İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kanadanın baş nazirini Maduro kimi oğurlada bilərmi? – Ottavada panika, sosial şəbəkələrdə ŞOK suallar

1083 24.01.2026 21:23 Dünya A A

ABŞ prezidenti Donald Tramp Kanadaya və onun hökumətinə qarşı növbəti dəfə son dərəcə sərt və hədələyici ritorika nümayiş etdirib.

Musavat.com xəbər verir ki, Çinlə mümkün iqtisadi və ticarət anlaşmasına görə Kanadanı 100 faizlik gömrük rüsumu ilə hədələyən Trampın bu paylaşımı Kanada cəmiyyətində və xüsusilə sosial mediada ciddi narahatlıq yaradıb.

Kanada sosial şəbəkələrində Trampın açıqlamasına verilən reaksiyalar getdikcə daha radikal suallarla müşayiət olunur. Sosial media istifadəçiləri istehza və narahatlıq qarışıq bir ritorika ilə soruşurlar: Tramp Kanadanın baş naziri Mark Karnini Venesuela prezidenti Nikolas Maduro kimi oğurlaya bilərmi?

Bu sual ilk baxışdan ironik səslənsə də, arxasında real siyasi qorxu dayanır. Çünki Tramp administrasiyasının Latın Amerikasında, xüsusilə Venesuela kontekstində nümayiş etdirdiyi davranışlar hələ də beynəlxalq yaddaşdadır. Vaşinqtonun Maduroya qarşı illərlə apardığı təzyiq kampaniyası, açıq rejim dəyişiklik çağırışları və ardınca da gizli əməliyyat indi Kanadada da paralel müqayisələr doğurur.

Xatırladaq ki, Tramp hakimiyyətə gəldiyi ilk aylarda Kanadaya münasibətdə də qeyri-ənənəvi mövqe tutmuşdu. O zaman açıq şəkildə bəyan edirdi ki, Kanada ABŞ-la birləşməli və Amerikanın ştatlarından birinə çevrilməlidir. Bu bəyanatlar Ottavada dövlət suverenliyinə birbaşa təhdid kimi qəbul edilmişdi.

Lakin proses Trampın istədiyi kimi inkişaf etmədi. Kanada ABŞ-la inteqrasiya etmədi, əksinə, Vaşinqtonun başı üzərindən Çinlə iqtisadi və ticarət razılaşmasına getdi. Məhz bu addım indi Trampın açıq qəzəbinə səbəb olub.

Trampın son paylaşımında Kanadanı Çin üçün “arxa qapı”, ABŞ bazarına dolayı yol kimi təqdim etməsi, “Çin Kanadanı udacaq” kimi ifadələr işlətməsi artıq klassik diplomatik dil deyil. Bu, açıq siyasi təzyiq və ultimatum ritorikasıdır.

Kanadanın hazırkı baş naziri Mark Karni ilə bağlı sosial mediada səslənən “Maduro ssenarisi” əslində Kanadanın gələcək suverenliyi və təhlükəsizliyi ilə bağlı artan ictimai narahatlığın ifadəsidir.

Analitiklərin fikrincə, Tramp bu tip açıqlamalarla açıq mesaj verir:

- Çinlə əməkdaşlıq edən ölkələr ABŞ-la münasibətlərdə cəza riskini qəbul etməlidir;

- ABŞ-ın ən yaxın müttəfiqləri belə Vaşinqtonun “qırmızı xətləri”ni keçərsə, təzyiqlərlə üzləşə bilər.

Beləliklə, Tramp-Kanada qarşıdurması artıq yalnız ticarət mübahisəsi deyil. Bu, suverenlik, siyasi təzyiq və psixoloji təhlükəsizlik müstəvisinə keçmiş yeni mərhələdir. Ottavada isə sual açıq qalır: bu, yalnız sərt ritorikadır, yoxsa Trampın növbəti addımları daha radikal olacaq?

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR