki ilə Gəncədəki və ya 13 saylı cəzaçəkmə müəssisəsindəki bir-birindən fərqlidir çox güman. 

T.Yaqublu: 

- Dustaqlar arasında İŞİD-ə simpatiyanı mən ilk dəfə Şəkidə müşahidə etdim. Təsəvvür edin, efirdə baş kəsmə səhnəsini göstərirlər, dustaqlar “Allahu əkbər” deyə qışqırır. İnanın, gəlirlər televizorlara baxırlar. İŞİD-lə bağlı nəsə hərəkətli bir xəbər olanda qürur duyurlar, bir-birini təbrik edirlər. Yox, əgər İŞİD-lə bağlı hansısa əməliyyat gedibsə, qüvvələri zəifləyibsə, bunlar qəmginləşir. 

R.Arifoğlu:  

-Yəni həbsxanalarda İŞİD-in açıq tərəfdarları var... Bir sözlə, potensial, ya da real İŞİD-çilər var?

(Davamı növbəti sayımızda)

Sevinc TELMANQIZI
Fotolar Məhəmməd TÜRKMƏNİNDİR

Tofiq Taqublunun "Yeni Müsavat" qəzetindəki görüşündən fotoetüdlər

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR