İnsanlara hürriyət, millətlərə istiqlal!

TDT türk dövlətləri ailəsi rolunda - rəy

420 20.02.2024 12:02 Siyasət A A

Deputat: “Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, Türk dünyasının birliyini möhkəmləndirmək üçün bundan sonra da nə mümkündürsə edəcək”

Prezident İlham Əliyev 14 fevralda andiçmə mərasimində çıxışı zamanı bir çox önəmli məqamla yanaşı, Türk dünyasının sıx əməkdaşlığına, Türk Dövlətləri Təşkilatının güclü quruma çevrilməsi məsələsinə də toxunub. Dövlət başçısı vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bu səbəbdən də Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik: 

“Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir”. Dövlət başçısı əlavə edib ki, bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır: “Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.

Azərbaycan Türk Dövlətləri Təşkilatının üzvləri, Mərkəzi Asiya ölkələri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi elan olunub. 

Xatırladaq ki, 2021-ci ilin 12 noyabrında İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatının yaradılması barədə qərar qəbul edilib. Bu qərar dünyada türk dövlətlərinin birliyi, inteqrasiyası istiqamətində atılan çox böyük hadisə kimi tarixə düşdü. Elan edilməsindən böyük zaman keçməsə də bu qısa müddətdə TDT böyük məsafə qət etməyi bacarıb və ciddi bir təşkilata çevrilib. TDT Türk dünyası ailəsi, Türk dünyası evinə çevrilməyi bacarıb. Türk Dövlətləri Təşkilatında Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan təmsil olunur. Macarıstan isə müşahidəçi statuslu üzvdür.

Deputat Aydın Hüseynov sosial şəbəkədə gülüş hədəfinə çevrildi - FOTO

Aydın Hüseynov

Bu barədə “Yeni Müsavat”a şərhində deputat Aydın Hüseynov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində söylədiyi fikirlər Türk Dövlətləri Təşkilatının əhəmiyyətinin nə qədər böyük olduğu, perspektivi barədə təsəvvür yaradır: “Cənab Prezident çox dəqiq bildirdi ki, Türk dünyası bir ailədir. Bu fikir Azərbaycan Prezidentinin türk dövlətlərinin birliyinə nə dərəcə böyük önəm verdiyinin növbəti nümayişi idi. Azərbaycan türk dövlətlərinin birliyində çox əhəmiyyətli dövlətdir. Azərbaycan həm bu təşkilat çərçivəsində, həmçinin ikitərəfli formatda əməkdaşlığa həmişə çox diqqətlə yanaşıb. Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin səfərlərinin  və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, dövlətlərin bu məsələyə əlavə dinamizm verdiyini  görürük. Türk Dövlətləri Təşkilatı türkdilli ölkələr arasında ikitərəfli dostluq münasibətlərinə də öz töhfəsini verir. Diqqət edirsinizsə, Azərbaycanın Türkiyə başda olmaqla digər qardaş türk dövlətləri ilə əlaqələrində son iki ildə yeni bir dinamizm, sıçrayış müşahidə olunur. Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik. TDT-nin başlıca vəzifələrindən biri də bir-birinin təəssübünün çəkilməsi və xarici siyasət məsələsində ortaq mövqedən çıxış etməsidir. Bu, təşkilatın beynəlxalq arenada çəkisinin artmasına müsbət təsir göstərən amillərdəndir. İki ildir davam edən Rusiya-Ukrayna müharibəsi, oktyabrın 7-də başlayan HƏMAS-İsrail müharibəsi beynəlxalq ictimaiyyəti ikiyə bölüb. Hər iki bölgə ilə Türk dünyasının yaxın, uzaq əlaqəsi var. Belə hadisələrə münasibətdə siyasətin koordinasiya olunması vacibdir. 

Qarşılıqlı siyasi fəaliyyətlə bərabər, təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq əsas istiqamətlərdən biridir. Üzv dövlətlər arasında həm ikitərəfli əsasda, həm də artıq daha geniş əsasda hərbi-texniki əməkdaşlıq və hərbi əməkdaşlıq münasibətləri qurulur".

Deputatın sözlərinə görə, dünya sanki üçüncü dünya müharibəsinin astanasına gəlib çatıb. Belə bir həssas dövrdə türk dövlətlərinin birlyinə ehtiyac daha da artır. Ona  görə də Azərbaycan dövləti artıq ən yüksək səviyyədə bəyan edib ki, Azərbaycan Türk dünyasının birliyini möhkəmləndirmək üçün bundan sonra da nə mümkündürsə edəcək. Türk dünyası dövlətləri milli dövlətlər çərçivəsində bir ailə kimi  birləşiblər. Azərbaycan bu prosesin lokomotivi olan dövlətdir.

Hazırladı: Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR