İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülərin özbaşınalığı davam edir: “Onlar bizə sərnişin kimi yox, qəpik kimi baxırlar” - VİDEOREPORTAJ

1616 19.10.2018 19:24 Reportaj A A

Son zamanlar cəmiyyəti narahat edən məsələlərdən biri də sərnişin avtobuslarının iştirakı ilə törədilən qəzalardır  ki, əksəriyyəti də insan ölümü ilə nəticələnir. Bakıətrafı kənd və qəsəbələrə işləyən marşrutlarda problem daha kəskin nəzərə çarpır. İllərdir ki, köhnə, yararsız avtobuslar marşrut xəttinə salınır və  vətəndaşları cana yığmaqla yanaşı, onların həyatı bahasına başa gəlir.

Bədbəxt hadisələrin əsas səbəblərindən biri də sürücü məsuliyyətsizliyi və pul qazanmaq uğrunda girdikləri ölüm yarışıdır. Hər birimiz dəfələrlə yollarda sərnişin  avtobusu sürücülərinin bir-biri ilə yarışa çıxdığının şahidi olmuşuq. Bunun nəticəsidir ki, ötən ay 160 nömrəli marşrutun sürücüsü qəza törədərək 2 sərnişinin ölümünə və onlarla insanın ağır xəsarət almasına səbəb oldu. Həmçinin yaxın günlərdə sürücülük vəsiqəsi olmayan şəxsin sərnişin avtobusunu idarə etməsinə və qəza törətməsinə görə, bir sərnişindaşıma şirkətinin sahibi həbs olundu. Dövlət başçısı da bu problemə toxunaraq, ciddi xəbərdarlıq etdi.

Bəs, bu sahədə atılan addımlardan, sərt xəbərdarlıqlardan sahibkarlar hər hansı nəticə çıxarıbmı? Onların xəttə buraxdıqları sürücülər qaydalara riayət edirmi?

Musavat.com olaraq, bu suallara cavab tapmaq üçün, əsasən Bakıətrafı kənd və qəsəbələrə gedən  avtobusların ilk dayanacağı olan “Koroğlu” metrostansiyasının yaxınlığındakı avtobus dayanacağına baş çəkdik.

Elə çəkilişə yenicə başlamışdıq ki, 160 nömrəli marşrut avtobusunu idarə edən  sürücünün özbaşınalığı diqqətimizi çəkdi. Öz dayanacağında sərnişin götürən sürücü sürətlə sürərək digər bir marşut avtobusunun qarşısında dayandı. Onu da bildirək ki, hər bir marşrutun dayanması üçün xüsusi yerlər ayrılıb. Lakin sürücü buna məhəl qoymayaraq, 132 nömrəli marşrutun dayanacağına keçib, orada  dayanan sərnişinləri də götürməyə cəhd götərdi. Digər sürücünün narazılığından sonra oradan uzaqlaşdı.

Onu da qeyd edək ki, 160 nömrəli marşrut avtobuslarının vəziyyəti olduqca bərbad durumda idi. 160 rəqəmi avtobusun üzərinə əl yazısı ilə yazılıb, içərisi də  toz-torpaq içində idi. Görünən o idi ki, bəlkə də aylarla bu avtobus nə yuyulub, nə də təmizlənib. Deməli, baş verənlər bu marşrut xəttinin sahibinə hələ də dərs olmayıb. Sərnişinlər sürücülərin nəzakətsiz davranışlarından və həddindən çox sıxlıq   yaratdıqlarından gileyləndilər.

Hər gün bu marşrutlardan istifadə edən Əhliman Qocayev deyir ki, sürücülər sərnişin dolu avtobusu telefonla danışa-danışa idarə edirlər, bəzən telefonda əsəbləşib qışqırırlar. Diqqətləri yayınır və insanları hər an təhlükə ilə üz-üzə qoyurlar. Nə qədər irad tutsaq da, qulaqardına vururlar.

Sərnişinlər Bakıətrafı  qəsəbələrə işləyən marşrut avtobuslarının sayının az olmasından da şikayətlənirlər. Bildirirlər ki, səhər və axşam saatlarında həddindən artıq sıxlıq yaşanır.

Bir neçə marşrut sürücüsü ilə danışıb, problemə bir də onların  gözü ilə baxmaq istədik. Bəzi sürücülər etiraf etdilər ki, marşrut xəttinin sahibinin onlardan tələb etdiyi gündəlik planı verməkdə çətinlik çəkirlər. Bu səbəbdən də daha çox sərnişin götürməyə və daha sürətli sürməyə məcbur olurlar. Təbii ki, belə olan halda qəzalar, bədbəxt hadisələr qaçılmaz olur. Sürücülərdən biri gündəlik 188 manat plan verdiyini və 60 manat da yanacağa sərf etdiyini bildirdi.

Sərnişinlər kəndə və qəsəbələrə  yeni avtobusların verilməsini fikrini alqışlayırlar. Ötən həftə ölkə başçısının nəqliyyat sahəsindəki problemlərə toxunaraq, yaxın günlərdə 300 ədəd yeni “Baku-bus”avtobusunun  gətiriləcəyi ilə bağlı verdiyi xəbər əhalinin ürəyincə olub. Köhnə, yararsız avtobusların xətlərdən yığışdırılacağı günü gözləyirlər.

Sərnişinlər əsasən “Bakubus” avtobuslarının xəttə buraxılmasını arzulayırlar. Onlar yeni avtobusların gətirilməsi ilə problemlərin də aradan qalxacağına ümid edirlər.

Məğrur MƏRD,
Musavat.com,
Video müəllifindir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR