İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşadan sonra azad ediləcək torpaqların siyahısı - Xankəndi, Xocalı və...

8157 08.06.2022 20:35 Yazarlar A A

Şuşaya ilk dəfə idi gedirdim. Bu qutsal şəhərdə heç vaxt olmamışdım. İşğaldan azad edildikdən sonra bir neçə dəfə şans yaranmışdı ora getməyə, amma hər dəfə nəsə maneə çıxmışdı. Görünür, məhz bu vaxtlara qismət imiş Şuşaya getməyim.

Şuşaya olduqca maraqlı heyətlə getdik. “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun təşkilatçılığı ilə baş tutan səfərdə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının tanınan simalarından olan, Azərbaycan sevdalısı qardaşımız Ali Yıldırım, İsveçrədə yaşayan dostumuz Kamil Tağısoy, “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov, “TV Müsavat”ın əməkdaşı Məğrur Salmanov, “Yeni Müsavat”ın əməkdaşı Bəhruz Quliyev və bəndəniz iyunun 5-də işğaldan azad edilmiş torpaqlardan Zəfər Yolu ilə keçməklə Şuşaya istiqamət aldıq.

6e1054a6-6155-4318-9ef8-f3b8d1a770f3.jpg (207 KB)

Şuşada olmasam da, hər zaman Şuşa ilə olmuşam, şuşalı olmuşam. Bütün azərbaycanlılar kimi Şuşa mənim düşüncəmdə, yaddaşımda özünə qala qurub. Qala şəhəri beynimizdə, ruhumuzda qala etmişik – özünümüdafiə, inam, inanc, dirəniş qalası. Şuşanın işğalı ilə heç vaxt barışmadıq. Şuşanı işğaldan azad edəcəyimizi ən ali inanc kimi içimizdə daşıdıq, beynimizdə yaşatdıq. Şuşa ilə bağlı nə qədər arzularımız vardı. “Gün o gün olsun, Şuşada...”, “Gün o gün olsun İsa Bulağında...”, "Gün o gün olsun Cıdır Düzündə" sözləri ilə başlayan cümlələr qurduq. Bir-birimizə olan arzularımızda yaşatdıq Şuşamızı. Bu cümlələri ən ali, müqəddəs arzuya, millət olaraq həyat tərzinə çevirdik.

0670f75c-5118-4c47-a7df-54baac4b1d75.jpg (161 KB)

Gün o gündür. Biz Şuşaya gedirik. İsa Bulağına enirik. Qarabağın əksər hissələrinə səfərlər həyata keçirə bilirik. Qarabağı, həm də Azərbaycanı yenidən yaradırıq, qururuq, tikirik. 30 il öncə məğlubiyyətin yaratdığı məcburiyyətdən qoyub gəldiyimiz yurd yerlərinə köç etməyə hazırlaşırıq və bunu dövlətlə millətin iradəsi, tandemi şəklində edirik. Qarabağı, Şuşanı məhz bu birlik formulu ilə azad etdik. Millətlə dövlət birləşdi, düşməni yendi, işğalı dayandırdı. Bu birlik gələcəyə qapılar açdı. Ümid yaratdı. Hər kəs bu ölkənin gələcəyindən rahatsız idi. Hərə bir bəhanə ilə xaricə üz tutmağa fürsət axtarırdı. Düşünürdük, əgər Qarabağ işğal edilibsə, 30 ilə yaxındır bu faktı dəyişə bilmiriksə, sabah müharibə başlasa, ermənilər yeni ərazilər işğal edəcək, Azərbaycan daha da kiçiləcək, təhlükənin miqyası daha da artacaq, xarici təhdid çoxalacaq.

f1c915a1-e359-4403-bd4e-94f536862db6.jpg (203 KB)

2020-ci ilin 8 noyabr tarixindən sonra qorxu, təlaş, rahatsızlıq canımızdan çıxıb, onun yerini özgüvən alıb. Azərbaycanın məğlubiyyət və qalibiyyət nöqtəsi Şuşa oldu. 1992-ci ilin 8 mayından başlayan amansız məğlubiyyətə 2020-ci ilin 8 noyabrında qələbə ilə son qoyduq. Şuşasız qələbə, Şuşasız Azərbaycan yarımçıq olacaqdı.

200 illik erməni işğalının, erməni faşizminin mahiyyətini daha dərindən anlamaq üçün Qarabağa, Şuşaya getmək çox vacibdir. Bu xəbis qonşunun bizə torpaq iddiasını niyə Qarabağda başlatdığı elə Qarabağda olanda daha yaxşı aydın olur.

9869a62f-d237-4f37-8d76-57d2589fd64c.jpg (311 KB)

Şuşadan sonra arzularımızın sərhədi böyüyüb. Əvvəllər 1-2 rayonun işğaldan azad edilməsini istəyirdik. “Heç olmasa, bir neçə rayon azad edilsəydi...” deyib, xəyallar qurardıq. 2020-ci ilin 27 sentyabrından başlayaraq Ordumuzun ildırımsürətli irəliləyişi, işğaldakı kəndlərin, qəsəbələrin azad edilməsi azərbaycanlıları xeyli ürəkləndirdi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi dönüş nöqtəsi oldu. Daha 2-3 rayonun da azad ediləcəyini istədik, arzuladıq. Cəbrayılın, Füzulinin, Hadrutun, Zəngilanın... azad edilməsi bizi Şuşaya istiqamətləndirdi. Ordu, əsgər, zabit silahı, gülləsi ilə, millət arzusu, istəyi ilə Şuşaya doğru yol almağa başladı.

7db32b1d-b9ad-4624-ad21-70923bb1b1a2.jpg (260 KB)

Şuşada olmaq Azərbaycanın mahiyyətini tam olaraq açır. Zəfər Yolu ilə Şuşaya doğru irəliləmək isə Azərbaycan Ordusunun əzəmətini, əziyyətini ən xırda detalı ilə insana agah edir. Zəfər Yolu bizim üçün Şərəf Yoludur. O yolu Azərbaycan Ordusu açdı. Ora ilk ayaq qoyan əsgər və zabitlərimiz oldu. Neçə ər igid canından keçdi orada. Şəhadətə qovuşdu. Nə qədər qazimiz orada sağlamlığını Vətənə, millətə şəfqət olaraq verdi. Ardınca Ali Baş Komandan o yolu Zəfər və Şərəf yolu olaraq daha da böyütdü, Azərbaycanın gələcəyinə istiqamətləndirdi. Zəfər Yolunun hər addımında Şəhidlərimizin qanı, Qazilərimizi ağrı-acısı var. Zəfər Yolu ilə irəlilədikcə insan qürurdan dağa dönür. Qarabağın dağlarının arasından keçən hər bir azərbaycanlı özünü dağ kimi əzəmətli hiss edir. Bu yol bizi məğlub xalqdan qalib millətə çevirib.

Şuşada olanda Xankəndinə baxıb əminliklə deyirdik: “Çox keçməz, ora da qayıdarıq”. Bir az o tərəfdə Xocalı görünürdü. Eyni inamlı sözləri Xocalı haqda da söylədik. Şuşaya gəldiksə, Xankəndiyə də gedəcəyik. Şuşa Azərbaycanın, azərbaycanlıların bugünü ilə gələcəyini birləşdirən, taleyini, aqibətini təyin edən dönüş nöqtəsidir. Şuşadan sonra hədəflərimiz və sərhədlərimiz İrəvana, Göyçəyə, Zəngəzura qədər böyüyüb.

8f3f5a9d-0366-459b-b988-3f2544322621.jpg (429 KB)

2020-ci ilin 17 oktyabr tarixində, Füzuli şəhərinin işğaldan azad edildiyi gün Şuşa haqda məqalə yazmışdım. Yazının başlığı belə idi: “Ölərəm dərdindən...”. Yazının sonu belə bitirdi: “Dərdindən də ölərik, uğurunda da can verərik. Amma səni heç kimə vermərik, Şuşa!”

Şuşa, ey müqəddəs şəhər, sənin dərdindən öldük, uğrunda can verdik, səni kimsəyə vermədik, düşmənə təslim etmədik. Biz qayıtdıq! Bir daha getməmək üçün qayıtdıq. Yerdə qalan torpaqlarımıza da qayıdacaq və orda möhkəmlənəcəyik.

P.S. Şuşaya gedəndə dostum, iş yoldaşım, “Yeni Müsavat”ın redaktoru Nazim Sabiroğlunun ata ocağına baş çəkəcəyimi özümə söz vermişdim. Çox şükür, bu arzuma da çatdım. Bir video çəkib, Nazimə yolladım. Özünə zəng edib dedim, “qaqa, (bir-birimizə belə müraciət edirik-A.A.) inşallah, erməni işğalçılarının xaraba qoyduğu bu yurd yerində yeni ev tikərsən, biz də sənə qonaq olarıq”. İnşallah, bir neçə ildən sonra deyəcəm ki, Şuşaya dostumun evinə qonaq gedirəm...

Azər AYXAN,
“Yeni Müsavat” qəzetinin baş redaktoru, Əməkdar jurnalist

54e46999-a636-4b4d-8339-2de1780100cd.jpg (189 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR