Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 6-da qonşu Gürcüstana səfər ediblər. Bu səfər özü ilə bərabər Azərbaycan-Gürcüstan əlaqələrinin tarixini, Cənubi Qafqazın iki dövləti arasında yaxın münasibətlərin əhəmiyyətini, keçmişdən indiyə qədər Bakı-Tiflis arasında əldə olunan razılaşmaları, əməkdaşlıqları, bağlanan müqavilələri gündəmə gətirib.
Araşdırmalar göstərir ki, son bir əsrdə iki ölkə arasında əlaqələr çox yaxın olub. 1918-ci ildə əldə etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ilk olaraq, Tiflisdə elan olunması bu yaxınlığın bir daha bariz sübutudur.
Azərbaycan və Gürcüstan uzun müddət Çar Rusiyası tərkibində vahid iqtisadi məkan olduqlarından istiqlaliyyətləri elan olunduqdan sonra bir çox sahələrdə razılaşmalar əldə ediblər. Təqribən yüz il davam etmiş Çar Rusiyası əsarətindən sonra yeni qurulmuş Cənubi Qafqaz dövlətləri bir çox sistemləri bir-biriylə bağlı idi və bu bağları az müddətdə atmaqla tək başına hərəkət etmək mümkün deyildi. Beləliklə müstəqilliyin elan olunmasından sonra qarşılıqlı müsbət addımlar atıldı. İlkin olaraq münasibətlər iqtisadi maraqlar üzərində qurulub. 1918-ci ilin iyun 4 də Azərbaycan, Gürcüstan və Osmanlı nümayəndələri arasında Bakı-Batumi ağ neft kəmərinin normal işləməsini təmin etmək haqqında saziş imzalanıb. Həmçinin Azərbaycan-Gürcüstan arasında əmtəə mübadiləsi haqqında müqavilə 1918-ci il dekabrın 26-da əldə edilib.
Ümumilikdə 1918–1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətləri yüksələn xətlə inkişaf edib. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olublar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin noyabr ayının 18-də qurulub. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində noyabr ayının 18-də baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.
Azərbaycan ilə Gürcüstan arasında müstəqillikdən sonra yaranan münasibətləri iki mərhələyə bölmək olar.
Birinci mərhələ 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edir. Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiya dövründə yaranan gürcü millətçiliyi yerli azərbaycanlılara qarşı çevrildi. Gürcü millətçiliyi Qafqazda Azərbaycanın milli mənafeyinə təhlükə törədirdi. 1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda iki xalq arasında ziddiyyətlərin aradan qalxmasına kömək etdi.
Azərbaycanla Gürcüstanı aşağıdakı siyasi xətlər birləşdirir:
- Müstəqil dövlətin möhkəmlənməsi və beynəlxalq əlaqələrin genişlənməsi
- Qafqazda nisbi siyasi sabitliyin yaranması
- Transqafqaz və Transxəzər magistralının təhlükəsizliyinin təmin edilməsi
- Demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması
İqtisadi sahələrdə Azərbaycan-Gürcüstan əlaqələri olduqca yaxındır. Təsadüfi deyil ki, qonşu ölkənin iqtisadiyyatına 3,6 milyard dollar həcmində sərmayə yatırmışıq. Mövcud əməkdaşlıq enerji və nəqliyyat-logistika sahələrində mühüm strateji əhəmiyyət daşıyır. Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında və Şərqdən Qərbə yük daşımalarının həyata keçirilməsində Gürcüstan əsas tranzit ölkələrdən biridir. İki ölkə arasındakı əlaqələr tarixi, mədəni və iqtisadi bağlara əsaslanır və strateji tərəfdaşlıq çərçivəsində inkişaf etməkdədir.
Bakı-Tiflis-Ceyhan və Cənub Qaz Dəhlizi kimi enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tiflis-Qars dəmir yolu isə Asiya və Avropa arasında effektiv nəqliyyat bağlantısı təmin edir. 2023-cü ildə Azərbaycan vasitəsilə Gürcüstan üzərindən 11 ölkəyə 25 milyard kubmetr təbii qaz ixrac edilib. Gələcəkdə yeni qaz yataqlarının istismara verilməsi ilə bu göstəricinin artacağı gözlənilir.
Bununla yanaşı, Azərbaycan və Gürcüstan yaşıl enerji layihələrində də əməkdaşlıq edir. Qlobal enerji bazarında yaşıl enerjiyə olan tələbatın artması bu sahədəki birgə layihələrin perspektivlərini genişləndirir. Həmçinin Orta Dəhliz layihəsi çərçivəsində iki ölkə Avropa və Asiya arasında nəqliyyat bağlantısının gücləndirilməsi üçün koordinasiyalı fəaliyyət göstərir. Bu əməkdaşlıq yalnız ikitərəfli əlaqələrin deyil, həm də regional və qlobal miqyasda enerji və nəqliyyat təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
Göründüyü kimi, Azərbaycan ilə Gürcüstan arasında münasibətlər təkcə müasir dövrün siyasi və iqtisadi maraqları üzərində qurulmayıb, bu əlaqələrin kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Qeyd olunanlardan çıxış etsək görərik ki, tarixin müxtəlif mərhələlərində region fərqli imperiyaların tərkibində olsa da, Azərbaycan və Gürcüstan xalqları arasında qonşuluq münasibətləri heç vaxt kəsilməyib, əksinə, zaman keçdikcə daha da möhkəmlənib. Xüsusilə XIX-XX əsrlərdə baş verən ictimai-siyasi proseslər, milli oyanış dövrü və dövlətçilik ənənələrinin formalaşması bu əlaqələrə yeni məzmun qazandırıb. Hər iki xalqın ziyalıları arasında qarşılıqlı əlaqələr, mədəni və ədəbi mübadilə, Tiflisin regionun mühüm mədəni-siyasi mərkəzlərindən birinə çevrilməsi bu yaxınlığın bariz nümunəsi olub.
Bu gün Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq əlaqələri deyil, qarşılıqlı etimada, ortaq maraqlara və strateji baxışa əsaslanan nümunəvi tərəfdaşlıq modelidir. Tarix boyu formalaşmış dostluq ənənələri müasir dövrdə daha da möhkəmlənərək regionda sabitliyin, təhlükəsizliyin və inkişafın əsas dayaqlarından birinə çevrilib. Bakı ilə Tiflis arasında qurulan bu sıx əlaqələr təkcə iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqazın gələcək inkişaf perspektivlərini müəyyən edən əsas amillərdən biri kimi çıxış edir.
Cavanşir ABBASLI
Musavat.com






