İnsanlara hürriyət, millətlərə istiqlal!

Ticarət mərkəzində dəhşətli qəza - FHN-in möhürlədiyi lift işlədilirmiş – Şok təfərrüat FOTO

1758 04.07.2026 19:04 Kriminal A A

Bakının böyük ticarət mərkəzlərindən birində "Tamstore" mağazalar şəbəkəsinin əməkdaşının ağır xəsarət alması ilə nəticələnən lift qəzası baş verib. Qəzadan sonra üzə çıxıb ki, lift qəzalı olduğundan ticarət mərkəzinin rəhbərliyinə xəbərdarlıq edilməklə qurğudan istifadə rəsmi qurumlar tərəfindən qadağan olunub.

Musavat.com-a daxil olan məlumata görə, hadisə 7 iyun 2026-cı il tarixində, saat 14:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 231 ünvanında yerləşən "Minimol" ticarət mərkəzində qeydə alınıb.

Həmin mərkəzin birinci mərtəbəsində fəaliyyət göstərən "Tamstore" mağazalar şəbəkəsində meyvəçi kimi çalışan, 15.07.1990-cı il təvəllüdlü Tural Yaşar oğlu Kərimov iş başında olarkən liftə minib və qəza baş verib. Nəticədə T.Kərimov ağır bədən xəsarətləri alıb. Məlumata görə, Tural Kərimov meyvə tərəzisini çəki ölçmək məqsədilə mərkəzdəki yük lifti vasitəsilə 3-cü mərtəbədən 1-ci mərtəbəyə düşürmək istəyib. Bu zaman liftin trosu qəfil qırılıb və işçi lift ilə birlikdə sürətlə birinci mərtəbəyə çırpılıb.

WhatsApp Image 2026-07-04 at 18.25.29.jpeg (147 KB)

Dəhşətli qəza nəticəsində Tural Kərimov ağır bədən xəsarətləri alıb. Hadisə şahidlərinin və işçilərin köməkliyi ilə dərhal təcili tibbi yardım maşınına yerləşdirilən yaralı Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Lakin xəstəxanada ona qarşı səhlənkarlıq göstərilib. Sümüklərinin qırılmasına və dözülməz ağrılarına baxmayaraq, o, iki gün ərzində əməliyyat olunmadan gözlədilib.

Yaxınlarının hüquq-mühafizə orqanlarına və DİN-in "102" xidmətinə etdiyi rəsmi şikayətlərdən sonra yaralı dərhal Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna köçürülüb, orada təcili olaraq açıq cərrahiyyə əməliyyatına alınıb. Tibbi müayinələr zamanı zərərçəkmişin sağ baldır hissəsinin üçdə birində sümüklərin tamamilə qırıldığı və açıq xəsarət aldığı təsdiqlənib.

Hazırda təqdim edilən rentgen və tibbi şəkillərdən də görünür ki, ailə başçısı tamamilə iş qabiliyyətini itirib. Məsələnin ən dəhşətli tərəfi isə zərərçəkmişin elektron dövlət portalına ("mygov") daxil olarkən qarşılaşdığı mənzərə olub. Məlum olub ki, "Tamstore" rəhbərliyi qəzanı və məsuliyyəti gizlətmək üçün işçini qəzadan cəmi bir-iki gün öncəki tarixlə rəsmi olaraq işdən azad edib. Bu isə şirkətdə əmək müqaviləsi şərtlərinin kobud şəkildə pozulduğunu, faktiki olaraq işçinin qeyri-qanuni çalışdırıldığını və hadisənin istehsalat qəzası kimi rəsmiləşdirilməməsi üçün saxtakarlığa əl atıldığını sübut edir.

WhatsApp Image 2026-07-04 at 18.25.56.jpeg (293 KB)

Zərərçəkmişin yaxınları Musavat.com-a bildiriblər ki, faktla bağlı artıq Nizami Rayon Prokurorluğunda müstəntiq Elşən Orucovun icraatında rəsmi araşdırma başladılıb. Bir qrup şəxsin, o cümlədən müstəntiqin, zərərçəkmişin və vəkilin iştirakı ilə hadisə yerinə rəsmi baxış keçirilib. Hadisə yerinə baxış keçirənlər dəhşətli qanunsuzluğun şahidi olublar. Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qurumu qəzadan sonra həmin liftin texniki cəhətdən yararsız və təhlükəli olduğunu əsas gətirərək lifti möhürləyib. Lakin yerli baxış zamanı üzə çıxıb ki, rəsmi qadağaya baxmayaraq, ticarət mərkəzində həmin lift hələ də qanunsuz olaraq işlədilir, insanların həyatı növbəti dəfə təhlükəyə atılır!

"Müstəntiq bu faktı dərhal video-çəkilişlərlə qeydə alıb və iş materiallarına əlavə edib", - deyə zərərçəkmişin yaxınları bildirib.

WhatsApp Image 2026-07-04 at 18.25.30.jpeg (363 KB)

Onların sözlərinə görə, "Tamstore" mağazalar şəbəkəsi və ticarət mərkəzi rəhbərliyi bu günə qədər zərərçəkmiş şəxslə və onun ailəsi ilə heç bir formada maraqlanmayıb, müalicə xərclərinə bir qəpik də olsun kömək göstərməyib. Ağır vəziyyətdə olan Tural Kərimov tamamilə öz hesabına və yaxınlarının köməkliyi ilə müalicəsini davam etdirir. Həkimlərin rəyinə görə, o, ən azı növbəti 8 ay ərzində ayağa qalxa və heç bir fiziki işdə çalışa bilməz.

Sosial durumu olduqca acınacaqlı olan ailənin dramı bununla da bitmir. İş qabiliyyətini itirən atanın himayəsində iki azyaşlı xəstə övladı var. Övladlarından biri isə 1-ci qrup əlildir. Şirkət tərəfindən taleyin ümidinə buraxılan və saxta sənədləşmə ilə işdən çıxarılan ailə hazırda tamamilə çarəsiz durumdadır.

Zərərçəkmiş tərəf hüquqi müstəvidə mübarizəsini sonadək davam etdirəcəyini, şikayətin geri götürülməyəcəyini vurğulayıb:

"Biz hazırda Nizami Rayon Prokurorluğunun apardığı araşdırmanın yekun nəticəsini gözləyirik. Lakin qarşı tərəfin arxayınlığı bizdə əsaslı şübhələr yaradır ki, araşdırmaya kənar təsirlər və təzyiqlər oluna bilər".

Mövzuya qayıdacağıq.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR