ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı son açıqlaması Rusiya-Ukrayna müharibəsinin gələcək gedişinə dair yeni suallar meydana çıxarıb. Trampın zərurət yaranacağı təqdirdə ABŞ-nin Ukrayna üzərində hava məkanını bağlamaq variantını istisna etməməsi Vaşinqtonun Kiyevə dəstəyinin mümkün yeni mərhələsidir. Müharibənin başlanmasından bəri Ukrayna dəfələrlə Qərbdən "uçuşa qadağan zona" yaradılmasını xahiş etsə də, ABŞ və NATO indiyədək bu addımdan yayınaraq, bunun Rusiya ilə birbaşa hərbi toqquşma riski yaradacağını bildiriblər. Məhz buna görə Trampın son bəyanatı ciddi müzakirələrə səbəb olub.
Əgər Vaşinqton həqiqətən də Ukrayna səmasının təhlükəsizliyinin təmin olunmasına birbaşa qoşulsa, bu, təkcə Kiyevin müdafiə imkanlarını gücləndirməyəcək, həm də müharibənin xarakterini dəyişdirə biləcək addım sayılacaq. Digər tərəfdən, belə bir qərar NATO ilə Rusiya arasında gərginliyi görünməmiş səviyyəyə çatdıra və qlobal təhlükəsizlik üçün yeni risklər yarada bilər.
İndiyədək Ukraynanın hava məkanı niyə bağlanmayıb? Trampın açıqlaması real planın xəbərçisidir, yoxsa Moskvaya ünvanlanmış siyasi mesajdır? ABŞ-ın belə bir addımı beynəlxalq hüquq baxımından hansı nəticələr doğura bilər və bunun müharibənin taleyinə təsiri necə olar?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-da əvvəlcə vacib bir məqama diqqət yetirdi: "Tramp ABŞ-ın mövcud müharibə şəraitində Ukrayna səmasını bağlayacağını elan etməyib. O bildirib ki, əgər gələcəkdə mümkün sülh razılaşması əldə olunarsa və Rusiya həmin razılaşmanı pozaraq yenidən hücuma keçərsə, ABŞ belə bir variantı nəzərdən keçirə bilər. Bu fərq kiçik görünə bilər, amma geosiyasətdə məhz bu cür nüanslar strateji mənanı dəyişir.
Bəs niyə bu açıqlama bu qədər diqqət çəkdi? Çünki 2022-ci ildən etibarən ABŞ və NATO ardıcıl olaraq Ukrayna üzərində uçuşa qadağan zona yaradılmasından imtina ediblər. Səbəb isə o idi ki, belə bir qərar NATO aviasiyasının Rusiya təyyarələri və hava hücumundan müdafiə sistemləri ilə birbaşa qarşıdurması demək olardı. Nüvə silahına malik iki böyük güc arasında belə toqquşmanın nəticələri isə heç bir tərəfin maraqlarına uyğun deyil. Məhz buna görə hesab edirəm ki, Trampın bəyanatını hərbi əməliyyat planı kimi oxumaq düzgün deyil. Bu, ilk növbədə siyasi və psixoloji təzyiq alətidir. Vaşinqton Kremlə açıq mesaj verir ki, əgər gələcək razılaşmalar pozularsa, ABŞ əvvəlki illərdə nümayiş etdirdiyi ehtiyatlı mövqeni yenidən nəzərdən keçirə bilər. Başqa sözlə, məqsəd bu gün Ukrayna səmasını bağlamaq deyil, Rusiyanın sabah bu ehtimalı ciddi hesab etməsinə nail olmaqdır. Burada diqqətdən yayınan daha bir mühüm məqam da var. ABŞ-ın son dövrdə Ukraynanın hava müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar göstərir ki, Vaşinqtonun əsas strategiyası öz hərbi qüvvələrini birbaşa münaqişəyə cəlb etmək yox, Ukraynanın müdafiə imkanlarını maksimum artırmaqdır. Müasir hava hücumundan müdafiə sistemləri, texnologiya transferi və hərbi sənaye əməkdaşlığı məhz bu strategiyanın tərkib hissəsidir.
Bu yanaşma təsadüfi deyil. Donald Trampın siyasi fəlsəfəsinin mərkəzində həmişəki kimi "Amerika hər şeydən əvvəldir" prinsipi dayanır. Bu yanaşma ABŞ-ın maraqlarını birbaşa risk altına qoymadan rəqiblər üzərində maksimum siyasi təsir yaratmağa hesablanıb. Ona görə də Tramp administrasiyasının prioriteti ABŞ pilotlarını döyüşə göndərmək deyil, Rusiyanın gələcək hərbi qərarlarının qiymətini mümkün qədər artırmaqdır. Məncə, hazırkı mərhələdə ən yüksək ehtimallı ssenari də məhz budur".
Siyasi təhlilçi əminliklə onu da qeyd etdi ki, ABŞ yaxın perspektivdə Ukrayna üzərində klassik mənada uçuşa qadağan zona elan etməyəcək: "Əvəzində Ukraynanın hava müdafiə imkanları daha da genişləndiriləcək, müasir silah sistemlərinə çıxışı artırılacaq və Moskva qarşısında yeni müdafiə mexanizmi formalaşdırılacaq. Əlbəttə, risklər də qalır. Əgər Rusiya bu mesajı hərbi təhdid kimi qəbul edərsə, cəbhədə və Ukrayna şəhərlərinə qarşı hücumların intensivliyi arta bilər. Belə vəziyyətdə NATO-nun şərq cinahında əlavə hava hücumundan müdafiə tədbirlərinin gücləndirilməsi də gündəmə gələ bilər. Bu isə regional təhlükəsizlik mühitini daha da həssas edəcək.
Bütün bunların fonunda ən vacib nəticə ondan ibarətdir ki, Trampın hava məkanını bağlamaq ifadəsi bu gün üçün hərbi əməliyyat əmri deyil. Bu, Moskvanın qərarvermə prosesinə təsir göstərmək üçün hazırlanmış geosiyasi mesajdır. Hədəf Ukrayna səmasında ABŞ qırıcılarının patrul uçuşları deyil, Kremlin gələcək addımlarını əvvəlcədən hesablamağa məcbur etməkdir. Geosiyasətdə bəzən bir cümlə yüzlərlə güclü silahdan daha güclü təsir göstərir. Trampın bu bəyanatı da, məncə, məhz həmin kateqoriyaya aiddir. Vaşinqton faktiki olaraq yeni təhlükəsizlik düsturunu ortaya qoyur. "Əgər sülhü pozsanız, növbəti dəfə qarşılaşacağınız Ukrayna əvvəlkindən tamamilə fərqli olacaq." Məhz bu mesajın özü hazırda Ağ Evin əsas strateji rıçağı kimi görünür".
Cavanşir Abbaslı
Musavat.com






