İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Dünya Kubokuna damğa vurdu - Deputat onun “bağışlanması”nı istəyir...

1445 20.07.2026 13:24 İdman A A

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026 dünya çempionatının finalı təkcə İspaniyanın tarixi zəfəri ilə deyil, həm də siyasi çalarlarla yadda qaldı. Dünya çempionu adını qazanan ispanların meydanda futbol bayramı yaşadığı halda, mükafatlandırma mərasimində ABŞ prezidenti Donald Trampın rolu qlobal medianın əsas müzakirə mövzularından birinə çevrildi. Ağ Ev sahibinin FIFA prezidenti Canni İnfantino ilə birlikdə kuboku təqdim etməsi, daha sonra isə komandanın sevinc anlarında səhnədə qalmağa davam etməsi sosial şəbəkələrdə və beynəlxalq mətbuatda birmənalı qarşılanmadı. Bir çoxları bunu ev sahibi olan ölkə prezidentinin protokol çərçivəsində iştirakı kimi qələmə versə də, digərləri futbolun ən müqəddəs anlarından birinin siyasi fiqurun kölgəsində qalmasını tənqid etdi. Mübahisələr bununla da yekunlaşmır. Turnir boyu Trampın ABŞ millisinin futbolçusu Folarin Baloqanın qırmızı vərəqəsi ilə bağlı FIFA rəhbərliyilə təmasları da “siyasət idmana təsir göstərirmi?” sualını yenidən gündəmə gətirmişdi. Final mərasimində yaşananlar isə həmin müzakirələri daha da alovlandırdı və FIFA-nın siyasi neytrallıq prinsipi barədə yeni debatların başlanmasına səbəb oldu.

Futbol həqiqətən siyasətdən kənarda qala bilir, yoxsa dünyanın ən böyük idman turniri artıq qlobal güclərin yumşaq təsir alətinə çevrilməkdədir?

824c93103dcca190797c6ac3f8ef574c.jpg (250 KB)

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Musavat.com-da məsələyə bu cür şərh verdi:

“Futbol həqiqətən də siyasətə bulaşmış vəziyyətdədir. Trampın da bu məsələdən istifadə etməsi əslində gözlənilən idi. Məncə, burada qəribə bir şey yoxdur. Müəyyən dərəcədə burada həm də söhbət böyük pullardan gedir. Təşkilatçılığın özünün də müəyyən avantajları burada əsas amillərdən biridir. Amma hər halda Tramp ölkəsini çempion edə bilmədi. Çempion yenə də başqa sferadan çıxdı. Ona görə də orada belə bir mərasimdə iştirak etməsi normal qəbul olunmalıdır, özünün təbliğatı baxımından da. Bir fürsəti dəyərləndirdi. Görünür, bir sıra məsələlərdə təcrübəsizlik də etdi. Amma yaşlı adamdır, müəyyən addımları emosional ola bilər. İstənilən halda onun orada olması da təltifetmə mərasiminə, çempionluğun qeyd olunmasına xüsusi maraq qatdı. Çempionatın sonluğu əslində bu epizodla daha maraqlı oldu. Trampın populyarlığı tədbirin mötəbərliyi baxımından çox gözəl bir görüntü verdi”.

kenan-mesteliyev.jpg (296 KB)

İdman mütəxəssisi Kənan Məstəliyev isə hesab edir ki, finalda olanlar normaldır:

“Bu, protokol qaydasıdır, Trampın orada iştirakında heç bir problem yoxdur. Bəli, kubokun qaldırılması zamanı səhnədən getməli idi, getmədi. Ancaq bunu bu siyasətçinin xasiyyəti kimi qəbul etməliyik. O, belə biridir. Şounun, hadisələrin ortasında olmağı xoşlayır. Nə birinci dəfədir, nə ikinci, nə də sonuncu. O ki qaldı Baloqanın məsələsinə, bu, birbaşa müdaxilədir. FIFA onsuz da futbolu siyasətə qarışdırıb, bu məsələni isə lap oyuncağa çevirdi. Analoqu olmayan, biabırçı qərar, oyunun ruhuna qarşı gediş idi.

RaRXJEh8M7cVQgdJ07Xd4LL2CvW47aap8Cg5QRNP_1200.jpg (111 KB)

Bir dövlət başçısının zəngi ilə intizam qaydalarının tətbiq formasını dəyişmək ədalətsizlik nümunəsi oldu. Tramp və digərinin buna hüququ çatmır. Canni İnfantino son zamanlar şəxsi mənafeyinə çox şeyi qurban verirdi, budəfəki DÇ kulminasiya nöqtəsi oldu. Düşünürəm ki, məhz Baloqanın məsələsi onun istefasına səbəb ola, ya da sürətləndirə bilər. Ümumilikdə isə futbolun siyasətdən kənarda qalması mümkün deyil. Milyardların izlədiyi bir oyun saf qala bilməz. Mütləq bu işlərin içərisində olacaq, onun istiqamət verən, həmçinin istiqamətləndirilən tərəfi olacaq. Artıq Messi də, Ronaldo da, digər tanınmış futbolçular da siyasi alətdirlər, çünki milyardlara xitab edirlər”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR