İslandiyanın Baş naziri Kristrun Frostadottir Ankarada keçirilən NATO Zirvəsindən sonra etdiyi sosial media paylaşımı ilə Türkiyə ictimaiyyətinin diqqət mərkəzinə düşüb.
Musavat.com xəbər verir ki, 36 yaşlı baş nazir NATO Zirvəsindən sonra Ankara qalasını ziyarət edib.
Frostadottir daha sonra paylaşımında NATO-nun əvvəlkindən daha güclü olduğunu vurğulayaraq, İslandiyanın etibarlı müttəfiq kimi alyansa töhfə verməyə davam edəcəyini qeyd edib. O, həmçinin Ankarada keçirilən zirvədə güclü həmrəylik mühitinin hökm sürdüyünü bildirib.
Baş nazirin paylaşımı qısa müddətdə minlərlə şərh toplayıb. Xüsusilə Türkiyədən olan istifadəçilər Frostadottirə çoxsaylı xoş sözlər ünvanlayaraq onu yenidən Türkiyədə görmək istədiklərini yazıblar. Bir çox şərhdə onun zərifliyi, səmimiyyəti və NATO Zirvəsindəki davranışının böyük rəğbətlə qarşılandığı qeyd olunub.
1988-ci ildə Reykyavikdə anadan olan Kristrun Frostadottir iqtisadçı kimi fəaliyyət göstərib, daha sonra siyasətə qoşulub. O, 2024-cü ilin dekabrında İslandiyanın Baş naziri vəzifəsinin icrasına başlayıb və ölkə tarixinin ən gənc hökumət başçısı hesab olunur.
İki uşaq anası olan Kristrun Frostadottir son aylarda beynəlxalq tədbirlərdə fəal iştirakı və diplomatik fəaliyyəti ilə də diqqət çəkir.






