İnsanlara hürriyət, millətlərə istiqlal!

TANINMIŞ VƏKİLƏ QARŞI GÖRÜNMƏMİŞ QANUNSUZLUQ

3022 04.02.2011 06:19 Ölkə A A
Öncə vəkillə əlaqə saxlayıb məsələnin mahiyyətinə aydınlıq gətirdik. Bəlli oldu ki, hüquq-mühafizə orqanlarında çalışan bir müstəntiq (həmin iş üzrə istintaq tamamlanmadığından onun adını açıqlamaq doğru hesab edilmir-red.) cinayət təqibi üzrə istintaq hərəkəti apardıqdan sonra təqsirləndirilən şəxsdən və onun vəkilindən protokola imza atmağı tələb edib. Vəkil protokolu oxuyub və hüquqlarını müdafiə etdiyi şəxsin dediklərinin təhrif olunduğunu bildirib. Buna görə də vəkil və müdafiə etdiyi şəxs protokolu imzalamaqdan imtina ediblər və bunu qeyd şəklində yazıblar.
Lakin sonradan müstəntiq özünü bu məsuliyyətdən yayındırmaq üçün vəkili faktiki olaraq şərləməyə cəhd göstərib. Guya müdafiəçi heç bir səbəb olmadan protokolun özü və müdafiə etdiyi şəxs tərəfindən imzalanmasına razı olmayıb. Müstəntiq bunu müdafiə hüququnu pozma kimi yozub və Vəkillər Kollegiyası tərəfindən Osman Kazımovun cəzalandırılmasını istəyib.
Bu, tamamilə qanunsuz bir hərəkətdir. Çünki Cinayət Prosessual Məcəlləsinin 51.5 maddəsinə görə, məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki qüsurlar və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır.
CPM-in Kommentariyasının 4-cü fəslində də bu məsələyə konkret aydınlıq gətirilib. Elmi rəhbəri tanınmış hüquqşünas Cəfər Mövsümov, elmi məsləhətçisi Konstitusiya Məhkəməsinin hakimi Eldar Məmmədov olan kommentariyada 51-ci maddənin şərhi verilib. Orada qeyd edilir ki, vəkil dindirilmə protokoluna ümumiyyətlə, imza atmaya bilər.
“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin direktoru, tanınmış hüquqşünas Müzəffər Baxış da hesab edir ki, protokolun imzalanmasından şəxsin dedikləri təhrif olunması səbəbindən imtina edilibsə, bu, müdafiə hüququnun pozulması kimi qiymətləndirilə bilməz: “Əslində vəkil burada Cinayət Prosessual Məcəllənin tələbinə uyğun hərəkət edib. CPM-in 92.10.1-ci maddəsinə müvafiq hərəkət edib. Həmin maddənin tələbinə görə, vəkilin müdafiə etdiyi şəxsin mənafeyinə zidd olan hər hansı hərəkəti etməsi qadağandır. Bundan əlavə, CPM-in 92.11.1-ci maddəsinə görə, müdafiəçi müdafiə etdiyi tərəfin seçdiyi mövqe üzrə hərəkət etməyə borcludur”.
Hüquqşünas bildirdi ki, CPM-in 51.5-ci maddəsinə görə, əgər prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, müstəntiq tərəfindən yalnız bu barədə protokolda müvafiq qeyd aparılır: “Amma bu işdə müstəntiq qanunsuz olaraq vəkilin qanuni hərəkətini müdafiə tərəfinin hüququnu pozmaq kimi qiymətləndirib. Əslində bunun özü CPM-lə ziddiyyət təşkil edir. Protokolu imzalamamağa görə istintaqa prosessual rəhbərlik edən prokuror qarşısında vəkillə bağlı heç bir vəsatət qaldırıla, ondan Vəkillər Kollegiyasına şikayət verilə bilməz. Əslində bu əməlinə görə müstəntiq üçün məsuliyyət nəzərdə tutulur. Çünki bu qanunsuz hərəkəti ilə təqsirləndirilən şəxsi vicdanlı müdafiədən məhrum edir, ona ziyan vurur”.
Eyni mövqeyi tanınmış müdafiəçi Yavər Hüseyn də ifadə etdi. O əlavə etdi ki, Osman Kazımov təhrif olunmuş protokolu imzalamamaqla əslində təqsirləndirilən şəxsin keyfiyyətli, vicdanlı müdafiəsini qurub: “Həmçinin protokolu imzalamamaq hər iki şəxsin səlahiyyətidir. Sadəcə, müstəntiq protokolda bu barədə özü qeyd apara bilər".
O.Kazımov bizimlə söhbətində bildirdi ki, bu absurd məsələ bir neçə dəfə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin müzakirəsinə verilib: “Bu, hansısa dairədən gələn sifarişə bənzəyir. Məsələ ondadır ki, hüquqlarını müdafiə etdiyim həmin şəxs də sifarişlə həbs olunub. Hazırda həmin şəxsə və onun valideynlərinə məndən imtina etmələri üçün təzyiq edilir. Onlar isə mənim müdafiəmdən razı olduqlarını və sonadək müdafiəmdən yararlanacaqlarını bildiriblər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR