İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərid Səfərlinin anası Azərbaycanın İrandakı səfirliyinə müraciət etdi: “Vəziyyəti pisdir...”

486 29.07.2024 15:01 Son xəbər A A

İranda günahsız yerə həbsdə saxlanılan Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin anası Dilarə Əsgərova Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadəyə müraciət edib.

Musavat.com həmin müraciətin mətnini təqdim edir:

“Hörmətli səfir Əli Əlizadə! Mən 17 aydır İranda şərlənərək həbs olunmuş Fərid Səfərlinin anasıyam.

Cənab səfir, Fərid artıq uzun müddətdir heç bir ziyarətçisi olmadan dörd divar arasında qalmağa məhkumdur. Mənim və qohumların onu ziyarət etməsini qətiyyən istəmir. Çünki depressiyadan əziyyət çəkir, gecələr yata bilmir, yazılan dərmanlardan da imtina edir. Mən sizdən xahiş edirəm, işçiləriniz vasitəsilə Fəridin ziyarət olunmasını təşkil edəsiniz, heç olmasa ayda bir dəfə. Mənim heç olmasa bir dəfə onunla görüntülü danışmağımı təşkil edilməsini həbsxana rəhbərliyindən xahiş edəsiniz. Fərid bununla bağlı özü həbsxana rəhbərinə müraciət edib, amma razı olmayıblar. Başqa bir xahişim isə mənim İranın yeni seçilmiş Prezidentinə müraciətimin lazımi ünvana çatmasına köməklik etməyiniz olardı.

Mən inanıram ki, Siz bir dövlət adamı və bir valideyn olaraq mənim çağırışıma biganə qalmayacaqsınız”.

Xatırladaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gəlib. Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-cü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub. Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.

Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyini bildirib.

Azərbaycanın baş prokuroru Kamran Əliyev 2023-cü il sentyabrın 14-də Bakıda səfərdə olan İranın baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında müzakirə aparıb. Daha sonra Tehranın Apellyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apellyasiya şikayətini təmin etməyib.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR