İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin etibarsız “dostlar”ı – Özləri etibarlıdır ki...

722 29.07.2024 15:51 Yazarlar A A

Ermənistan 4 ildir “quyruğu yanmış siçan” kimi bölgədə ora-bura vurnuxmağa davam edir. “Yanan quyruğa” çarə, məlhəm regionda ola-ola, axmaqcasına yenə ümidini uzaqlara, okeanın o tayına, bu tayına, Fransaya, özü kimi şeytanlara bağlayıb.

Nəticə nə olmalıdırsa, odur. Ermənistan faktiki dost-müttəfiqsiz qalıb. Bölgənin blokadada çabalayan ən “demokratik” ölkəsindən köç davam edir, əhalinin sabaha ümidi sıfır səviyyəsindədir. Hakimiyyət isə təhlükəli “hərb yoxsa sülh” oyunundan qurtulub yeganə doğru yolu tapa bilmir...

“Ermənistan suveren dövlət deyil”. Bunu erməni politoloq Karen İgityan ölkədəki son duruma nəzərən söyləyib. Onun sözlərinə görə, “Ermənistan bütün məsələlərdə özünün yox, kənar oyunçuların gündəliyinə uyğun hərəkət edir”.

Gerçəyi əks etdirsə də, çox yumşaq ifadədir. Çünki Ermənistan ümumiyyətlə, dövlət deyil. Lap dəqiqi, baş tutmamış dövlətdir.

SSRİ-nin süqutundan keçən 33 ildə Ermənistan kimi ciddi təbii qaynaqları olmayan Tacikistan belə, pis-yaxşı iradəsi öz əlində olan dövlətə çevrilib. Ermənistanın ixtiyarı isə hələ də başqasındadır, taleyini özü yox, özgələri, uzaq paytaxtlar həll edir, öz sərhədini özü qoruya bilmir, xarici siyasətinin prioritetlərini başqa dövlətlər müəyyən edir.

Son illər isə bu qondarma dövlət Moskva ilə yanaşı, Parisin və Vaşinqtonun əlinə baxır. Yəni “ipi” azı 2-3 böyük gücün əlindədir. Axır vaxtlar isə daha çox Qərb Ermənistanı sirk heyvanı kimi “əhilləşdirib” öz marağı naminə oynatmağa çalışır. Bu da o biri “dressirovşik”-təlimçinin – Rusiyanın xoşuna gəlmir...

Amma 2-ci Qarabağa müharibəsindən sonra kapitulyant ölkənin həqiqi suverenlik yoluna çıxması üçün unikal şans yaranmışdı. Tarixi imkan yetişmişdi ki, bölgənin bu cırtdan, lakin daim boyundan hündür tullanmağa çalışan və başından yekə iddialarla yaşayan, onun-bunun maşası olmağı sevən dalan ölkəsi nəhayət, daşı ətəyindən töküb ağla və haqqa gəlsin.

Bundan ötrü İrəvanın öz konstitusiyasından dərhal Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddiaları barədə bəndləri çıxarıb iki əsas qonşusu ilə sülh müqavilələri imzalaması kifayət idi. Dəfələrlə yazdığımız kimi, Ermənistanın suveren dövlət kimi tanınması və təhlükəsiz varlığı üçün ən böyük zəmanət, Paşinyanın təbirincə desək, “kadastr sənədi” yalınız onda verilmiş olacaq.

Əfsus ki, fürsət pəncərəsi yavaş-yavaş bağlanır. “Çörəyi dizi üstdə olan” ermənilər özləri onu bağlamaqla məşğuldur. Konstitusiya bir qırağa, əgər kapitulyant tərəf Bakının böyük sülh naminə üzdəniraq Minsk Qrupunun formal ləğvi təklifinə də dirəniş göstərirsə, onun sülh ritorikasının nə dərəcədə saxta olduğuna şəkk-şübhə qalmır...

Bu azmış kimi, məlumatlara görə, Ermənistan bölgədə Azərbaycana qarşı yeni müharibəyə hazırlanmaq üçün sürətlə silahlandırlmaqdadır. Hətta 2-ci Qarabağ savaşının və antiterror tədbirlərinin nəticələrinə “təzədən baxılması”nı xəyal edirlər, o cümlədən Qarabağdan könüllü getmiş ermənilərin qayıdışı məsələsində.

Cənubi Qafqaz üzrə ekspert Vitali Arkovun aşağıdakı fikri bu xüsusda düşündürücüdür. Sitat: “Ermənistanın hazırkı hakimiyyəti Qərbdəki yeni “dostlara” arxalanır. Paşinyan hakimiyyətinin planlarına əsasən həmin “dostlar” 2-ci Qarabağ müharibəsinin nəticələrinə yenidən baxılmasına və Azərbaycanı erməni əhalisini bölgəyə qaytarmaq adı altında Ermənistana Qarabağ üzərində faktiki nəzarəti qaytarmağa məcbur etməlidirlər”.

Beləcə, bədnam qonşumuz yeni “dostlar”ın diktəsi ilə, göz görəsi intihara sürüklənir. Çünki yalançı həmişə tamahkarı aldadıb. Fəqət, uzaq və etibarsız dostlardansa, yaxın və etibarlı qonşular əfzəl deyilmi? Yetər ki, özün də etibarlı qonşu olmağı bacarasan. Məgər hələ də sizə çatmadı ki, elə “dostlar”dan sizə yaxşı məsləhətçi olmaz?..

Bütün hallarda ermənilər nə qədər yaxa cırıb “timsah göz yaşları” töksə də, Qarabağa qayıdışın təməl şərtləri bəlli: yalnız Azərbaycan vətəndaşlığı almaqla (ikili vətəndaşlıq keçməyəcək!), bayrağımızı qeyd-şərtsiz qəbul etməklə və Qərbi azərbaycanlıların da Ermənistana qayıdışına eyni zəmanətin veriləcəyi təqdirdə. Qısası, “güzgü prinsipi”.

Bizcə, beynəlxalq hüquqa və ilahi ədalətə tam uyğun bir təklif. Odur ki, “top” çoxdan hayların meydanında. Əgər o meydanda onların bir azca söz sahibliyi qalıbsa...

Z.SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR