İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranın “Bastiliya”sı- “Evin” həbsxanası

675 18.10.2022 09:10 Gündəm A A

İranın ən “məşhur” həbsxanasında baş verənlərin ilginc pərdəarxası

İranda bir aydan çoxdur davam edən kütləvi etirazlar fonunda dünyanın diqqətini çəkən hadisələrdən biri də Tehrandakı “Evin” zindanında yaşanan faciə oldu. Həmin həbsxanada baş verənlərə görə bir sıra ölkələrdən İran hakimiyyətinə etirazlar gəlməyə başlayıb. 

Yaşanan olay təsadüf idi, yoxsa ölkədəki rejimdən ümumi narazılığın növbəti təzahürü?

Qeyd edək ki, həbsxanadan hələ də həyəcanlı xəbərlər gəlməkdə davam edir. Son məlumata görə, "Evin" həbsxanasında yanğın zamanı ölən 4 nəfərdən əlavə, xəstəxanaya çatdırılan yaralılardan 4-ü də sonradan dünyasını dəyişib. Onların tüstüdən zəhərləndiyi iddia edilir.

İranın ev dustaqlığında olan sabiq baş naziri Mirhüseyn Musəviyə aid Telegram kanalının yaydığı məlumata əsasən, zindanda saxlanılan siyasi məhbuslardan biri həbsxana məmurlarının məhbusları döyüş gülləsi və ov tüfəngi ilə güllələməsi, eləcə də nəzarətçilərin dustaqları qəddarcasına döyməsi barədə məlumat sızdırıb.

Tehranda Evin həbsxanasında üsyan çıxdı, yaralılar var — Video

İranın ən məşhur həbsxanası sayılan “Evin” həbsxanasında şənbə günü, oktyabrın 15-də axşam saatlarında 8-ci kamerada iğtişaş baş verib. Bu zaman 15 nəfər güllə yarası alıb. Bir məhbusun dediyinə görə, həbsxananın mühafizə bölməsinin komandiri polkovnik Mahmudi 8-ci kameranın 40-50 siyasi məhbusunu dəyənəklə xüsusi amansızlıqla döyə-döyə harasa aparıb və onların hara aparıldığı məlum deyil. Polkovnik Mahmudi dəyənəklə məhbusların başına vurarkən “ölüm gününüz gəldi” deyirmiş.

Digər bir məhbusun dediyinə görə, “kənardan döyülmə səsi gəlir, xüsusi təyinatlı qüvvələr həbsxananın içərisində hərbi vəziyyətə başlayıblar, özlərini çox pis aparırlar, kimin başına nə zərər gələcəyi bəlli deyil.

Rəsmi mənbələr isə iğtişaşın həbsxananın iqtisadi cinayətlərə görə həbsdə yatan məhkumları arasında dava-dalaşdan başladığını, daha sonra isə yanğın baş verdiyini bildirir. Bundan başqa, bəzi qaçan məhkumların minalanmış əraziyə daxil olduğu üçün partlayışların baş verdiyi haqda məlumatlar var. Hazırda həbsxanada vəziyyətin nəzarət altına alındığı bildirilir.

Qeyd edək ki, İranda adı çox hallanan “Evin” həbsxanası ABŞ-ın Tehrana qarşı sanksiya siyahısındadır. 2017-ci ildə ABŞ Maliyyə Nazirliyi İran vətəndaşlarının hüquqlarını pozduğu üçün “Evin” həbsxanasına sanksiya tətbiq edib. Buna səbəb kimi həbsxanasında məhbusların həbsxana məmurları tərəfindən döyülməsi, fiziki işgəncələrə və cinsi istismara məruz qalması göstərilib.

Tehran prokuroru həbsxanadakı yanğınla bağlı açıqlama verdi - pia.az

Bir qədər əvvəl hakerlər tərəfindən “Evin” həbsxanasından işgəncə videoları ələ keçirilərək yayılıb və bu, dünyada geniş rezonans doğurub. Avropa İttifaqı isə “Evin” həbsxanası da daxil olmaqla, İranın 3 həbsxanasına məhbuslara qeyri-insani rəftara görə sanksiya tətbiq edib.

“Evin” zindanı Tehranın Sadatabad rayonunda 1960-cı illərdə inşa olunub. 1970-ci illərin əvəllərində istifadəyə verilib. Həbsxana 40 hektar ərazidə yerləşir. Burada 8 bölmə və yüzlərlə kamera var. İran hökumətinin ən yaxşı təchiz olunmuş həbsxana adlandırdığı bu cəzaçəkmə müəssisəsində bir neçə quruma aid kameralar var. Həmin kameraların bir qismi Kəşfiyyat Nazirliyinə məxsusdur. Ümumilikdə isə həbsxananın 8 salonundan 7-də digər cinayətlər, yalnız 8-cidə siyasi ittihamlarla - casusluq, dövlət əleyhinə cinayətlərə görə tutulanlar saxlanılır. Əsas şikayətlər də məhz bu bölmədən gəlir.

7-ci bölmədə isə əsasən iqtisadi cinayətlərdə ittiham olunan şəxslər saxlanılır. Bəzi keçmiş dövlət məmurları və siyasi məhkumlar 4-cü bölmədə saxlanılır.

Şah dövründə “Evin” həbsxanası gizli polisin - SAVAK-ın istifadəsində olub. Bir çox şah əleyhidarları, o cümlədən keçmiş prezident Haşimi Rəfsəncani bu həbsxanada saxlanılıb. İslam İnqilabının ilk illərində həbsxana əksinqilabçıların ən çox saxlanıldığı yerlərdən biri olub. Həbsxanada bir çox edamlar həyata keçirilib və bundan sonra onun “şöhrəti” daha da artıb.

Evin həbsxanasında 8 nəfərin öldüyü bildirilir |

Son hadisələrin “Evin” həbsxanasının iqtisadi cinayətkralıqda ittiham olunan şəxslərin saxlanıldığı bölməsində baş verdiyi bildirilir. Belə görünür ki, baş verənlərin hakimiyyət əleyhinə iğtişaşlara səbəb olması ehtimalı rəsmi Tehranı narahat edib. Bu səbəbdən də hadisələrdən dərhal sonra əraziyə əlavə qüvvələr cəlb olunub və iğtişaş tez bir zamanda yatırılıb.

“Evin” həbsxanasında yanğın xəbərindən dərhal sonra sosial şəbəkələrdə məhkumların qətlə yetirilməsi xəbərləri və məhkum ailələrinə həbsxanaya gedərək məhkumlarla həmrəylik nümayiş etdirməsi çağırışları yayılıb. Bu cür çağırış ilk saatlarda təsirsiz ötməyib. Tez bir zamanda minlərlə insan həbsxana ətrafına toplaşıb, paralel olaraq dövlət rəhbərliyi və rejim əleyhinə şüarlar səsləndirilməyə başlayıb.

İlkin olaraq beynəlxalq mediada yayılan xəbərlər isə hadisə barədə narahatlıqları artırıb və İran hakimiyyətində ciddi narahatlıq yaradıb. Minlərlə dustağın saxlanıldığı həbsxanada baş verən iğtişaşın bayırdakı iğtişaşlara qarışması və vəziyyətin nəzarətdən çıxması təhlükəsi rəsmi Tehranı hadisəni tez bir zamanda nəzarət altına almağa sövq edib.

Kənan RÖVŞƏNOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR