İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə dünyəvilik, dünyəvilikdə Türkiyə

1262 04.05.2016 18:15 Yazarlar A A
Ötən həftə Türkiyə gündəminə “laiklik müzakirələri” (dünyəvilik) öz damğasını vurdu. Parlamentin spikeri İsmayıl Kahramanın İstanbulda bir toplantıda etdiyi çıxış zamanı “yeni Konstitusiyada laiklik olmamalıdır” və yenə eyni çıxışında “yeni, dindar bir Konstitusiya olmalıdır” sözləri Türkiyədə dünyəvilik mübahisələrini təzədən qızışdırdı. 

Məclis başqanı sonradan öz çıxışına düzəliş eləsə də, ölkə prezidenti açıqlama verərək dövlətin mövqeyini bildirsə də, bununla belə, mövzu çox böyüdü və görünür ki, hələ davam edəcək. 

Məsələ ondadır ki, Türkiyədə dünyəvilik və dindarlıq müzakirələri yeni deyil. Xüsusən də AKP hakimiyyəti dönəmində bu müzakirələr şiddətlənib. Təbii ki, obyektiv səbəbdən. Çünki Türkiyədə əhalinin böyük bir hissəsini dindar müsəlmanlar təşkil edir. Ölkədə isə uzun illər “dinin dövlətdən uzaq tutulması” siyasəti yürüdülüb. Təhsildə, dövlət idarələrində baş örtüyü qadağası mövcud olub (bəzi qurumlarda hələ də qalır), buna görə çox ciddi gərginliklər yaşanıb. 

Lakin AKP hakimiyyətə gəldikdən sonra vəziyyət dəyişib. Son illərdə hökumət dini mövzulu qadağaların bir qismini aradan qaldırsa da, ölkədə hələ də dövlət-din münasibətləri, dünyəvilik mövzusunda problemlər tam olaraq həllini tapmayıb. 

Bəs bir müsəlman dövləti hara qədər dünyəvi və ya dindən ayrı ola bilər? 

Bu sual indi demək olar bütün müsəlman ölkələri üçün aktualdır. İran, Səudiyyə Ərəbistanı, Əfqanıstan kimi azsaylı İslam dövlətləri, yəni İslama konstitusiyada üstünlük tanıyan ölkələri çıxmaqla, qalan bütün müsəlman ölkələrində dünyəvilik, dövlət-din münasibətləri mövzusu tam olaraq həll olunmayıb.

Ötən illərin təcrübəsi göstərdi ki, müsəlman dünyasında Avropaya məxsus olan dünyəvilik sistemini tətbiq etmək mümkün deyil. Hətta Fransanın laisizmini termin olaraq mənimsəyən Türkiyə belə müsəlman cəmiyyətinin şərtlərini nəzərə almalı oldu. Nəticədə mürəkkəb bir mexanizm ortaya çıxdı. Nümunəni digər müsəlman ölkələrinin timsalında da qeyd etmək olar. 

Əslində məsələnin kökündə dayanan ilk sual dünyəviliyin (Türkiyə türkcəsində laiklik) necə tövsif olunması, qanunlarda necə göstərilməsi ilə bağlıdır. Məsələn, 20 il əvvəlin Türkiyəsində laiklik dinlə dövlət arasında kəskin uçurum, təhsil müəssisələri, dövlət orqanlarında baş örtüyünün yasaqlanması, dini qadağalarla assosiasiya olunurdu. 

Amma son illərdə bu yanaşma dəyişib. Artıq dünyəvilik bir din düşmənçiliyi olaraq qəbul olunmur. Ötən həftə İsmayıl Kahramanın açıqlamasından sonra mediaya münasibət bildirən prezident Ərdoğan “laiklik din düşmənçiliyi deyil” söyləmişdi. Ərdoğan 2012-ci ildə Mübarək sonrası Misirə səfəri zamanı etdiyi çıxışını xatırlatmışdı. Həmin çıxışında Türkiyənin hazırkı prezidenti Türkiyə Konstitusiyasında laikliyin dövlətin bütün dinlərə bərabər məsafədə dayanması kimi açıqlamışdı. Sitat: “Mən Rəcəb Tayyib Ərdoğan olaraq müsəlmanam, amma laik deyiləm, lakin laik bir ölkənin baş naziriyəm. Laik rejimdə insanların dindar olub-olmama azadlığı var. Mən Misirin laik bir konstitusiyaya sahib olmasını arzulayıram”.

Hətta Misirdən sonra getdiyi Tunisdə Türkiyənin ovaxtkı baş naziri dövlətin laik olmalı olduğunu demişdi. Türkiyənin dövlət rəhbərinin açıqlamasından aydın olur ki, artıq Türkiyə dövlətinin dünyəvilik mövzusuna baxışı, yanaşması dəyişib. 

Yeri gəlmişkən, ötən həftə Amerikanın “PYU” Sorğu Mərkəzinin keçirdiyi sorğuda Türkiyədə son 6 ildə şəriət tərəfdarlarının sayının azaldığı, dünyəvilik tərəfdarlarının sayının artdığı qeyd olunurdu. Bunu əslində Türkiyədə şəriət və laiklik mövzularına yanaşmanın dəyişməsi kimi də qəbul etmək mümkündür. Hər nə qədər Yaxın Şərqdə gedən proseslərin təsiri olsa da, burda həm də Türkiyə dövlətinin dünyəvilik termininin özündə dəyişiklik edib, onu din düşmənliyi deyil, dinlərə məsafəli bir siyasət olaraq tanımlayır. 

Ancaq bütün bunlara rəğmən, həm Türkiyədə, həm də digər müsəlman ölkələrində, o cümlədən Azərbaycanda dünyəvilik və din, dövlət-din əlaqələri mövzusu hələ uzun müddət müzakirə mövzusu olacaq. Çünki bu mövzu həm də hər bir xalqın xarakteri, dinə münasibəti ilə paralellik təşkil edir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR