İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkdilli dövlətlərin zirvə görüşü bitdi - Nəticələr

982 15.10.2019 22:19 Gündəm A A

Hikmət Babaoğlu: “Bu, əməkdaşlıq, humanitar, turizm, tərəfdaşlıq platformasıdır”

Azər Həsrət: “Macarıstanın öz əcdadlarını xatırlaması və ümumiyyətlə, heç zaman unutmaması çox ciddi məsələdir”

Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov və Macarıstanın Baş Naziri Viktor Orbanın iştirakı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü keçirilir.

Öncə məlumat verək ki, türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılan Türk Şurası türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

Bu yaxınlarda Özbəkistan Türk Şurasına üzv olmaq barədə qərar qəbul edib. Macarıstan isə təşkilatda müşahidəçi statusunda təmsil olunur.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi  Əli Həsənov oktyabrın 14-də  keçirilən “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı beynəlxalq media konfransında  bildirdi ki, bu gün türk dünyasının gözü Bakıda keçirilən Türk Şurasının Zirvə Görüşündədir. Həsənov bildirdi ki, bu ildən Türk Şurasına sədrlik Azərbaycana keçir və bu qurumla bağlı mühüm qərarlar Bakıda qəbul olunacaq. 

Xüsusilə də bu toplantıda Macarıstanın da iştirak etməsi bir yenilikdir. Ekspertlər bildirirlər ki, çox yaxşı haldır ki, macarlar öz əcdadlarını unutmurlar və türklərin bu cür möhtəşəm toplantısında iştirak edirlər.

Hikmət Babaoğlu ile ilgili görsel sonucu

 “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu da bildirib ki, Bakı hazırda çox mühüm bir tədbirə ev sahibliyi edir:

“Bu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yubiley toplantısıdır. Sözsüz ki, eyni etnosiyasi coğrafiyada mövcud olan dövlətlərin bundan sonrakı əməkdaşlığı üçün yeni perspektiv və şərtlər yaranır. Bütövlükdə əlbəttə ki, dini və milli identiklik əsridir. Buradakı beynəlxalq münasibətlər də məhz həmin istiqamətdə cərəyan edir. Ona görə də 10 il öncə yaradılmış bu təşkilatın, hazırda keyfiyyətcə yeni bir mərhələyə- inteqrasiya mərhələsinə qədəm qoyması və onun daha da genişlənməsi heç şübhəsiz ki, üzv ölkələr arasında bütün istiqamətlər üzrə əməkdaşlıqda yeni perspektivlər yaradır. Şahidi olacağıq ki, qardaş Özbəkistan Respublikası da bu gün şuraya üzv olacaq. Bizə məlumdur ki, şurada Nazirlər şurasının iclası keçirildi. Bütün bunlar heç şübhəsiz ki, iqtisadi, mədəni, mənəvi, tarixi kontekstdə mühüm inteqrasiyanı təmin edəcək. Nəzərə almaq lazımdır ki, Özbəkistan da daxil olmaqla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əhatə etdiyi demoqrafik potensial 170 milyona çatdı. Yəni bu ölkələrin əhalisinin sayı 170 milyondur. Əslində bu, həm də 170 milyonluq bir bazardır. Bu mənada həm strateji, həm milli maraqlar, həm də mühüm iqtisadi münasibətlərin formalaşması kontekstində təşkilat çox əhəmiyyətlidir. Şübhəsiz ki, növbəti mərhələlərdə təşkilatın BMT yanında, İslam Əməkdaşlıq Təşkilatı yanında status alması məsələləri də mövcuddur. Bunlar günün çağırışlarıdır”.

  1. Babaoğlu bildirib ki, ən mühüm hadisələrdən biri də burada Macarıstanın müşahidəçi statusunda təmsil olunmasıdır:

“Bu, təşkilatın coğrafiyasının nə qədər geniş və cazibədar olmasından xəbər verir. Ona görə də düşünürəm ki, bu mühüm bir tarixi hadisədir. Bu ölkələrin informasiya resurslarının koordinasiya edilməsi, məhz informasiya maraqlarının təmin olunması da ayrıca bir məsələdir. Dünən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənov və Türkiyənin xarici işlər naziri cənab Mövlud Çavuşoğlunun iştirak etdiyi tədbirdə, çox aktual çağırışlar səsləndirildi. Cənab Əli Həsənov söylədi ki, bir millətin iki dövləti ola bilər, ancaq iki mətbuatı ola bilməz. Bildirdi ki, bizim mətbuatımız birdir və bütün müstəvidə milli maraqlarımızı müdafiə etməlidir. Doğrudan da hazırda baş verən informasiya prosesində maraqların təmin olunmasını nəzərə alsaq, bu çağırış nə qədər aktualdır. Şübhəsiz ki, bu, əməkdaşlıq, humanitar, turizm, tərəfdaşlıq platformasıdır. Üzv ölkələrin hər birinin ümumi maraqlarının həll olunması baxımından platforma olduqca lazımlıdır”.

Azər Həsrət ile ilgili görsel sonucu

Ekspert Azər Həsrət bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündən danışan zaman, Macarıstanın burada müşahidəçi statusunda təmsil olunması xüsusi qeyd edilməlidir:

“Macarıstanın öz əcdadlarını xatırlaması və ümumiyyətlə, heç zaman unutmaması çox ciddi məsələdir. Xüsusən də nəzərə almaq lazımdır ki, Macarıstan Avropanın tam mərkəzində yerləşir və tamhüquqlu üzvüdür. Zamanında Osmanlı imperiyasının uzandığı bir coğrafiyadır. Əlbəttə ki, onların bu birliyə könül verməsi bizi sevindirir. İkinci bir məsələ odur ki, inteqrasiya prosesinin genişlənməsi və sürətlənməsi sevindiricidir. Özbəkistan da artıq rəsmən üzv oldu və eyni zamanda Türkmənistanın da bura qatılmasını arzu edirik. Türkmənistan hazırda üzv olmasa da müxtəlif layihələrdə iştirak edir və özünü kənarda hiss etmir. Dünən bizim diqqətimizi o da çəkdi ki, Rəcəb Tayyib Ərdoğan  bu vaxta kimi bizim işlətdiyimiz “iki dövlət, bir millət” ifadəsini bir qədər də inkişaf etdirib, “6 dövlət 1 millət”,- dedi. Bu, artıq gələcəyin müjdəsidir. Görünən odur ki, artıq həm Türkiyə, həm Azərbaycan, həm də Orta Asiya türk dövlətləri gələcəklər bağlı böyük işlər görməyə hazırlaşırlar ki, bu cür ifadələrə də yer verirlər”.

Əli Rais,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR