İnsanlara hürriyət, millətlərə istiqlal!

Turizmin dəmir yolu - Bakı-Qəbələ xətti istismara hazırdır - reportaj

573 20.05.2021 10:10 Reportaj A A

Qatar mənzil başına 3 saat 20 dəqiqəyə çatacaq

“Azərbaycan Dəmir Yolları” QSC mayın 18-də bir qrup media nümayəndələrinin iştirakı ilə  Ləki stansiyası-Qəbələ birxətli dəmir yoluna mediatur təşkil edib.

Mediatur zamanı jurnalistlərə yeni dəmir yolu, Qəbələnin turizm potensialı barədə məlumatlar verilib.

Bildirilib ki, Ləki stansiyası - Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometr təşkil edir. Ləki stansiyası - Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90 metr) və tökmələrdən (12 metr) keçir. Ümumilikdə layihə üzrə 122 ədəd (o cümlədən 7 körpü, 1 yolötürücü, 6 avtomobil alt keçidi, 2 heyvan keçidi və 106 suötürücü boru) süni mühəndis qurğusu, Ağdaş dəmir yolu dayanacağı, Qəbələ dəmir yolu stansiyası, Qəbələ dartı yarımstansiyasının tikintisi və Hacıalı yarımstansiyasının təmiri işləri aparılıb.

Bakıdan Qəbələyədək dəmir yolu xətti 311 kilometr, qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə təşkil edir. Dəmir yolu xəttində İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dördvaqonlu ikimərtəbəli sürət qatarından istifadə olunacaq. Qatar standart, biznes və birinci klass vaqonlardan ibarətdir. Vaqonlardakı yerlərin ümumi sayı 363-dür, bunlardan 293-ü standart, 61-i biznes, 9-u isə birinci klass yerlərdir.

Yağış sularının kənarlaşdırılması və torpaq yatağının dayanıqlılığını təmin etmək məqsədilə 16 min 855 poqonometr beton qanov, 430 poqonometr drenaj xətti və 277 poqonometr istinad divarının tikintisi tamamlanıb.

Dəmir yoluna paralel olaraq layihə üzrə 10 kV-luq sərbəst yan qidalandırıcı elektrik verilişi xətti və kontakt şəbəkə quraşdırılıb. Həmçinin rabitə və işarəvermə işləri istismara hazır vəziyyətə gətirilib.

Sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı boyunca 84 min 600 poqonometr metal hasar quraşdırılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova bildirib ki, Bakı-Qəbələ qatarı pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib. Qatar istifadəyə tam hazırdır. “Pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişindaşıma dayandırılıb. Buna görə də Bakı-Qəbələ qatarı hazırda sərnişinlərin istifadəsinə verilməyib. Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiymətləri barədə yaxın vaxtlarda məlumat veriləcək. Biletlərin qiymətləri dəqiqləşdirilməyib”, - deyə Natəvan Bayramova əlavə edib.

Yeni açılışı olan stansiyanın Qəbələnin turizm potensialına təsiri ilə bağlı Dövlət Turizm Agentliyinin regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov deyib ki, bu, regional turizm üçün mühüm hadisədir.

O bildirib ki, Azərbaycan kimi coğrafi baxımdan kiçik ölkələrdə dəmir yolu ilə səyahət olduqca önəmlidir. Gəncədən sonra Qəbələyə sürət qatarının təşkili şimal regionunun turizm potensialının nümayişi üçün əhəmiyyət kəsb edir.

“Qəbələ daxili və xarici turistlərin səyahəti baxımından Bakıdan sonra ikinci yerdə qərarlaşıb. Həmçinin Qəbələ ilin bütün fəsillərində turistləri özünə cəlb edən bir istiqamətdir. Bu səbəbdən yeni dəmir yolu xəttinin açılışı təsadüfi hadisə deyil və Qəbələnin turizm potensialının artırılmasında mühüm rol oynayacaq”, - deyə Elgün Cavadov vurğulayıb.

Qeyd edək ki, ən müasir yol-nəqliyyat infrastrukturu ilk növbədə vətəndaşların rahatlığına xidmət edəcək. Bu layihənin reallaşması Qəbələdən paytaxta və digər yerlərə gedən sakinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına hərtərəfli imkan yaradır.

Əli RAİS,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR