İnsanlara hürriyət, millətlərə istiqlal!

Torpaq altından çıxan CÜMHURİYYƏT

1799 27.05.2024 12:55 Yazarlar A A

SSRİ deyilən quruluşun xarabalıqları altında bizim Üçrəngli Bayrağımız da vardı, Himnimiz də, Gerbimiz də...

Memar bir yaraşıqlı bina tikəndə uzaqdan dayanıb qürurla baxır, baxır...1918-ci ilin 28 Mayında Azərbaycan Xalq Cümhuriyyətini quranların ona kənardan baxıb qürurlanmağa zamanları az oldu, əvəzində kənardan xarabalığına baxıb çərləyib öldülər. Yəqin ki, dünya tarixində bu cür qısa ömürlü dövlətlər, quruluşlar, ittifaqlar çox olub. Onların xarabalıqları üzərində bəlkə də daha möhkəm təməlli dövlətlər yaranıb, dağılıb, yenə qurulub...

Amma bizim Cümhuriyyətin nisgili kimi olmayıb bəlkə də...Bizdən gizlətdikləri həqiqəti o vaxt bildik ki, artıq SSRİ deyilən quruluş dağılırdı və xarabalıqları altında o Cümhuriyyətin işartıları görünürdü. Bizim o xarabalıqlar altından çıxan tariximizdə Üçrəngli Bayrağımız da vardı, Himnimiz də, Gerbimiz də...Bu ən böyük təskinliyimiz oldu. O kişilər bizə bunları miras qoyub, qərib-qərib diyarlara getmişdilər...

Qərib məzarlıqlarda kimlərimiz var?

adr_tehsil.jpg (68 KB)

Məhəmməd Əmin Rəsulzadə-Məzarı Ankarada.
Əlimərdan bəy Topçubaşov-Məzarı Parisdə.
Fətəli Xan Xoyskİ-Məzarı-Tiflisdə.
Məhəmmədhəsən Hacınski-Məzarı-Tiflisdə .
Əhməd bəy Ağaoğlu- Məzarı İstanbulda.
Rəhim bəy Vəkilov-Məzarı-Tiflisdə
Həmid bəy Şaxtaxtinski-Vəfat yeri Arxangelsk.
Əkbər ağa Şeyxülislamov-Vəfat yeri Paris...

Bunu dəfələrlə yazmışam: dövlət qurmaq Allahın seçilmiş bəndəsinə verdiyi missiyadır şübhəsiz, bunun hər adamın boyuna biçilmədiyi məlumdur. Bu Peyğəmbərlik deyil. Amma nədirsə, elə bir vergidir ki, sən bu işi görməlisən, nəyin bahasına olursa-olsun bu dövlətçilik ideyasını yaymalısan, tərəfdar toplamalısan, həmfikirlər axtarmalısan və o ideya gerçəkləşməyənədək geri çəkilməməlisən. Ya dar ağacı gözləyir səni, ya şəhidlik, ya didərginlik. Tarixdə ən maraqlı və dəyərli şəxsiyyətlər də məncə, torpağı dövlət edənlərdir.

Təkcə dövlətimizi quran kişiləri dərbədər salmayıblar, həm də Azərbaycan Xalq Cümhuriyyəti adlı dövlətimizi bizdən gizlədiblər. Dövləti gizlətmək!? İnanılmaz kimi görünür, amma məhz belə olub! Şərqdə ilk demokratik parlamentli respublika quran şəxsiyyətləri qalın-qalın tarix kitablarında düşmən kimi damğalayıblar. O ideyaların hələ məhv olmamış cücərtilərini ürəklərində daşıyan ziyalılarımızı 37-ci ildə ya güllələdib, ya da sürgündə çürüdüblər.

cf3aa3bb524f321f067a6d038c1eb8a0 (1).jpeg (226 KB)

Cümhuriyyət günündə ən çox İngiltərə krallığı yada düşür. Azərbaycanın çətin günlərində Bakıya nə məqsədlə qoşun yeritdiyi haqda tarixi yenidən qurdalamağın mənası yoxdur. Ermənilərdən Osmanlıya və Azərbaycanın müstəqilliyinə qarşı necə istifadə etdikləri də bilinən faktlardır. Hətta “Böyük Ermənistan” xəyalını ermənilərin boş başlarına yerləşdirməsində ingilis hökumətinin xüsusi rolu olub. Biz tarixən monarxist deyilik, respublikaçılıq bizə daha yaxındır, Məhəmməd Əmin Rəsulzadəyə əbədi sevgi və rəğbətimizin də əsas səbəbi budur!

Məhəmməd Əmin Rəsulzadə və əqidədaşlarının böyüklüyü dövləti elan etmələri ilə məhdudlaşmır, onun demokratik əsaslarını, idarəedilməsini, inkişaf prinsiplərini, dinə təməl baxışını yaradıblar. XX əsrin əvvəllərində belə mənalı bayraq yaratmaq və ucaltmaq hər yox, ər kişilərin işi olub.

Prezident İlham Əliyev də heç şübhəsiz təkcə son 5 illik fəaliyyəti ilə o dövləti quranların bütün arzularını yerinə yetirdi. “Qarabağ Azərbaycandır” deyən Ali Baş Komandan bu tarixi, fövqəladə məsuliyyətli işi bacardı. Azərbaycanın belini dikəltdi, xalqın qırılmış qürurunu bərpa, Cümhuriyyəti yıxanlarla əlbir olan erməni lobbisinin isə 100 illik planlarını məhv etdi. Azərbaycan xalqının qəlbində və tarixində elə bir uca yerə yerləşdi ki, ona da Cümhuriyyət qurucuları kimi nə düşmənin əli çatar, nə ünü yetər...

Bu mübarək gün ərəfəsi əlbəttə, Azərbaycanın azadlığı uğrunda şəhid olanlarımızı böyük ehtiramla yad edirik.

Dövlətimiz daima var olsun!

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR