İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan Bakıya növbəti vəd - İran səfirliyimiz açılır?

658 16.09.2023 11:59 Siyasət A A

Cümşüd Nuriyev: “Səfirliyimizə hücumun terror aktı kimi qəbul edilməməsi o demək olacaq ki...”

Xəbər verildiyi kimi, sentyabrın 14-də Bakıda Azərbaycan və İranın baş prokurorları Mohammad Kazem Movahedi-Azad və Kamran Əliyevin görüşündə 2 ölkə arasında əməkdaşlıq məsələləri, habelə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum işi üzrə istintaq müzakirə olunub.

“Kamran Əliyev Azərbaycan səfirliyinə qarşı terror aktı törətmiş şəxsin məhkəməyə verilməsi barədə bəyanatı bu istiqamətdə mühüm addım adlandırıb”, - Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.

Öz növbəsində Movahedi-Azad qeyd edib ki, İran tərəfi Azərbaycanla əməkdaşlığa mühüm əhəmiyyət verir və bu postda ilk xarici səfərini Bakıya edir.

Görüş zamanı 2 ölkə arasında hüquqi əməkdaşlıq, o cümlədən məhkumların ekstradisiyası, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, ekoloji qanun pozuntuları və digər məsələlər müzakirə olunub. Həmçinin beynəlxalq platformalarda, əsasən İqtisadi Əməkdaşlıq Təşkilatında qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, İranda mühakimə olunmuş Azərbaycan vətəndaşı Fərid Səfərlinin işi ilə bağlı müzakirə aparılıb.

“İttiham aktında yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu törədən şəxsə (Yasin Hüseynzadə - red.) ən ağır cəza tələb olunur”.

Bunu isə Tehranın baş prokuroru Əli Salehi bildirib.

Salehinin sözlərinə görə, cinayət işi tam araşdırılıb və saxlanılan şəxs Azərbaycan vətəndaşını səfirliyin binasında qətlə yetirmək, qanunsuz silah əldə etmək və gəzdirmək, AK-47 avtomatından və tapançadan istifadə etməklə ictimai asayişi pozmaqda ittiham olunub.

“İstintaq həbs edilən şəxsə qarşı digər ittihamların irəli sürülməsinə, xüsusən də səfirlik işçilərinin sağlamlığına qəsdən zərər vurma və diplomatik nümayəndəliyin əmlakına ziyan vurmağa açıqdır”, - prokuror əlavə edib.

Açıqlamadan göründüyü kimi, İran tərəfi səfirliyimizə xain hücumu terror aktı kimi tövsif etməkdən yayınır. Bu isə həm də o deməkdir ki, terror hücumunun sifarişçisi və ya sifarişçiləri cəzadan kənarda qalacaqlar.

Belədirmi, yoxsa təhqiqatın gedişi Azərbaycan tərəfini qane edir? Səfirliyimizin fəaliyyəti tezliklə bərpa oluna bilərmi? 

Parlamentə yenə nənəsi ermənilər seçilib” - Cümşüd Nuriyev

Cümşüd Nuriyev

Politoloq Cümşüd Nuriyev “Yeni Müsavat”a deyib ki, İranda Azərbaycan səfirliyinə silahlı hücum terror akt kimi qiymətləndirilməlidir: “Çünki 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına görə  uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. Yəni dünyanın hansı yerində olmasından asılı olmayaraq, həmçinin İrandakı Azərbaycan səfirliyinin təhlükəsizliyinin Azərbaycan dövləti tərəfindən yox, İran tərəfindən təmin edilməli idi. Belə bir hücum varsa, ilk növbədə cavabdeh yerləşmə dövlətidir. İran səfirliyimizə hücumu terror aktı kimi qəbul etməsə, bu o deməkdir ki, baş verənlər İran xüsusi xidmət orqanları tərəfindən hazırlanan xüsusi aksiyadır. İran bu barədə düşünsə, yaxşı olar. Çünki Azərbaycan İran tərəfindən bunu gözləyir”.

Politoloq deyib ki, bu gün İran da, Rusiya da bir şeyi anlayıblar ki, Ermənistanın atdığı son addımlar, ABŞ-la birgə təlimlərin keçirilməsi, Avropa Şurasına tərəf addımlar atması, guya sərbəst addımlar istəyi şimal və cənub qonşularımıza dərs olmalıdır: “Rusiya da, İran da Ermənistanın son addımlarından qıcıqlanırlar. Halbuki illərdir Azərbaycan siyasətçiləri, mediası ermənilərə bel bağlayan qonşularımıza səslənib ermənilərin etibarsızlığını dönə-dönə vurğulayırdı. Azərbaycanlıların illərlə dedikləri fakt olaraq ortaya çıxdı. Şimal və cənub qonşularımız baş verənləri hiss etdirməsələr də, Azərbaycana yönəlik mövqelərində dəyişiklik açıq sezilir. Azərbaycanın milli təhlükəsizlik konsepsiyasına görə, qonşularla problemsizlik sisteminə keçid nəzərdə tutulur. Həm şimal, həm cənub qonşumuzla problemin olmasını istəmirik. Qonşularımız bunu nəzərə almalıdırlar. Yarı xoş, yarı məcburi qaydada Azərbaycana mehriban dost olmasalar da, mehriban düşmən də deyillər. Bu ikisinin arasında gəzən bir siyasət yürüdür qonşularımız.

İndiki şəraitdə bu mövqe bizə də sərf edir. Hazırkı durumda Azərbaycan mediasının bir neçə cəbhədə müharibə aparması çətindir. Azərbaycan Rusiya və İranla hər hansı bir problemlərinin olmasını istəmir. İran Türkmənçay müqaviləsinin 14-cü maddəsinə baxsın. Məhz ermənilər Qarabağa, İrəvana, Naxçıvana gəlmədirlər. Naxçıvanda qalmayıblar. Ermənilər 195 ildir ki, Azərbaycan torpaqlarına köçürülüblər. Rusiya, əsasən də İran xarici siyasətlərində istiqaməti dəyişsələr yaxşı olar. Azərbaycan heç bir qonşusu ilə düşmənçilik etmək fikrində olmayıb və bu gün də yoxdur. 2020-ci il Vətən Müharibəsi də göstərdi ki, Azərbaycan Türkiyə və Pakistan yanımızda olmaqla bütün dünyaya qarşı dura bildi. Azərbaycan əsgəri, xalqı, mediası nəyə qadir olduğunu göstərdi. Belə bir şəraitdə bizə ehtiyac yoxdur ki, gedib tarixi eşələyək, İranla bağlı həqiqətləri üzə çıxaraq. Belə araşdırmalar Azərbaycanda antiİran ovqatı yaradır. Bunu dərk etməlidirlər ki, Azərbaycana qarşı səmimiyyətlərini artırsalar, özlərinə də xeyir olar".

Politoloqa görə, İranda Azərbaycan səfirliyi birmənalı şəkildə açılmalıdır, çünki oradakı konsulluğumuz çox böyük iş yükü ilə üz-üzə qalıb: “İranda 40 milyondan çox bacı-qardaşlarımız var. Biz Tehranda soydaşlarımızın danışan dili, görən gözü, yazan əliyik. Bu baxımdan səfirlik tezliklə açılmalıdır. Bu gün Azərbaycan Prokurorluğu, hüquq mühafizə orqanları İranla bağlı yüksək peşəkarlıqla işləyir”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR