İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Azərbaycan və Türkiyəyə gözlənilməz mesaj: "Siz hədəfimiz deyilsiniz"

3547 20.07.2026 22:41 Dünya A A

İranın ali dini liderinin müşaviri, SEPAH-ın keçmiş komandanı Yəhya Rəhim Səfəvinin Azərbaycan və Türkiyə ilə bağlı son açıqlamaları regionda diqqət çəkən müzakirələrə səbəb olub. O, dron insidentindən sonra Tehranın həm Ankara, həm də Bakı ilə birbaşa təmaslar qurduğunu, hadisə ətrafında qarşılıqlı mövqelərin koordinasiya edildiyini bildirib. Səfəvinin səsləndirdiyi fikirlər İran-Türkiyə-Azərbaycan münasibətlərində təhlükəsizlik məsələlərinin hansı səviyyədə müzakirə olunduğunu bir daha gündəmə gətirib.

Yəhya Rəhim Səfəvi bildirib ki, dron insidentindən dərhal sonra Türkiyə tərəfi İranla əlaqə saxlayaraq baş verən hadisə ilə bağlı məlumat istəyib.

Onun sözlərinə görə, Tehran rəsmi Ankaraya və Bakıya açıq şəkildə çatdırıb ki, nə Türkiyə, nə də Azərbaycan İranın hədəfində deyil.

“Türkiyə tərəfi özü əlaqə saxladı və baş verən dron məsələsini soruşdu. Biz açıq bildirdik ki, Türkiyə və ya Azərbaycan hədəfimizdə deyil”, – deyə Səfəvi qeyd edib.

SEPAH-ın keçmiş komandanının sözlərinə görə, Türkiyə İncirlik aviabazasının İrana qarşı mümkün hərbi əməliyyatlarda istifadə olunmayacağını bəyan edib. O, həmçinin bildirib ki, Azərbaycan da öz ərazisində ABŞ və ya İsrailə məxsus hərbi bazaların olmadığını İran tərəfinə çatdırıb.

Yəhya Rəhim Səfəvi baş verən hadisəni “açıq təxribat” kimi qiymətləndirərək, məsələ ilə bağlı ölkə daxilində araşdırma aparılması barədə göstəriş verdiyini bildirib. O əlavə edib ki, İran Xarici İşlər Nazirliyinə həm Azərbaycan, həm də Türkiyə tərəfinin rəsmi şəkildə məlumatlandırılması üçün müraciət olunub.

Səfəvinin bu açıqlamaları Tehranın Bakı və Ankara ilə münasibətlərində hansı yeni mesajları ehtiva edir? Dron insidenti region ölkələri arasında təhlükəsizlik sahəsində koordinasiyanı gücləndirəcəkmi? İranın "Azərbaycan və Türkiyə hədəfimiz deyil" mesajı bölgədə gərginliyin azalmasına töhfə verə bilərmi?

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Musavat.com-a dedi ki, Yəhya Rəhim Səfəvinin səsləndirdiyi son bəyanatlar Yaxın Şərq və Cənubi Qafqaz kəsişməsində regional təhlükəsizlik arxitekturasının beynəlxalq hüquq və politologiya müstəvisində yenidən qiymətləndirilməsini şərtləndirir: "Sözügedən açıqlamalar Bakının səbrli və eyni zamanda qətiyyətli davranışının ardınca, Tehranın, nəhayət ki, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində təsbit edilmiş suverenliyə hörmət, ərazi bütövlüyünün toxunulmazlığı və güclə hədələməmək prinsiplərinə uyğun, regional gərginliyin eskalasiyasını neytrallaşdırmağa yönəlmiş diplomatik gedişi sayıla bilər. Tehranın Ankara və Bakı ilə operativ təmaslar quraraq Türkiyə və Azərbaycanın hədəf alınmadığını bəyan etməsi hüquqi baxımdan mehriban qonşuluq prinsipinə söykənən və transsərhəd təhdidlərin qarşısını almağa hədəflənən strateji addımdır. Məlumdur ki, Cənubi Qafqazda formalaşan geopolitik landşaftın əsas memarı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə formalaşan təkzibedilməz regional reallıqlar beynəlxalq hüququn aliliyinə, suverenliyin bərpasına və kommunikasiya xəttlərinin açılmasına əsaslanır".

Deputatın sözlərinə görə, bütün bu proseslər fonunda Azərbaycan dövləti və xüsusilə Prezident İlham Əliyev Tehrana münasibətdə həmişə dürüst, şəffaf, vicdanlı və proqnozlaşdırılan siyasət yürüdüb: "Müxtəlif qlobal və regional təzyiqlərə baxmayaraq Bakı öz ərazisinin heç bir halda İrana qarşı platforma kimi istifadə olunmasına icazə verməyəcəyini beynəlxalq öhdəliklərinə və vicdanlı diplomatiya prinsiplərinə sadiq qalaraq praktiki müstəvidə dəfələrlə sübut edib. Tehran rəhbərliyinin Bakının yaratdığı bu reallıqları adekvat dəyərləndirməsi və qarşılıqlı hörmətə söykənən dostluq modelini mənimsəməsi İranın özünün geostrateji və iqtisadi maraqlarına tam cavab verir. Şimal-Cənub Nəqliyyat Dəhlizi başda olmaqla, Azərbaycanın formalaşdırdığı logistik imkanlar İranın Avrasiya iqtisadi məkanına inteqrasiyası üçün əvəzsiz şərtdir. Eyni zamanda Bakı və Ankaranın irəli sürdüyü "3+3" əməkdaşlıq formatı regional problemlərin kənar müdaxilə olmadan həlli prinsipini önə çəkməklə İranın təhlükəsizlik doktrinası ilə üst-üstə düşür. Azərbaycanla sağlam dostluq münasibətləri İranın şimal sərhədlərində sabitlik zolağı formalaşdırır və onun iqtisadi subyektlərinin bərpa olunan Qarabağ və Şərqi Zəngəzurun potensialından faydalanmasına geniş imkanlar açır. Bu fonda Səfəvinin bəyanatları İranın Azərbaycanla gərginlikdə deyil, məhz şəffaf koordinasiya və dostluq mühitində qalmasının daha dividentli olduğunu anladığını göstərir. Dron insidenti fonunda qurulan birbaşa hərbi-diplomatik təmaslar isə, heç şübhəsiz ki, böhranların idarə olunmasında operativ mexanizmlərin əhəmiyyətini ortaya qoydu. Azərbaycanın nümayiş etdirdiyi müstəqil, vicdanlı və beynəlxalq hüquqa söykənən xarici siyasət xətti regionda bütün tərəflərin təhlükəsizliyinə xidmət edir. Bakı və Tehran arasında münasibətlərin dostluq və suverenliyə hörmət prinsipləri əsasında inkişafı isə bütövlükdə Cənubi Qafqaz və Xəzər hövzəsində davamlı sülhün etibarlı zəmanətidir".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR