İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə qardaş köməyi- Qənirə Paşayevanın yazısı

1160 09.02.2023 18:46 Yazarlar A A

 

Musavat.com Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın müəllif yazısını təqdim edir:


Kahramanmaraş başda olmaqla, qardaş ölkənin 10 vilayətində baş vermiş dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi başsağlığı məktubunda qardaş olaraq hər cür yardıma hazır olduğumuz bildirildi: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Bu, Türkiyədən qıraqdan ilk yardım təşəbbüsü idi və təsadüfi deyil ki, həm ilk həm də ən böyük dəstək göstərən ölkə məhz Azərbaycan Respublikası oldu. Zəlzələdən xəbər tutan vətəndaşlarımız, dövlət və ictimai təşkilatlarımız, dünyanın dörd tərəfindəki Azərbaycan diaspor qurumları, aydınlarımız, bütövlükdə Azərbaycan xalqı eynən Türkiyə Respublikasının vətəndaşları kimi davranaraq, ən zəruri ehtiyacların öyrənilməsi və maksimum yardım etmək imkanlarının arayışına başladılar. Əlbəttə, bu arayışlar çox tezliklə praktik müstəviyə keçdi.



Azərbaycan və çox şükürlər olsun, Türk Dövlətləri Təşkilatı üzvü olan qardaş ölkələr ən müxtəlifv üsul və vasitələri dövriyyəyə daxil edib, hərəkət etdi. Əlbəttə, tərəqqipərvər beynəlxalq birlik də dəhşətli zəlzələnin nəticələrinə biganə qalmadı. Lakin belə taleyüklü dönəmlərdə irəli uzanan ilk kömək əlinin yeri başqa, göyü başqadır! O əl Qardaş əlidir, əlbəttə! Əlbəttə, bu, bir təsadüf deyil, tendensiya deyil, xarakterik xüsusiyyətdir, necə deyərlər, qanunauyğunluqdur. – Qardaşlığın qanunu Azərbaycandan– Türkiyəyə, Türkiyədən– Azərbaycana həmişə işlək olub, özünü tam doğruldub və beləcə tarixi sınaqlardan çıxıb. Biz qardaşlığımızı sınamırıq, ancaq təbiət bizi sınayır: qışın oğlan çağında, təqribən 10 milyondan çox qardaş-bacımızı əhatə edən, onlardan 10 mindən artığının həlak olduğu, bundan bir neçə dəfə çox insanın yaralandığı, hələ itkinlərin olduğu bir məqamda gözləniləni yox, gözləniləndən artığını etmək hər bir qardaşın mənəvi borcudur.
Bizim şüurumuza “Biz bir millət, iki dövlətik” (Heydər Əliyev), “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” (Atatürk) kəlamları hakimdir.
Yalnız son 110 ili götürsək,
-Çanaqqala savaşında;
-Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyinin ölkə boyu təminində;
-Anadoluda baş qaldıran Qurtuluş Savaşında...
daha bu yaxın illər üzrə:
-44 günlük müharibədə Qarabağda;
-28 iyul–12 avqust 2021-ci il tarixində baş vermiş, (ilk olaraq Antalyanın Manavqat rayonunda başlamış) meşə yanğınlarının qarşısının alınmasında – Adana, Osmaniyyə, Mersin, Kayseri, Diyarbəkir daxil olmaqla ümumilikdə 17 vilayətdə
iki ürəkdə bir can olduğumuzu dost da görüb, düşmən də!

Fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində olan Prezident İlham Əliyev, qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığı verərək, hər bir Türk dünyası sevdalısını duyğulandıran tarixi çıxış etdi. O – dərsliklərə salınası tarixi çıxışdan bəzi sitatlar gətirək:

-Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur;

-İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar;

-Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar;

-Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır. Dövlət qurumlarının nümayəndələri öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar;

-Bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq. Ölkənin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb;

-Böyük bir qrup könüllü artıq yola düşüb. Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər və ASAN könüllüləri müəyyən təcrübəyə malikdirlər və onlar öz bacarıqlarını əsirgəməyəcəklər.

*
Ümumilikdə faciə baş verdiyi saatdan (bu sətirlər yazılanadək) FHN-in 725 nəfərlik şəxsi heyəti qardaş ölkəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir. Azərbaycan Ordusunun Türkiyəyə ezam olunmuş 20 nəfərlik hərbi tibb personalı isə fevralın 8-dən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan savayı, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və s. də humanitar yardıma daxildir.

Bəli, Azərbaycan Respublikası zəlzələdən sonrakı ilk dəqiqələrdən qardaş ölkənin yanındadır. Bu, lazım olduğu vaxtda, gücdə və miqyasda davam edəcək! Dövlətimiz, xalqımız qardaş köməyini, öz yüksək həmrəylik ruhunu göstərir – hər zaman olduğu kimi! Dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, bizlər bu dəhşətli faciənin ağır fəsadlarının aradan qaldırılmasına kömək edə bilmişiksə, hətta nəticə etibarı ilə kiçikliyindən, böyüklüyündən asılı olmayaraq, bu köməyi özümüzçün şərəf sanırıq. Qışın soyuğunda, gecənin qaranlığında, dağıntıların altında əlacsız qalmış yaralı insanların olduğunu düşünün... Və onlardan bir körpənin, bir qadının, qocanın, hər hansı yaşda olan insanın qurtuluşunu təmin etmək, doğrudan-doğruya şərəfli xidmətin özüdür!

Bu yerdə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi “instaqram” səhifəsindəki paylaşımına diqqət çəkmək istərdim: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram”!
Uca Tanrıdan bütün Türk xalqına və dövlətinə güc və səbir diləyən Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun xətti ilə qardaş ölkəyə indiyədək göndərilən yardımlar da xüsusi miqyası ilə seçilir:

-Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9 fevral tarixində Qaziantep hava limanına yola düşüb;

-Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən indiyədək 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir;

-Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Zəlzələdən əziyyət çəkənlərə dəstək məqsədilə 9 fevral tarixində Naxçıvandan ilkin olaraq 12 TIR yola salınıb.

*
Qardaşlıq hissi ilə onu da vurğulayaq ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər və sahibkarlıq qurumları “Qardaş köməyi” adlı platforma yaradıb. Fevralın 8-də Bakıdakı “KOB Evi”ndə təqdimatı keçirilən bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər də qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara çoxsaylı ləvazimatlar göndərir.



Yardımlar davam edir. Yardımlar yalnız paytaxtda, Abşeron yarımadasında, Naxçıvanda, Gəncədə, Tovuzda deyil, ümumrespublika miqyasında artan xətt üzrə davam edir.
Bəli, Azərbaycan dövləti, xalqı öz dəstəyini sona qədər göstərəcək. Söhbət ondan gedir ki, zəlzələnin ilk günü böyük sayda xilasedici göndərilsə də, Azərbaycan dövləti sonrakı günlərdə də xilasedicilər, həkimlər, könüllülər göndərir və bu iş ehtiyaclar təmin olunacağı günədək davam edəcək. Xilasedicilər, həkimlər, könüllülər, məmurlar, işadamları, vətəndaş cəmiyyəti institutları təmsilçiləri – hər kəs, üçqat səylə çalışmaqdadır. – Birincisi, söhbət, Azərbaycan dövlətinin, xalqının, şəxsən ali dövlət rəhbərliyinin adına layiq qardaşlıq nümunəsi göstərməkdən gedir;
ikincisi, məhz qardaş ölkəyə - Türkiyəmizə köməkdən söz açırıq;
üçüncüsü, hər bir insan öz könlünün, vicdanının səsinə qulaq asır!

Azərbaycan xilasediciləri, həkimləri, ümumən hər kim olur-olsun, əgər o, zəlzələ dağıntılarından bir cana qurtarıbsa, elə bilin könlümüzdə taxt qurub, Türk dünyası sevdalılarını, insanpərvərləri, xeyirxahları o an etibarı ilə özünə mənəvi cəhətdən borclu qılıb...

*
Bu yerdə bir məqama da diqqət etmək istərdim. Bilirsiniz ki, qardaş Türkiyədən öncə Arazın o tayında – Azərbaycanın Güneyində də zəlzələ olmuşdu. Çox təəssüflər ki, Fars-Molla rejimi Xoyda evsiz-eşiksiz qalan azərbaycanlılara yiyə durmadı, vaxtlı-vaxtında gərəkən köməyi göstərmədi, üstəlik humanitar kömək təkliflərini də geri çevirdi. Yenicə baş vermiş belə bir qeyri-insani davranış fonunda, Fars-Molla rejiminin sınır qonşusu olan Türkiyədə dövlətin zəlzələ bölgələrinə yönəlik çevik, təxirəsalınmaz addımlarını görmək, bir daha, Xeyirlə Şəri aydın müqayisə imkanı yaratmış oldu...
Azərbaycan Prezidenti Türkiyə Səfiri ilə söhbətində vurğuladı ki, “Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Türkiyə bu acı sınaqdan şərəflə çıxacaq”.

Bəli, Güclü Türkiyə, şərəfli Türkiyə, qardaş Türkiyə bu ağır günləri də geridə qoymağı, yaralarını sarımağı, on vilayətin hər köşəsində həyatı bərpa etməyi bacaracaqdır! – Buna inamımız sarsılmazdır!

BAYRAĞIN UCA OLSUN, QARDAŞ!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR