İnsanlara hürriyət, millətlərə istiqlal!

Yuri Qaqarinin alnındakı çapıq – kosmonavtın Xruşovla əlbəyaxa olması versiyası da istisna edilməyib...

660 28.07.2024 11:31 Yaxın tarix A A

Yuri Qaqarin kosmosu ilk dəfə fəth etməsi ilə öz dövründə dünyanın ən populyar adamına çevrilib. Hətta dövlət başçıları, tanınmış siyasilər kosmonavtla görüşməyə böyük həvəs və maraq göstəriblər. Amma bu populyarlıq Yuri Qaqarinə heç də həmişə rahatlıq gətirməyib. Əksinə, bu məşhurluq sayəsində onun gizli sevgi macərası mətbuatda tirajlanaraq kosmonavtı çətin duruma salıb.

Kosmosu fəth etdikdən sonra Yuri Qaqarin haqqında dünyanın kütləvi informasiya vasitələrində yüzlərlə məqalə dərc edilib, fotoları əllərdə gəzib. Kosmonavtın hər bir hərəkəti, həyat tərzi, görüşləri, çıxışları diqqət mərkəzində dayanıb.

1961-ci ilin payızında isə Qaqarinin yeni fotosundakı kiçik bir dəyişiklik böyük müzakirələrə səbəb olub. Belə ki, həmin fotoda kosmonavtın qaşının üstündə, alın nahiyəsindəki çapıq diqqətdən yayınmayıb.

Qaqarin aldığı zədə ilə bağlı açıqlama verməyənə qədər fərqli versiyalar irəli sürülüb. Versiyaların birində kosmonavtın restoranda yeyib-içdikdən sonra dava salması, digərində avtomobil qəzasına düşməsi, daha bir versiyada qız üstə döyülməsi kimi fikirlər səsləndirilib. Ən maraqlı versiya isə ondan ibarət olub ki, guya kosmonavt Nikita Xruşovla əlbəyaxa olub.

Nəhayət, Yuri Qaqarin bu söz-söhbətə son qoymaq üçün “Trud” qəzetinin müxbiri Pavel Baraşevə müsahibə verib. Jurnalistin ilk sualı məhz çapıqla bağlı olub:

9661566.jpg (90 KB)

Alnınızdakı çapığın səbəbi milyonların marağına səbəb olub. Biz sizi kosmosdan bütöv və zədəsiz qarşılamışdıq, amma çox keçməmiş ciddi zədə aldığınızın şahidi oluruq. Bu hansı şəraitdə baş verib?

Qaqarin jurnalistin sualından yayınmayıb:

Həyatda hər şey olur və bu da adi bir hadisədir. Biz ailəliklə Krımda istirahət edirdik. Hər gün təbiətin qoynuna çıxırdıq. Qızımla oynayanda onun yıxılmaq təhlüksi yarandı, mən buna imkan vermədin, onu yıxılmaqdan qoruyanda başım zərblə daşa dəydi. Çox da ağır zədə deyil, kosmosa növbəti uçuşuma qədər sağalar.
Bəlkə???

Xeyr, bu hadisədə “bəlkə” axtarmaq lazım deyil...

Əslində isə bu hadisənin uzun illər sirrli qalan “bəlkə”si, əsl səbəbi olub.

Çox-çox sonralar, Yuri Qaqarinin vəfatından sonra, onun yaxın dostu, kosmonavt Aleksey Leonov bu hadisə ilə bağlı fikirlərini bölüşüb:

scale_1200.jpeg (70 KB)

“Mən bu hadisədən sonra Qaqarinlə təkbətək dost kimi söhbət etdim. Hadisənin necə baş verdiyini təxmini bilirdim, çünki mən də həmin vaxtı onunla bir məkanda olmuşam. 1961-ci ilin sentyabr ayının ortalarından sonra biz Krımda istirahət edirdik, bizimlə birlikdə başqa kosmonavtlar da eyni istirahət evində dincəlirdilər. Biz axşamlar bir yerdə olurduq, gəzintiyə çıxırdıq, rəqs meydançasında əylənirdik, domino, şahmat oynayırdıq. Moskvaya qayıtmağımıza bir gün qalmışdı. Həmin günün axşamı Qaqarin həyat yoldaşını otağa ötürəndən sonra geri qayıdıb, aşağıda bizimlə bir az söhbət etdikdən sonra ikinci mərtəbəyə qalxıb, tibb bacısının yanına gedib. Mən o qızı görməmişdim. German Titovun dediyinə görə çox gözəl qız olub. Otaqda “söhbət” uzanıb. Qaqarinin həyat yoldaşı narahat qaldığından onun arxasınca çıxıb. İkimərtəbəli istirahət evinin akt zalını, televizor otağını, idman zalını, bir sözlə Qaqarinin olacaı mümkün yerləri gəzib, amma onu tapmayıb. İkinci mərtəbəyə qalxanda tibb bacısının otağının qapısını döyərək Yura deyə çağırıb. Qaqarin həyat yoldaşının səsini eşidəndə vəziyyətin heç də yaxşı olmayacağını anlayıb. Daha doğrusu, düşünüb ki, həyat yoldaşı onu tibb bacısı ilə bir yerdə görəndə səs-küy salacaq. Buna görə də o, ikinci mərtəbədən özünü aşağı tullayıb. Sözsüz ki, onun üçün çox da hündür olmayan ikimərtəbəli binadan tullanmaq elə də çətin bir məsələ sayılmayıb. Sadəcə o, tullananda tələskənliyə yol verib, ayağı ağaca ilişib və başı üstə yerə düşüb...”

Eyni vaxtda kosmonavtlarla birlikdə Krımda istirahət edən aviasiya general-polkovniki Nikolay Kamanin də müəllifi olduğu “Qapalı kosmos” kitabında həmin hadisə haqqında yazıb:

“Mən kosmonavtlara görə cavabdehlik daşıyırdım. Qaqarinlə bağlı baş verən bu hadisə daha ağır sonluqla yekunlaşa bilərdi. O, kifayət qədər ciddi zədə almışdı. Həkimlər onu xilas edə bildilər, amma alnındakı “şram”ı aradan götürmək mümkün olmadı. Səbəbkar isə tibb bacısı Anna Afanosova idi. O, Qaqarinin ağlını başından almışdı...”

Nikita Xruşov da bu hadisədən xəbərdar olub. Hətta onun Qaqarinlə əlbəyaxa olması şayəsini də eşidib. Sovet lideri kosmonavtla telefon əlaqəsi yaradıb:

“Sən tez sağal. Həkimlərə bütün göstərişləri vermişəm. Sənin qurultayda çıxışın da nəzərdə tutulub. O ki qaldı əlbəyaxa döyüşə, bu məsələyə qurultaydan sonra baxarıq...”

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR