İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin qaz çalışmaları: ölkə bir necə cəbhədə “döyüşür”

940 28.12.2022 12:00 İqtisadiyyat A A

Yerli istehsal qardaş ölkənin xərclərini on milyardlarla dollar azalda bilər

Türkiyədə yeni qaz yatağı kəşf edilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan dekabrın 26-da hökumətin iclasında məlumat verib. Onun sözlərinə görə, Türkiyənin kəşfiyyat-qazma gəmisi “Fatih” Qara dənizdə yerləşən “Çaycuma-1" yatağında dənizin 3 min metr dərinliyində 58 milyard kubmetr təbii qaz ehtiyatı aşkar edib. Prezidentin sözlərinə görə, bununla da Türkiyənin Qara dənizdəki aşkarlanan qaz ehtiyatları 710 milyard kubmetrə yüksəlib. Ərdoğan həmçinin əlavə edib ki, ölkəsi Xəzər dənizi, Mərkəzi Asiya və Aralıq dənizi bölgələri üçün enerji mərkəzinə çevirilməkdə qərarlıdır.

Bir neçə gün əvvəl isə Türkiyə Prezidenti Qara dənizdə 2020-ci ildə aşkarlanan “Tuna 1" yatağından ilk qazın ölkənin qaz təchizatı şəbəkəsinə 2023-cü ilin birinci rübündə daxil olacağını açıqlayıb.  Ölkənin enerji və təbii qaynaqlar naziri Fatih Dönməzin verdiyi məlumata əsasən artıq yataqdan quruya sualtı qaz kəmərinin çəkilişi yekunlaşmaq üzrədir.

Xatırladaq ki, 20 iyul 2020-ci il tarixində “Fatih” qazma gəmisi tərəfindən Qara dənizdəki “Tuna 1" yatağında qazma işi aparılıb və ehtiyatların həcmi ilkin olaraq  320 milyard kubmetr olan yataq kəşf olunub. Daha sonra yataqda qazılan bir neçə kəşfiyyat quyusu onun ehtiyatlarının 650 milyard kubmetr olduğunu göstərib.

Rəsmi statistik məlumata görə, Türkiyə ildə 50-60 milyard kubmetr qaz istehlak edir və bunun 99 faizdən yuxarısını xaricdən alır. Ölkənin qaz idxalı xərcləri illik 12-13 milyard dollardan 20 milyard dollara qədər artıb.

Türkiye to be a gas hub but not everyone is happy | Opinion

Türkiyədə təbii qaz istehlakı 2018-ci ildə 49,3 milyard kubmetr, 2019-cu ildə 44,9 milyard kubmetr təşkil edib. 2020-ci ildə Türkiyədə qaz istehlakı 6,5 faiz artaraq 47,7 milyard kubmetrə, 2021-ci ildə isə 24 faiz artaraq 61,1  milyard kubmetrə çatıb. 2021-ci ildə Türkiyə xaricdən 58,7 milyard kubmetr qaz alıb. Bunun 26,3 milyard kubmetri Rusiyadan, 9,4 milyard kubmetri İrandan, 8,8 milyard kubmetri Azərbaycandan, 6 milyard kubmetri Əlcəzairdən, 1,4 milyard kubmetri Nigeriyadan, 6,7 milyard kubmetr digər ölkələrdən alınıb.

Bu ilin yanvar-mart aylarında qaz istehlakı artsa da, ondan bəri kəskin azalma qeydə alınıb. Hətta noyabr ayı kəskin soyuqlar olsa da, Türkiyədə aylıq qaz istehlakı keçən ilin noyabrı ilə müqayisədə 50 faizədək azalıb. Türkiyə rəsmi statistikasına əsasən yanvar-sentyabrda ölkədə qaz istehlakı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq 41,5 milyard kubmetr təşkil edib. Bunun demək olar ki, hamısı idxal hesabına qarşılanıb. Daxili istehsal bu dövrdə 299 milyon kubmetrdən 270 milyon kubmetrə düşüb.

Qaz istehlakındakı kəskin azalma qaz qiymətlərinin bahalaşması ilə bağlıdır. Bahalaşma əhali ilə yanaşı sənaye üçün də ciddi problemlər yaradır. Enerjidaşıyıcılarının bahalaşması nəticəsində ölkənin enerji idxalına (qaz, neft, elektrik enerjisi) çəkdiyi xərc 2021-ci ildə 75,3 faiz artmaqla 50,7 milyard dollara yüksəlib. 2020-ci ildə bu göstərici 29 milyard dollar idi. 2022-ci ilin yeddi ayında Türkiyənin enerji xərcləri 55,5 milyard dollara çatıb. Bu, ölkə üçün çox böyük xərc yüküdür və onu qarşılamaqda böyük çətinliklər var.  Hazırda Rusiyadan alınan qaza görə yaranan borcun bir hissəsinin 2023-cü ildə ödənməsi üçün danışıqlar aparılır.

Belə bir şəraitdə Türkiyənin özündə qaz hasilatının artırılması, yeni yataqların kəşfi çox mühüm əhəmiyyət kəsb edir. 710 milyard kubmetr qaz yaxın on ildə ölkənin qaz tələbatının tam qarşılanmasına imkan verəcək həcmdir. Qara dənizdəki yataqlardan hasilata başlanması ilə yanaşı Türkiyə hazırda regional qaz habına çevrilmək layihəsi üzərində işləyir. Bu layihədə onun əsas dəstəkçisi Rusiya olsa da, Türkiyə rəhbərliyi Türkmənistan, İran, Azərbaycan, İsraildən qaz həcmlərinin öz ərazisindən nəqlində maraqlıdır və bununla bağlı təşəbbüslər göstərməkdədir. Hazırda Türkiyə “Türk axını”, “Mavi axın”, TANAP və TAP İTE boru kəmərləri ilə Rusiya, Azərbaycan və İrandan qaz alır. Eyni zamanda dörd terminalla LNG əldə edir. Bugünlərdə Silivridəki yeraltı anbarın gücü 3,2 milyard kubmetrdən 4,6 milyard kubmetrə çatdırılıb. Duzlu Göldəki anbarda genişləndirmə işləri aparılır - gücü 1.2 milyard kubmetrdən 5,4 milyard kubmetrə çatdırılacaq. İki ilə işlərin tamamlanması nəzərdə tutulur.

Ölkənin təbii qaza olan ehtiyacı ildən-ilə artır. Bu ehtiyacın qarşılanmasında idxaldan asılılığın azaldılması Türkiyə üçün həyati əhəmiyyət kəsb edir. Qarşısına Türkiyə iqtisadiyyatını yaxın illərdə dünyanın öndə gedən iqtisadiyyatları sırasına çıxarmaq məqsədi qoyan Ərdoğan hökuməti ölkə daxilində təbii qaz yataqları tapmaq çalışmalarını son illərdə sürətləndirib. Quruda Adıyaman, Çanaqqala, Düzcə, Ədirnə, İstanbul, Qırxlareli və Tekirdağda irili-xırdalı yataqlar açılıb.

Quruda ciddi bir mənbə kəşf olunmaması, son 10 ildə Aralıq dənizində böyük qaz yataqlarının açılması Türkiyənin həm bu, həm də Qara dənizdə neft-qaz axtarışlarını sürətləndirməsinə səbəb olub. Qara dənizdə kəşfiyyat işləri 2017-ci ildən genişləndirilib. 2020-ci ilin mayında “Fatih” qazma gəmisi bu işlərə cəlb olunub. Qara dənizdə açılan ən böyük ehtiyatlara malik “Tuna” perspektiv strukturunun yerləşdiyi deltanın Rumıniyaya məxsus hissəsində təbii qaz və neft hasilatı illərdir həyata keçirilir. Bundan həvəslənən Bolqarıstan da öz hissəsində kəşfiyyat-axtarış işlərinə başlayıb.

Türkiyə Qara dənizlə yanaşı, Aralıq dənizindəki neft-qaz ehtiyatlarından da bəhrələnmək niyyətindədir. Məlumdur ki, Aralıq dənizinin şərq sahillərində böyük enerji ehtiyatları mövcuddur. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin ehtimallarına görə, Kipr, Livan, Suriya və İsrail arasında qalan dəniz bölgəsində 3,45 trilyon kubmetr qaz və 1,7 milyard barel neft var. Nil Deltası hövzəsində isə 1,8 milyard barel neft, 6,3 trilyon kubmetr təbii qaz və eləcə də 6 milyard barel maye qaz yatağı olduğu ehtimal olunur. Bundan başqa, Kipr adası ətrafında olduğu ehtimal olunan 8 milyard barel neft yatağından başqa Krit adasının cənub və cənub-şərqində “Heredo” adlı yataqda 3,5 trilyon kubmetr qaz olduğu ehtimal edilir.

Bu bölgənin neft-qazla zəngin olmasına dair iddialar 2007-2008-ci illərdən səsləndirilsə də ilk nəticələr 2009-cu ildə əldə olunub-İsrail öz sahillərində ehtiyatlarının həcmi 280 milyard kubmetr hesablanan “Tamar” qaz yatağını kəşf edib. Daha sonra yenə İsrail tərəfindən 620 milyadr kubmetrlik ehtiyatı olan “Leviafan” yatağı açılıb. 2011-ci ildə isə Kipr yaxınlığında “Afrodita” yatağı (200 milyard kubmetr ehtiyatla) aşkarlanıb.

Turkey discovers new natural gas reserves in Black Sea - Türkiye News

2015-ci ildə İtaliyanın “Eni” şirkəti dənizin Misirə aid hissəsində “Zöhr” yatağını kəşf edib - 850 milyard kubmetrə qədər ehtiyatla. 2018-ci ildə onunla eyni həcmdə daha bir yataq açılıb. İsrail, Misir, Kiprdən əlavə, Aralıq dənizinin Suriya, Livan, Fələstin və Yunanıstan hissələrində də böyük ehtiyatların olduğu güman edilir. Buna görə də böyük qüvvələrin bölgəyə marağı getdikcə artır. ABŞ, Fransa, İtaliya şirkətləri kəşfiyyat işləri üçün müxtəlif ölkələrdən lisenziyalar alırlar.

Türkiyə də bölgədə maraqlarını qorumağa, həmçinin dənizin özünə aid hissəsində neft-qaz axtarışlarını genişləndirməyə çalışır. Türkiyənin Aralıq dənizində kəşfiyyat-qazma işləri aparması Yunanıstan tərəfinin etirazlarına səbəb olmaqdadır. Yunanlar Türkiyə ilə Yunanıstan arasında dəniz sularında iqtisadi sərhədlərin müəyyənləşmədiyini əsas gətirməklə Ankaranı dayandırmağa çalışırlar. Türkiyə isə Kipr adası sahillərində hər hansı qazma və ya hasilat işlərinə imkan verməyəcəyini bildirir. Bu məqsədlə türk hərbi gəmiləri dəfələrlə Aralıq dənizinin perspektiv strukturlar olan bölgələrinə yeridilib.

2020-ci ildə İsrail, Yunanıstan və Cənubi Kipr arasında  İsrailin “Leviafan”, Yunan Kiprinin “Afrodita” yataqlarının qazını Avropaya çatdıracaq Şərqi Aralıq dənizi qaz boru xəttinin (EastMed pipeline) tikintisi haqqında saziş imzalanıb. Ötən müddət ərzində hər 3 tərəf sazişi ratifikasiya edib, layihənin icrasına başlanıb.

Avropa İttifaqının dəstəyini alan  “EastMed pipeline” İsrailin Leviafan və Kiprin Afrodita yataqlarından qazın Kipr adası və Kritdən Yunanıstanın materik hissəsinə, oradan isə İtaliyaya qədər çatdırılmasını nəzərdə tutur. Uzunluğu 1900 kilometr olan qaz kəmərinin 1300 kilometri dənizin altından, 600 km-i isə qurudan keçəcək. Layihənin ümumi dəyəri 7 milyard dollar hesablanır. Kəmərin illik layihə ötürücülük gücünün 10 milyard kubmetr olması nəzərdə tutulur. Türkiyə Kiprə məxsus sərvətlərdən Şimali Kiprin də bəhrələnmək hüququnun olduğunu bəyan edərək, sazişdə bu hüququn təsbit olunmadığına görə ona qarşı çıxıb. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Şimali Kiprin maraqlarının təmin olunmadığı müddətdə kəmərin çəkilməsinə imkan verməyəcək.

Ötən il Liviya ilə Türkiyə arasında əldə edilən razılaşmaya əsasən kəmərin keçəcəyi ərazinin bir hissəsi - Kipr adasının Şərq akvatoriyası Türkiyənin müstəsna iqtisadi ərazisi hesab olunur. Bu isə o deməkdir ki, həm layihənin iştirakçıları, həm də əsas dəstəkçisi olan Avropa Birliyi Ankara ilə hesablaşmalı olacaqlar.

Beləliklə, Türkiyə ətrafındakı dənizlərdə öz iqtisadi maraqlarını təmin etmək, enerji tələbatını yerli istehsal, eyni zamanda mümkün qədər ucuz başa gələcək məhsullarla ödəmək üçün eyni zamanda bir neçə istiqamətdə mübarizə aparmaqdadır.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR