Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və qrupun üzvü Erkin Qədirlinin Ukraynaya səfər etdiyi günlərdə Erkin bəylə bir neçə dəfə əlaqə saxlamaq imkanı olmuşdu.
Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupunun həmsədri Volodimir Kreydenkonun dəvəti əsasında reallaşan səfərin Rusiya-Ukrayna müharibəsinin gərgin günlərinə təsadüf etməsi və Kiyevə, digər şəhərlərə zərbələr endirilməsi fonunda deputatlarımızın bu ölkədə olması əlavə risklər yaradırdı. Amma şükürlər olsun, səfər salamatlıqla başa çatdı və Milli Məclis üzvləri geri döndülər.
Ukraynada olduqları zaman müsahibə üçün müraciət etdiyim Erkin Qədirli qayıdandan sonra söhbətimizi reallaşdırmağı məsləhət gördü və razılaşdıq. Sonrakı günlərdə də parlamentin iclasları, gərgin qrafik Ukrayna təəssüratlarını bölüşməyimizi ertələdi. Nəhayət, alındı. Çox maraqlı müşahidələr, detallar var:
- Erkin bəy, açığı, düşünürdüm ki, söhbətimizin bu qədər gecikməsi başqa media orqanına ətraflı müsahibə verməyinizə fürsət yaradacaq. Amma Ukrayna səfərinizlə bağlı heç yerdə, heç kəsə danışmamısınız, bildiyimə görə...
- (Gülərək) Soruşan oldumu ki, danışım?
- Onda danışaq. Səhv etmirəmsə, siz və həmkarınız Əlibala müəllim Ukraynaya son səfər edib, qayıdan rəsmi şəxslərsiniz, eləmi?
- Bəli.

- Artıq 5-ci ildir Rusiya ilə döyüşən, ərazi bütövlüyü uğrunda mücadilə aparan Ukrayna ilə bağlı təəssüratlarınız necədir?
- Bu, savaş dönəmində mənim Ukraynaya ilk səfərim deyildi. Üçüncü dəfə idi ki, mən Ukraynaya getmişdim. İlk dəfə müharibə başlayan günlərdə getmişdim, 2022-ci ilin may ayında. İkinci dəfə də 2023-cü ilin fevral ayında Ukraynada olmuşdum. Amma həmin səfərlər - o vaxt hələ biz AŞPA-da idik - AŞPA nümayəndə heyəti çərçivəsində səfər olmuşdu. 2022-ci ildə ümumiyyətlə, alt komitə var idi. AŞPA-nın Hüquq Komitəsindəydik. Rusiyanın Ukrayna ərazisində törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərin araşdırılması ilə bağlı, mən də oranın üzvü kimi getmişdim o vaxt. 2023-cü ildə Kiyevdə böyük küçələrdə, yol ayrıclarında blokpostlar, hərbi texnika, içi qumla doldurulmuş çuvallar toplanmış istehkamlar var idi. Komendant saatı mövcud idi. Saat 6-dan bütün dükanlar, restoranlar bağlanırdı, komendant saatı başlayırdı. Durum daha gərgin idi. Eyni zamanda mən Buça və İrpen şəhərlərinə getdim o zaman. Dağıdılmış şəhərləri gördüm. Bu səfər fərqli oldu. Görünür, artıq müharibə uzun çəkdiyindən əhali də alışıb. Artıq o gərginlik hiss olunmur. Baxmayaraq ki, Kiyev hər gün az qala raket və dron atəşi altına düşür, insanlar ölür, dağıntılar var. Amma şəhərdə artıq blokpostlar yoxdur, hərbi texnika orada hər addımda durmur. Yalnız xüsusi qorunan strateji obyektlərin qarşısında blokpostlar var və yoxlamalardan keçmək lazım gəlir. Dükanlar, kafe və restoranlar işləyir, insanlar işə, sonra alış-verişə gedir, yay əyləncəsinə gedir. Dnepr çayında üzənlər, balıq tutanlar var. Belə deyək də, müharibə çox uzun çəkdiyindən artıq insanlar ona alışıb. Həm vuruşurlar, həm də gündəlik işləri ilə məşğuldurlar. Yəni 22 və 23-cü illərlə müqayisədə, insanların psixoloji durumuna görə deyirəm, orada daha az gərginlik hiss etdim.
- Amma sosial şəbəkələrdə bəzən elə paylaşımlar olur ki, insanlar hərbi xidmətə artıq getmək istəmirlər, onları zorla maşınlara yığıb, səfərbər edirlər...
- Eləsi də var. Fərqli insanlar və yanaşmalar mövcuddur. Neçə milyon insandır, əlbəttə ki, hər cür hadisə, iddia ola bilər. Amma ümumiyyətlə, mən ruh yüksəkliyi gördüm. İrpendə də olduq. Ruh yüksəkliyi yüksəkdir. Kiyevdə də, Buçada da, İrpendə də ruh yüksəkliyi var, döyüş əzmi güclüdür. Ukrayna artıq texnoloji sahədə Rusiyanı üstələməyə başlayıb, bir çox sahələrdə, həmçinin dronlarla bağlı… Artıq ballistik raketlər istehsal etməyə başlayırlar. Rusiya Ukraynanın hələ sovet vaxtından qalmış hərbi-sənaye obyektlərinin çoxunu dağıdıb. “Ukroboronprom” deyirlər, Ukrayna Müdafiə Sənayesi… Onun inzibati binasını, bir çox başqa obyektlərini dağıdıb. Biz o yerə getmişdik, Kiyevdə görmüşdük. Amma ukraynalılar deyirlər ki, orada çoxdan artıq heç kəs işləmir, heç kəs istehsal etmir. Dronlar, raketlər qeyri-ənənəvi üsulla, tamam başqa yerlərdə istehsal olunur. Kənardan baxanda hər hansı obyektə bənzəməyən elə bir yer ola bilər ki, orada gənc mütəxəssislər işləyirlər. Onlar hətta özləri də deyirdilər ki, Avropadan aldıqları texnologiyaları artıq özləri bir neçə silahların bəzilərini istehsal etməyə başlayıblar. Əlbəttə, yardıma hələ çox böyük ehtiyacları var. Həm maddi, həm maliyyə baxımından, həm də elə texnologiya sarıdan. Hərbi ekspertlərdən yardım umurlar və ala bilirlər. Düzdür, hələ istədikləri həcmdə deyil... Amma artıq o problemi özləri çözməyə başlayırlar və öyrənirlər. Özləri artıq silah düzəldə bilirlər və gördüyünüz kimi, Rusiyanın ərazisində çox uzaq hədəfləri də uğurla vura bilirlər.
- Ukraynalılar bundan sonra nə qədər döyüşmək əzmindədirlər?
- İndi bunu necə hesablamaq olar? Kimdən soruşsan, deyəcək ki, axıra qədər, yəni torpaqlarımızı azad edənə qədər. Ukraynanın ərazi bütövlüyünü bərpa edənə kimi vuruşasıdırlar. Təslim olmaq kimi bir fikir yoxdur.

- Prezident Zelenskiyə münasibət necədir?
- Zelenskiyə münasibət müsbətdir. Yəni ən azından, o, Ali Baş Komandandır və hamı anlayır ki, müharibədir. Müharibə vaxtı hansısa rəy sorğusu və yaxud seçki keçirmək mümkün deyil, doğru da deyil, hərbi vəziyyətdir. Orada komendant saatı var. Yeri gəlmişkən, gecə saat 12-dən səhər saat 5-ə qədərdir. Yəni ki, ölkənin müharibədə olduğu hiss olunur. Ona görə də, əlbəttə, sülh danışıqlarına hazırdırlar, amma ədalətli şərtlər əsasında. Təslimçiliyi rədd edirlər.

- Ukraynada nə qədər qaldınız?
- Bir həftə.
- Maraqlıdır, o həftəni harada gecələyirdiniz?
- Hoteldə.
- Kiyevdə?
- Bəli, Kiyevin mərkəzində. İrpenə, başqa şəhərlərə də getdik. Amma Kiyevdə gecələdik.
- İrpen çox dağılıb?
- Mən 2022-ci ilin mayında orada olanda İrpen çox dağılmışdı. Amma bu dəfə mən gördüm ki, orada xeyli bərpa işləri görülüb. Yeri gəlmişkən, oxucularınıza yəqin ki, bunu xatırlatmağın faydası olar. Orada Azərbaycan dövlətinin hesabına bərpa işləri görülür. Məktəblər, xəstəxanalar, yaşayış binaları, parklar, idman kompleksləri... Yəni biz ora getdik, bərpa olunan və bərpası nəzərdə tutulan obyektlərə baş çəkdik. Şəhər rəhbərliyi o yerləri, o cümlədən məktəbi göstərdi... Məsələn, mən məktəbdə olmuşdum, 2022-ci ilin mayında tam dağılmışdı. Bu dəfə gedəndə artıq gözəl bir binanı gördüm, içində gözəl şərait, uşaqlar dərs keçir. Həmçinin bərpa olunan xəstəxanalarda xəstələr müalicə alır. Hamı bu işlərin Azərbaycan dövlətinin hesabına görüldüyünü bilir. Buna görə açıq şəkildə təşəkkürlərini bildirirlər. Odur ki, bu işin nəticəsini görməyin də öz faydası var.

- Çox yaxşı. Kimlərlə görüşdünüz? Yalnız həmkarlarla, yoxsa...
- Yox, ilk gün biz təbii ki, həmkarlarla görüşdük. Ukrayna parlamentinin rəhbərliyi ilə, vitse-spikerlə, beynəlxalq xarici əlaqələr komitəsinin sədri ilə...
- Milli Məclisə də gəlmişdi, həmin xanımla?
- Bəli, Ukrayna Ali Radasının sədr müavini Olena Kondratiukla görüşdük. Təbii ki, Ukrayna-Azərbaycan dostluq qrupu ilə bir araya gəldik. Ondan sonra, dediyim kimi, xarici siyasət və beynəlxalq əlaqələr komitəsinin rəhbərliyi ilə görüşdük. Birinci gün sırf parlamentdə keçdi. Sonra biz xarici işlər nazirinin müavini ilə, hərbi-sənaye kompleksinə məsul olan şəxslərlə, o cümlədən baş nazirin birinci müavini Denis Şmıqalla çox yaxşı görüş keçdi.
- Azərbaycandan razıdırlarmı?
- Bəli, Azərbaycandan razıdırlar. Bunu hər zaman bildirirlər.
- Bəzən münasibətlərə və Azərbaycanın humanist siyasətinə kölgə salmağa çalışanları da müşahidə edirik…
- Mətbuatda və yaxud sosial şəbəkələrdə bəzən gerçəklikdən çox uzaq rəylər səsləndirilir. Yeri gəlmişkən, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyevdən çox razıdırlar. Mən onunla əvvəllər tanış deyildim, bu dəfə tanış oldum. Amma biri var biz özümüz deyək, öz səfirimizdir, məsələn, bütün qarşılamadan tutmuş, tədbirlərin təşkilinə qədər razı qaldıq. Amma hər görüşdə Ukrayna rəhbərləri bizim yanımızda onu tərifləyirdilər, vurğulayırdılar ki, sizin səfir çox yaxşı işləyir. Üstəlik, həm də ona xüsusi dəyər verirlər ki, axı, Kiyevdə bir çox ölkələrin səfirlikləri bağlandı, səfirlər müharibə təhlükəsinə görə ölkədən çıxdı. Amma bizim səfirliyin ərazisinə iki dəfə raket düşdü - yeri gəlmişkən, ora da gedib baxdıq - səfirlik işini dayandırmadı. Səfirliyin bütün işçiləri orada işləyir.
- Azərbaycana məxsus obyektlər, SOCAR-ın stansiyaları da fəaliyyətini davam etdirir…Amma hədəfə də tuş gəlir. Elə sizin səfəriniz zamanı SOCAR-ın yanacaqdoldurma məntəqəsi dron hücumuna məruz qaldı. Xəbəri nə zaman eşitdiniz?
- Yeri gəlmişkən, biz elə həmin yanacaqdoldurma məntəqəsində dayanmışdıq. Axı, Kiyevə birbaşa uçuş yoxdur. Biz Bakıdan Kişinyova uçduq, Moldovanın paytaxtından da maşınla 9 saata, Kiyevə çatdıq. Arada, əlbəttə ki, yanacaqdoldurma ehtiyacı var və biz həmin vurulan məntəqədə dayanmışdıq.

- SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsində?
- Bəli. Biz sonradan yolda ikən xəbər tutduq ki, həmin məntəqəni vurdular.
- Qaldığınız hotel tərəflərdə heç olmasa sakitlik idi?
- Hotelin yanına da bir dron, bir raket düşdü. Həmin gecə, ümumiyyətlə, Kiyevə çox dron və raket atdılar. Biz sonradan getdik dağıntılara baxdıq...
(Davamı var)
Elşad Paşasoy,
Musavat.com






