Dekabrın 23-nə keçən gecə Suriya şəhəri Hələbdə kürd birləşmələri ilə hökumət qüvvələri arasında qarşıdurma baş verib.
Musavat.com xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, kürd silahlı qrupları Şeyx-Maqsud və Əşrəfiya bölgələrindəki nəzarət postlarına hücum edib.
Hadisə nəticəsində bir nəfər həlak olub, iki təhlükəsizlik əməkdaşı və üç mülki müdafiə işçisi yaralanıb.
Suriya Demokratik Qüvvələrinin (SDQ) verdiyi açıqlamaya görə, minaatan və ağır silahlardan istifadə edilən atışmalar zamanı iki kürd döyüşçüsü və beş mülki şəxs yaralanıb.
Xatırladaq ki, bu ilin martın 10-da Suriya prezidenti Əhməd əş-Şaraa ilə SDQ komandiri Mazlum Abdi arasında kürd birləşmələrinin mərhələli şəkildə Suriya ordusu və dövlət strukturlarına inteqrasiyasına dair saziş imzalanıb.
Bundan əvvəl Türkiyə və Suriya xarici işlər nazirləri bildirib ki, SDQ inteqrasiya prosesini ləngidir və əldə olunmuş razılaşmaların icrasına mane olur.
Türkiyə Xarici İşlər Naziri Hakan Fidanın sözlərinə görə, bu prosesin qarşısında duran əsas maneələrdən biri SDQ-nin İsraillə mümkün əməkdaşlığı və onun maraqlarına yönəlməsidir.
Musavat.com






