İnsanlara hürriyət, millətlərə istiqlal!

Dələduzlar milyonları bu cür qazanır – Azərbaycanın görünməyən cinayət epidemiyası

616 14.07.2026 12:59 Kriminal A A

Cəmi 7 günə Azərbaycan polisi dələduzluq cinayətinə görə axtarışda olan 39 nəfəri saxlayaraq istintaqa təhvil verib. Rəqəmlər ilk baxışda hüquq-mühafizə orqanlarının uğurlu əməliyyatlarını göstərir. Lakin bu statistikanın arxasında daha mürəkkəb və narahatedici bir mənzərə dayanır.

Dələduzluq artıq klassik cinayət anlayışını çoxdan dəyişib. Bu gün cinayətkar qaranlıq küçədə pusqu quran şəxs deyil. O, telefonun o biri başındadır. Sosial şəbəkədə etibar qazanan bir profildir. Özünü bank əməkdaşı, dövlət qurumunun nümayəndəsi, investor, iş adamı və ya işə düzəltmək vəd edən vasitəçi kimi təqdim edən bir manipulyatordur. Onun silahı tapança deyil, insan psixologiyasıdır. Məhz buna görə də hər saxlanılan dələduzun yerini çox vaxt başqa biri tutur. Polis cinayətkarı yaxalayır, amma dələduzluğu yaradan sosial, texnoloji və psixoloji mühit dəyişmədiyi üçün problem davam edir. Dünyanın bir çox ölkəsi artıq başa düşüb ki, dələduzluqla mübarizə yalnız cinayət başlamaqdan ibarət deyil. Əsas məsələ insanların aldadılmasının qarşısını almaqdır.

Daxili İşlər Nazirliyinin gündəlik məlumatları əsasında apardığımız təhlil iyulun 7-dən 14-dək keçirilən əməliyyat-axtarış tədbirlərini əhatə edir. Məlum olur ki, tədbirlər nəticəsində dələduzluq cinayətinə görə axtarışda olan 39 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Rəsmi məlumatlara əsasən, iyulun 6-da keçirilən əməliyyatlar zamanı 4, iyulun 7-də 9, iyulun 8-də 2, iyulun 9-da 3, iyulun 10-da 6, iyulun 11-12-də 9, iyulun 13-də isə daha 6 nəfər saxlanılıb.

Statistik məlumatlarda dələduzluğa görə tutulmuş şəxslərin ələ keçirdikləri məbləğlər göstərilmir. Praktika isə deməyə əsas verir ki, tutulan şəxslərin dələduzluqla ələ keçirdikləri məbləğ 1-2 manat deyil, bəlkə də milyonlarla manatdır...

Digər tərəfdən, əgər hər həftə bu qədər dələduz saxlanılırsa, niyə dələduzluq cinayətləri azalmır?

Bu statistikanı Musavat.com-a şərh edən tanınmış vəkil Ceyhun Yusifov hesab edir ki, rəqəmlər polis əməliyyatlarının effektivliyini göstərsə də, problemin kökü daha dərindir.

1732805867.Ceyhun-Yusifov.jpg (126 KB)

Onun sözlərinə görə, bir həftə ərzində axtarışda olan 39 nəfərin tutulması hüquq-mühafizə orqanlarının ardıcıl fəaliyyətindən xəbər verir.

Vəkilin fikrincə, məsələ cinayətkarların tutulması ilə yekunlaşmır. Əsas problem ondan ibarətdir ki, saxlanılanların yerini qısa müddətdə yeni dələduzlar tutur:

“Müasir dələduzluq artıq təsadüfi cinayət deyil, sürətlə dəyişən texnologiyalara uyğunlaşan, psixologiyanı və rəqəmsal imkanları peşəkar şəkildə istismar edən gəlirli cinayət biznesinə çevrilib. Bu gün vətəndaşlar telefon zəngləri, sosial şəbəkələr, saxta investisiya platformaları, internet mağazaları, bank kartları, kredit və iş vədləri, hətta süni intellekt vasitəsilə hazırlanan saxta səs və görüntülərlə aldadıla bilirlər. Bu cinayət növü fiziki zorakılığa ehtiyac duymur. Burada əsas hədəf insanın etimadı, qorxusu, tamahı, çıxılmaz vəziyyəti və məlumatsızlığıdır”.

Vəkilin sözlərinə görə, dələduzun ən təhlükəli xüsusiyyəti insanı aldadacağını əvvəlcədən planlaşdırmasıdır:

“Dələduz əvvəlcə qurbanın psixologiyasını öyrənir, sonra onun emosiyalarını idarə edir. İnsan qorxduğu, tələsdiyi və ya asan qazanc əldə etmək istədiyi anda rasional qərar vermək qabiliyyətini itirir. Cinayətkar məhz bu zəif məqamdan istifadə edir”.

Vəkil hesab edir ki, buna görə də dələduzluqla mübarizə yalnız polis və istintaq orqanlarının işi kimi qəbul edilə bilməz. Bu, dövlət, maliyyə sektoru, təhsil sistemi, media və cəmiyyətin birlikdə həll etməli olduğu problemidir.

Onun fikrincə, Azərbaycanda rəqəmsal təhlükəsizlik və maliyyə savadlılığı məktəb proqramlarının ayrılmaz hissəsinə çevrilməlidir:

“İnsanlar erkən yaşlardan bilməlidirlər ki, asan qazanc, bir neçə günə yüksək gəlir, kart məlumatlarınızı təsdiqləyin, təcili pul köçürün, ucuz kredit, xaricdə yüksək maaşlı iş kimi təkliflərin əhəmiyyətli hissəsi dələduzluq sxemlərinin elementidir”.

RRTzRWDnqkPlHkil69sI5gq7oWkB5NGOj2j9tbir_1200.jpg (124 KB)

Ceyhun Yusifov diqqəti başqa bir problemə də yönəldib. Onun sözlərinə görə, dələduzluğa görə məhkum olunan şəxslərin müəyyən hissəsinin cəzasını çəkdikdən sonra yenidən eyni cinayətə qayıtması göstərir ki, təkcə cəzanın sərtləşdirilməsi kifayət etmir.

“Əgər insan cəza çəkib çıxdıqdan sonra yenidən eyni cinayəti törədirsə, burada artıq sosial adaptasiya, məşğulluq, nəzarət və profilaktika mexanizmləri də təhlil olunmalıdır. Cinayətin təkrarlanması yalnız hüquqi deyil, həm də sosial problemdir”, – deyə vəkil vurğulayıb.

Ceyhun Yusifov hesab edir ki, hüquq-mühafizə orqanlarının fəaliyyəti qiymətləndirilərkən əsas göstərici yalnız neçə nəfərin saxlanılması olmamalıdır. Əsas meyar dələduzluq faktlarının, zərərçəkənlərin və vətəndaşların maddi itkilərinin ildən-ilə azalmasıdır.

Vəkilin sözlərinə görə, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, müasir dövrdə ən effektiv model cinayətkarı sonradan tutmaq deyil, onun cinayəti həyata keçirməsinə imkan verməməkdir.

Böyük Britaniyada dövlətin “Fraud Strategy” proqramı çərçivəsində polis, banklar, telekommunikasiya operatorları və kibertəhlükəsizlik qurumları vahid koordinasiya sistemi ilə işləyir. Şübhəli bank əməliyyatları qısa müddətdə müəyyən edilir, riskli köçürmələr dayandırılır, vətəndaşlara dərhal xəbərdarlıqlar göndərilir.

Sinqapurda aldadıldığını anlayan şəxs xüsusi qaynar xəttə müraciət etdikdə banklarla hüquq-mühafizə orqanları bir neçə dəqiqə ərzində vəsaitin növbəti hesablara ötürülməsinin qarşısını almağa çalışır. Bu mexanizm minlərlə zərərçəkənin pulunun geri qaytarılmasına imkan yaradıb.

ABŞ-də internet və maliyyə dələduzluğu üzrə məlumatlar vahid bazada toplanır, müxtəlif ştatlarda baş verən oxşar cinayətlər əlaqələndirilərək təşkilatlanmış cinayət şəbəkələri daha sürətlə aşkarlanır.

Avropa İttifaqında isə sərhədlərarası kiberdələduzluqla mübarizə polis qurumları arasında operativ məlumat mübadiləsi və birgə əməliyyatlar üzərində qurulub.

Ceyhun Yusifov hesab edir ki, Azərbaycanda da polisin əməliyyatlarının effektivliyi banklar, mobil operatorlar, ödəniş sistemləri, kibertəhlükəsizlik qurumları və maarifləndirmə siyasəti ilə tamamlanmalıdır. Onun fikrincə, real vaxt rejimində bank məlumatlarının mübadiləsinin genişləndirilməsi, şübhəli köçürmələrin dərhal dondurulması, süni intellekt vasitəsilə riskli əməliyyatların əvvəlcədən müəyyən edilməsi, xüsusilə yaşlı insanlar üçün maarifləndirici proqramların hazırlanması və məktəblərdə maliyyə təhlükəsizliyi dərslərinin təşkili dələduzluqla mübarizədə mühüm rol oynaya bilər.

Vəkil vurğulayıb ki, hüquqi dövlət üçün ən böyük uğur həbs olunanların sayının artması deyil, cinayətin baş vermə ehtimalının azalmasıdır.

“Cinayətkarın tutulması ədalətin bərpasıdır. Amma vətəndaşın ümumiyyətlə aldadılmaması təhlükəsiz cəmiyyətin göstəricisidir. Müasir dünyanın ən uğurlu modeli də məhz budur”, - deyə Ceyhun Yusifov qeyd edib.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR