İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Mərkəzi Bankından bədbin proqnoz - ilin sonuna qədər...

1110 30.04.2022 10:00 İqtisadiyyat A A

Azərbaycan Mərkəzi Bankı isə inflyasiya gözləntilərini dəyişmir

Türkiyə Mərkəzi Bankı 2022-ci ilin sonu üçün yenilənmiş inflyasiya proqnozunu təqdim edib. Bankın rəhbəri Şahap Kavcıoğlu aprelin 28-də ilin ikinci inflyasiya hesabatını açıqlayaraq bildirib ki, Türkiyə Respublikası Mərkəzi Bankı 2022-ci ilin sonu üçün inflyasiya proqnozunu 23,2 faizdən 42,8 faizə, 2023-cü il üçün proqnozunu isə 12,9 faizə yüksəldib.

O, hazırda ən mühüm problemin inflyasiya olduğunu, məzənnədəki dəyişikliyin Türkiyəni inflyasiya baxımından mənfi şəkildə fərqləndirdiyini və qısa zamanda davamlı qiymət sabitliyini təmin edəcəklərini deyib. Kavcıoğlunun sözlərinə görə, Türkiyə svop sazişləri üzrə bir sıra ölkələrlə danışıqlar aparır.

Rusiya-Ukrayna münaqişəsinin əmtəə və tədarük zənciri kanalları vasitəsilə qlobal iqtisadiyyata təsir etdiyini bildirən Kavcıoğlu qeyd edib ki, təchizat problemləri hələ də yaxşılaşmağa başlamayıb: “Ticarət tərəfdaşlarımızın iqtisadi artım gözləntiləri aşağıya doğru yenidən nəzərdən keçirilir. Dünyada əsas və baza inflyasiyası yüksək həddə çatıb”.

Türkiyə Mərkəzi Bankı 2 ilə 130 milyard dollar itirib ABC.AZ

Mərkəzi Bank rəhbərinin sözlərinə görə, Türkiyədə bu il iqtisadi artıma ən böyük töhfə sənaye və xidmətlərdən gəlib: “İqtisadi fəaliyyətlərdə canlanma tendensiyası davam edir. Birinci rübün məlumatları iqtisadi fəallığın tərkibinin yaxşılaşdığını göstərir. İnvestisiya xərcləri güclü yüksəliş trendindədir. Önümüzdəki dövrdə məşğulluq artımının davam edəcəyini gözləyirik. Biz hesab edirik ki, davamlı cari əməliyyatlar balansı qiymətlərin daimi sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir. Xarici ticarətimizi kəmiyyət əsasında, qiymət təsirindən azad olaraq təhlil etdikdə görürük ki, ixracın məbləği idxalla müqayisədə xeyli yaxşılaşıb. Liralaşma strategiyamızın ən mühüm tərkib hissələrindən biri kreditlərin iqtisadi fəaliyyətlə ahəngdar hərəkət etməsini təmin etməkdir. Davamlı cari əməliyyatlar balansı yaratmaq üçün lirə ilə vəsaitlərin uzunmüddətli investisiyalara, ixracata, potensial artımlarına və xüsusilə kiçik və orta biznesə yönəldilməsi çox vacibdir. Liralaşma strategiyası çərçivəsində kreditlərin artım tempi və tərkibi qiymət sabitliyinə və maliyyə sabitliyinə uyğunlaşdırılacaq”.

Baş bankirin sözlərinə görə, Türkiyənin Rusiya və Ukraynaya ixracı azalsa da, Avropa Birliyinə ixrac artıb: “İdxal birinci rübdə enerji qiymətlərinin artması səbəbindən artıb. Kəmiyyət baxımından ixrac idxala nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşma göstərib”.

O bildirib ki, birinci rübdə qlobal əmtəə qiymətlərindəki güclü artım inflyasiyanın yüksəlişində əsas rol oynayıb. Nəqliyyat xərclərinin yüksək olması inflyasiya gözləntilərinə mənfi təsir göstərməkdə davam edir. İnflyasiyanın tədricən azalacağını qeyd edən Kavcıoğlu  “2022-ci il üçün xam neftin qiyməti ilə bağlı proqnozumuzu orta hesabla 102,2 dollara, 2023-cü il üçünsə  93,9 dollara qədər yenilədik” deyib.

Həmçinin bildirib ki, inflyasiya proqnoz diapazonu orta nöqtələri 2022-ci ilin sonunda 42,8 faiz, 2023-cü ilin sonunda 12,9 faiz və 2024-cü ilin sonunda 8,3 faiz təşkil edir: “Əvvəlki hesabat dövrü ilə müqayisədə türk lirəsi ilə idxal qiymətlərinə əsaslanan yeniləmə inflyasiya proqnozunu 5,5 bənd artırdı; 2,8 ballıq qatqı qida qiymətlərindəki artımdan qaynaqlanır. Buna görə də biz 2023-cü ilin sonuna inflyasiya proqnozumuzu 8,2 faizdən 12,9 faizə qaldırdıq”.

Kavcıoğlu, lirələşmə strategiyasının Mərkəzi Bankın siyasətinin nəzərdən keçirilməsi prosesinin əsas elementi olduğunu qeyd edib, TL ilə ifadə olunan aktivlərin girov kimi istifadəsini artıracaq addımların tezliklə qüvvəyə minəcəyini bildirib: “Çox yaxın gələcəkdə pul və məzənnə siyasəti mətnindəki yol xəritəmizə uyğun olaraq, maliyyələşdirmə strukturunda türk lirəsi ilə ifadə olunan aktivlərə tələbatın artırılması və girov kimi istifadə edilməsi üçün əlavə addımlar atacağıq”.

Jurnalistlərin suallarını cavablandıran Şahab Kavcıoğlu ən qısa zamanda qiymət sabitliyini təmin edəcəklərini vurğulayıb: “İnflyasiyanın azaldılması istiqamətində addımlar atmağa davam edirik. Biz bütün maraqlı tərəflərin üzərinə düşəni etməli olduğu bir dövrdəyik. Buna təkcə Türkiyənin problemi kimi baxmaq olmaz. Hazırda ən böyük problemimiz inflyasiyadır. Biz onu azaltmaq üçün tədbirlər görməyə davam edirik. Biz pul siyasəti alətlərindən ən yaxşı şəkildə istifadə etməyə davam edəcəyik. İnflyasiya ilə bağlı yol xəritəmizə baxdıqda, may ayından sonra inflyasiyanın azalmağa başladığını görürük. Müsbət inkişaflarla bunun düşündüyümüzdən daha çox və daha az reallaşacağını proqnozlaşdırırıq. Hazırda proqnozumuz cari məlumatlarla ilin sonudur, lakin 2023-cü ildə daha aşağı olacağını gözləyirik”.

Xatırladaq ki, ötən il Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini ardıcıl olaraq bir neçə dəfə endirməsindən sonra milli valyutanın dəyər itirməsi kəskin surətdə sürətlənib və bu, ölkənin maliyyə sisteminə mənfi təsir göstərib - illik inflyasiya isə 36 faizə çatıb. Bu ilin mart ayında isə Türkiyədə illik inflyasiya 61,1 faizə yüksəlib. Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatına əsasə martda aylıq inflyasiya 5,4 faiz təşkil edib.Bu zaman illik ifadədə ən çox bahalaşma nəqliyyat xidmətlərində (99 faiz), ərzaq və alkoqolsuz içkilərdə (70,3 faiz) və mebel, mənzil interyer əşyalarında (69 faiz) qeydə alınıb. Xatırladaq ki, fevral ayında Türkiyədə illik inflyasiya 2002-ci ildən bəri ən yüksək həddə - 48,69 faizə çatmışdı...

Türkiyə iqtisadiyyatı inflyasiyanın belə yüksək səviyyəsini qaldıra biləcəkmi? İnflyasiyanın yüksək olmasında yalnız xarici amillərmi rol oynayır?

Natiq Cəfərli: “SOCAR-da rəhbərlik dəyişikliyi son mərhələyə çatıb”

Natiq Cəfərli

Sualları cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Türkiyədə inflyasiya keçən ildən sürətlənib: “Bu prosesdə lirənin dəyərsizləşməsi ciddi amillərdən biridir. İqtisadiyyatın belə yüksək inflyasiyanı qaldırması çox çətin görünür. Buna görə də son vaxtlar ölkə prezidenti və əlaqədar qurumların rəhbərləri yeni proqramların anonsunu verirlər. Düzdür, konkret hansı addımların atılacağı hələ açıqlanmayıb, amma ilin ikinci yarısında dövlətin bir sıra istiqamətlərdə vətəndaşlara yönəlik ödənişləri artıracağı ehtimalı yüksəkdir”.

N.Cəfərlinin fikrincə, inflyasiya Türkiyədə turizm gəlirlərinin də azalmasına gətirib çıxaracaq: “Qiymətlərin yüksəlməsi Türkiyə turizmində bahalaşmaya səbəb olur. Bu isə ucuzluğa görə bu ölkəni seçən turistlərin istiqaməti dəyişməsinə səbəb ola bilər”.

Ekspert Elman Sadıqov: "Yay mövsümündən etibarən lirə müəyyən qədər  möhkəmlənəcək"

 Elman Sadiqov

İqtisadçı-ekspert Elman Sadiqov isə qeyd edir ki, Türkiyədə 2022-ci ilin yekununda real inflyasiya Mərkəzi Bankın indiki proqnozundan daha yüksək ola bilər: “Yəni indiki şərtlərlə 42,8 faiz elə də böyük nəticə sayılmamalıdır. Məsələ bundan ibarətdir ki, Türkiyədə ötən ilin son aylarında kəskin devalvasiya oldu. Bu devalvasiya istehlak bazarında qiymətlərə ciddi təsir etmədi, çünki anbarlarda ehtiyatlar vardı. Ona görə də bu təsir daha güclü şəkildə 2022-ci ilin ilk aylarından özünü göstərməyə başladı. Nəticədə mart ayında illik inflyasiya 61 faizə çatdı. Qiymətlərin hər ay artımı növbəti ayda daha yüksək inflyasiya göstəricisinin meydana çıxmasına səbəb olur. Bu baxımdan, 42,8 faizlik proqnoz real gözləntilərdən daha aşağıdır. Buna nail olmaq üçün Türkiyədə may-iyun aylarından etibarən inflyasiya azalmağa başlamalı, hətta deflyasiya qeydə alınmalıdır. Çünki bundan sonra aylıq inflyasiya 2-3 faiz olsa belə, 42,8 faizlik illiyə nail olmaq mümkün deyil.

Nəzərə almaq lazımdır ki, qlobal əmtəə bazarlarında bahalıq davam edir. Xüsusilə neft-qazın qiyməti yüksək həddədir, onun azalması yaxın aylarda real deyil. Belə yüksək qiymətlərlə enerjidaşıyıcıları alan ölkədə inflyasiyanın azalması mümkün deyil. Həm də turizm mövsümü başlayır, istehlak həcmində artım olacaq. Bu artan istehlakı mövcud bahalı qiymətlərlə təmin etmək inflyasiyanı artıran amillərdən biridir. Bu baxımdan, turizm mövsümü başa çatmadan Türkiyədə inflyasiyanın azalması mümkün deyil. Hətta mövsüm sonunda bu azalma baş verərsə, aylıq 20-30 faizlik deflyasiya olmalıdır ki, illik 42,8 faizlik inflyasiyaya nail olunsun. Bütün bunlara görə mən hesab edirəm ki, 2022-ci ilin sonunda Türkiyədə minimum 50 faiz illik inflyasiya qeydə alınacaq".

Ekspert bildirir ki, Türkiyədə ixrac artsa da, dünyada artan qiymətlər idxalın dəyərini yüksəltdiyinə görə cari açığın həcmini azaltmaq mümkün olmadı: “Mərkəzi Bankın inflyasiya proqnozunu yeniləməsi ondan xəbər verir ki, Türkiyə hökuməti müəyyən sahələrdə irəliləyişlərin əldə olunacağını və bunun da qiymətlərə salıcı təsir göstərəcəyini gözləyir”.

Azərbaycan Respublikasının Mərkəzi Bankı - Vüqar Ramin oğlu Əhmədov

 Vüqar Əhmədov 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının yeni rəhbərliyi 2022-ci ildə ölkədə inflyasiyanın proqnozlaşdırılan hədəf çərçivəsində qalacağı fikrindədir. AMB-nin baş direktoru Vüqar Əhmədov  bununla bağlı mətbuat nümayəndələrinə açıqlamasında məlumat verib: “Bizim müxtəlif ssenarilər əsasında inflyasiya proqnozlarımız var. Bütün proqnozlar inflyasiyanın cari səviyyədə olacağını, hədəfin yuxarı həddinə doğru yaxınlaşacağını göstərir. Hökumətin antiinflyasiya proqramları bu prosesə təsir edir”.

O bildirib ki, AMB-nin inflyasiya proqnozu 4+2 faizdir: “Yuxarı hədd dedikdə 6 faiz nəzərdə tutulur, amma ortamüddətli dövrdə 4 faizə yaxınlaşacağını düşünürük”

V.Əhmədov həmçinin bildirib ki, AMB bu il tədiyyə balansının qalığının ümumi daxili məhsula (ÜDM) nisbətinin 15-25 faiz olacağını proqnozlaşdırır: “Ölkədə daxil olan böyük valyuta gəlirlərinin valyuta bazarında tarazlığı təmin edəcəyini, məzənnə sabitliyini dəstəkləyəcəyini görəcəyik. Bunun da inflyasiyaya əhəmiyyətli neytrallaşdırıcı və azaldıcı təsirləri var”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR