Düzünü desəm, bu dəfə stadiona təkcə futbol izləməyə getməmişdim.
Fransada doğulan və böyüyən, məktəbə tez-tez Qarabağ forması geyinərək gedən, Braqada, Leverkuzendə tribunada mənimlə birlikdə "Qarabağ" səsləndirən 9 yaşlı oğlum Cəbrayılla ilk dəfə idi ki, doğma Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda birlikdə Qarabağımıza azarkeşlik edirdik.
Məhz bu məqamda insan anlayır ki, xaricdə yaşayan bir azərbaycanlı uşaq üçün doğma Bakıda, minlərlə həmvətəni ilə eyni tribunada "Qarabağ!" deyə qışqırmaq tam başqa hissdir və bu hissi heç nə əvəz edə bilməz.
Söhbət sadəcə 90 dəqiqəlik bir futbol oyunundan getmir, nəsillər arasında ötürülən sevgini, vətənlə qurulan görünməz bağı və Azərbaycandan kənarda böyüyən kiçik azərbaycanlı uşağın yaddaşında formalaşan ömürlük xatirəni görürsən.
Mən Qarabağ futbol klubunu illərdir, minlərlə kilometr uzaqda, Avropanın müxtəlif stadionlarında izləmişəm, amma doğma Bakıda tribunada olmaq doğrudan da tamam başqa hiss imiş.
Fransada böyüyən Cəbrayıl üçün Qarabağ sadəcə futbol klubu deyil, Azərbaycan kimliyinin bir parçasıdır.
O, məktəbə Qarabağ forması ilə gedir, sinif yoldaşlarına daima azərbaycanlı olduğunu fəxrlə bildirir.
Qarabağ FK-nun qələbələrinə sevinir, məğlubiyyətlərinə üzülür. Onun üçün Qarabağ artıq uşaqlıq xatirələrinin bir hissəsidir.
Bəzən deyirlər ki, futbol sadəcə oyundur.
Mən bu fikirlə heç vaxt razılaşmamışam.
Dünyada bir çox ölkələr yumşaq güclərini kino, musiqi və idman vasitəsilə formalaşdırırlar.
Azərbaycan üçün isə Qarabağ FK artıq uzun illərdir bu missiyanı uğurla yerinə yetirir.
Qarabağ artıq çoxdan klassik futbol klubu anlayışını geridə qoyub.
Stadiona daxil olanda minlərlə azarkeşin yaratdığı atmosfer, tribunaların dolması, hər kəsin eyni məqsəd üçün bir araya gəlməsi bir daha göstərdi ki, Qarabağ artıq adi futbol klubu deyil.
Bu gün Qarabağ futbol klubu, Azərbaycanın ən uğurlu beynəlxalq idman brendlərindən, bəlkə də ən güclü "yumşaq güc" vasitələrindən biridir.
Qurban Qurbanovun rəhbərliyi altında Qarabağ təkcə oyun qazanmır.
Bu klub Avropanın onlarla şəhərində minlərlə azərbaycanlını bir tribunada birləşdirə bilir.
Bayrağımızı dalğalandırır.
Himnimizi oxudur.
Azərbaycan adını milyonlarla tamaşaçıya çatdırır.
Mən illər əvvəl yazmışdım ki, Qarabağ Avropada Azərbaycanın qeyri-rəsmi səfirinə çevrilib.
Bu gün həmin fikrim daha da möhkəmlənib.
Qarabağ təkcə qolları ilə yox, yaratdığı birlik hissi ilə qalib gəlir.
İnsanları bir tribunada, bir bayraq altında, bir amal ətrafında birləşdirə bilmək hər kluba nəsib olmur.
Qarabağın ən böyük uğurlarından biri də məhz budur.
O, Azərbaycan futbolunun etibarını qazanır.
Ölkəmizi Avropanın futbol xəritəsində tanıdır.
Və dünyanın müxtəlif ölkələrində yaşayan minlərlə azərbaycanlını eyni rənglər ətrafında birləşdirir
Bu axşam stadiondan ayrılarkən Cəbrayılın üzündə gördüyüm sevinc mənə bir daha göstərdi ki, Azərbaycan sevgisi təkcə kitablardan və dərslərdən öyrədilmir.
Bəzən bu sevgi bir stadionda, minlərlə insanın içində, "Qarabağ!" sədaları altında formalaşır.
İslandiyanın Vestri klubu bəlkə də Avropanın nəhəng komandalarından deyil.
Amma Avropa Liqasında rəqib seçmək olmur.
Hər mövsüm yeni sınaqdır.
Hər oyun sıfırdan başlayır.
Qurban Qurbanov bunu hamıdan yaxşı bilir.
Məhz buna görə Qarabağ illərdir təsadüfi uğur qazanan komanda yox, Avropada sabit nəticələr göstərən futbol məktəbinə çevrilib.
Bu gün də meydanda bunu hiss etmək olurdu.
Komanda oyuna ciddi yanaşdı.
Rəqibə hörmət etdi.
Amma öz futbolunu oynadı.
3-0-lıq nəticə, nə qədər rahat bir qalibiyyət kimi görsənsə də, klubun yeni transferlərinin motivasiyası, komandaya sürətli adaptasiya prosesi öz təsirini biruzə verirdi.
Bu gün tribunada əyləşərkən bir məqam diqqətimi xüsusilə çəkdi.
Azarkeşlər arasında çoxlu uşaqlar var idi.
Onlar oyunun bütün incəliklərini anlamaya bilərlər.
Amma onlar bu atmosferi hiss edirlər.
Minlərlə insanın eyni anda ayağa qalxmasını...
Azərbaycan bayraqlarını...
Qarabağ şüarlarını...
Birlik hissini...
Bu, təsadüfi deyil.
Qarabağın ən böyük qələbələrindən biri də budur.
Yeni nəsil artıq bu komanda ilə böyüyür.
Onlar üçün Qarabağ sadəcə klub deyil.
Qürurdur.
Kimlikdir.
Azərbaycandır.
Məhz belə anlar gələcəyin azarkeşlərini, gələcəyin vətəndaşlarını formalaşdırır.
Mən də oğlumun gözlərində bunu gördüm.
Oyunun hər anını yaşayırdı.
Hər hücumda ayağa qalxırdı.
Hər qolda sevincini gizlədə bilmirdi.
Oğlum Cəbrayılın futbolçularımız və Qurban müəllimlə qısa da olsa görüşməsini çox istəyərdim, bu dəfə görüşümüz baş tutmadı.
Bu, Cəbrayıl üçün unudulmaz xatirə olardı.
Amma bunun bizim sevgimizə təsiri yoxdur. Çünki Qarabağa bağlılıq bir şəkildən və ya avtoqrafdan ibarət deyil.
Əsas olan onun artıq Qarabağın tarixinin bir parçasına çevrilən bu axşamı yaşamasıdır.
Əsl bağlılıq tribunada yaranır.
Birlikdə oxunan himndə yaranır.
Qoldan sonra yaşanan sevincdə yaranır.
Ata ilə oğulun eyni anda ayağa qalxıb eyni komandaya alqış tutmasında yaranır.
Və mən inanıram ki, illər sonra Cəbrayıl bu oyunun hesabını unutsa belə, atası ilə birlikdə ilk dəfə doğma Bakıda,Tofiq Bəhramov stadionunda Qarabağı dəstəklədiyi axşamı heç vaxt unutmayacaq.
Qarabağın Avropa yolu yenidən başlayıb.
Ümid edirəm ki, bu yol yenə bizi Avropanın böyük stadionlarına aparacaq.
Və mən əminəm ki, harada oynamağımızdan asılı olmayaraq, Braqada, Leverkuzendə, Londonda, Bakıda və ya başqa bir şəhərdə fərq etmir, yenə tribunaların hər hansı bir yerində Azərbaycan bayrağı olacaq.
Və həmin bayrağın yanında yenə bir ata ilə bir oğul dayanacaq.
Çünki Qarabağ təkcə futbol deyil.
Qarabağ, milyonlarla azərbaycanlını birləşdirən ortaq sevinc, ortaq qürur və ortaq kimlikdir.
Elnur Məcidli






