İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə üzünü Qərbə çevirdi - indi də hədəfdə “Patriot”lardır...

1511 15.04.2020 16:21 Son xəbər A A

Əhəd Məmmədli: “S-400- lərin ardından “Patriot”lar da alınsa…”

Türkiyə ABŞ-dan “Patriot” zenit-raketlərini, NATO-dakı müttəfiqlərindən isə bənzər sistemləri almağa hazırlaşır. “TASS” xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan edib.

Onun sözlərinə görə, Rusiyadan S-400 sistemlərinin alınmasına səbəb Vaşinqtonun Türkiyənin 10 il ərzində zərurətlərini təmin etmək istəməməsi olub.

“ABŞ-dan yaxşı təklif gəlsə, biz “Patriot” sistemlərini almağa hazırıq”, - deyə nazir vurğulayıb.

M.Çavuşoğlunun bu açıqlamaları geniş müzakirələr doğurub. Qardaş ölkənin Rusiyadan aldığı S-400-lərin fonunda indi də üzünü Amerikaya, eləcə də, NATO-da müttəfiq olduğu dövlətlərə tərəf çevirməsi çoxsaylı suallar yaradıb. Belə fikirlər var ki, rəsmi Ankara artıq Kremldən S-400 raket sistemlərinin alınması prosesini başa çatdırdığı üçün “Patriot” sistemləri almaq niyyətindədir. Türkiyənin S-400-lər məsələsində uduşlu çıxdığını düşünənlər çoxluq təşkil edirlər. Bundan əlavə, dünyanı cənginə alan koronavirusun Türkiyənin Rusiyadan aldığı silahları arxa plana atdığı və rəsmi Ankaranın bu fürsətdən istifadə etmək üçün XİN rəhbərinin dilindən bu cür mesajlar verdiyi qeyd olunur.

Politoloq Əhəd Məmmədli müsavat.com-a açıqlamasında Türkiyənin Rusiyadan aldığı S-400-lərin qardaş ölkəyə gətirilməsi prosesinin davam etdiyini söylədi: “Koronavirus epidemiyası bu məsələni müvəqqəti olaraq əngəllədi. S-400 məsələsi həll edilib. Bir məsələ qalıb, o da S-400- lərin Türkiyənin xaricində yerləşən hərbi bazalarının birində yerləşdirilməsidir. Ölkələrin adı da çəkilir, Qətər və Azərbaycan. ABŞ-ın Türkiyəyə S-400-lərlə bağlı etdiyi təklif yeni deyil. Bu cür təkliflər əvvəl də səslənib. Vaşinqton gördü ki, Ankara zarafat etmir və Rusiyadan S-400-ləri aldı. Bundan sonra vəziyyətdən çıxmaq yolları axtarmağa başladı. Və vəziyyətdən çıxış yolunu S-400-ləri NATO üzvü Türkiyədə saxlanılmaması kimi gördü. Bu təklif Türkiyəyə də uyar. Əsas odur ki, S-400-ləri Türkiyə aldı. Bu raketləri qardaş ölkə başqa ölkələrin hərbi bazalarında da saxlaya bilər. Bu cür hala Amerika da göz yumacaq. Və belə olduqda nəhayət ki, S-400-lərlə bağlı Türkiyə ilə Amerika uzlaşacaqlar. Təbii ki, Amerikanın verdiyi sözü yerinə yetirmək şərti ilə bu baş verə bilər. Yuxarıda qeyd etdiyim kimi bu sistemlərin yerləşdirilə biləcəyi ölkələrin adları da çəkilib, Qətər və Azərbaycan. Türk əsgəri Qətərdə rəsmi, Azərbaycanda isə qeyri-rəsmi şəkildə mövcuddur. Azərbaycanda S-400-lərin yerləşdirilməsi həmçinin bizim ölkə üçün yaxşı hal olardı. Ermənistanda yerləşdirilən "İsgəndər”lərə bir cavab olardı. Düzdür, indiki şərtlər altında rəsmi Bakının buna gedəcəyini düşünmürəm. Hələlik S-400-lərin Qətərdə yerləşdirilmə variantı daha realdır. Amma bu məsələ reallaşdırılmağa başlansa, bu raketlərin Azərbaycanda yerləşdirilməsi variantı da həyata keçə bilər. Ermənistanla müharibə şəraitində, bu sistemlərin ərazimizdə yerləşdirilməsi Azərbaycanın maraqlarına cavab verir”.

Politoloq Türkiyənin istəyinə nail olduğunu da qeyd etdi: “Türkiyə S-400- ləri almaqla Amerikadan müstəqil siyasət sürə biləcəyini göstərdi. Bundan sonra Türkiyə-Amerika münasibətləri yeni, bərabərhüquqlu müstəvidə qurulacaq. Türkiyə “Patriot” zenit-raket sistemlərini almaq istəyi haqqında həmişə fikirlər söyləyib. İndiyə qədər bunun həyata keçməməsinin səbəbini Tramp belə özlərində, daha doğrusu Obamada görüb. S-400-lərin alınması “Patriot”ların alınmasına heç bir maneçilik törətmir. Biri o birisini əngəlləmir. “Patriot”ların alınması həm də Türkiyə-ABŞ münasibətlərinin yumşalmasına gətirib çıxara bilər. S-400- lərin ardından “Patriot”lar da alınsa, Türkiyə dünyada ilkə imza atmış olacaq. Həm S-400, həm də “Patriot”lar alan dünyada ilk ölkə olacaq. Rusiyadan bu sistemləri almaqla NATO-nun ilk və hələlik yeganə ölkəsi olaraq Türkiyə bir ilkə artıq imza atıb. “Patriot”ları da almaqla ikinci ilkə imza ata bilər. Türkiyə artıq təkcə silah alan deyil, silah satan ölkəyə çevrilib. Dünya silah ticarətində Türkiyə öz layiqli yerini tutmaqdadır. Xüsusən də, İdlib savaşından sonra türk silahına, daha dəqiq SİHA-larına dünyada böyük diqqət yaranıb. Ukrayna bir partiya Bayraktar sifariş verib. Deməyim odur ki, böyük dövlətlər arasında silah ticarəti elə bir prosesdir ki, daim davam edəcək”.

Cavanşir Abbaslı,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR