İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhdən imtina edən Ermənistana “sülh yardımı” - Aİ-nin növbəti qərəzi

813 06.07.2024 09:09 Siyasət A A

Siyasi şərhçi: “Terrorçuya, işğalçıya sülh fondundan yardım ayırmaq dünyada bənzəri olmayan siyasi rəzalətdir”

Bu il Ermənistan ilk dəfə olaraq Avropa İttifaqının Sülh Fondundan 10 milyon avro alacaq. Qeyd olunur ki, Macarıstan bu yardıma qoyulan qadağanı aradan qaldırıb. 

Bu barədə “Azadlıq” radiosuna Avropa İttifaqının diplomatik mənbəsi məlumat verib.

İddiaya görə, bu proqrama birliyə üzv olan bütün ölkələr yaşıl işıq yandırmağa hazırdır və layihənin əvvəlcə iyulun 17-də üzv ölkələrin səfirləri, daha sonra isə iyulun 22-də keçiriləcək iclasında təsdiqlənməsi gözlənilir. 

Qeyd edək ki, sözügedən layihəyə aprel ayında Macarıstan tərəfindən veto qoyulmuşdu. Rəsmi Budapeşt Azərbaycanın da Aİ Sülh Fondundan yardım almasını tələb etmişdi. Radiostansiyanın mənbələrinin bildirdiyinə görə, Budapeştdən gələn bu təklif qəbul edilməyib, lakin çıxılmaz vəziyyətdən çıxmaq üçün kompromis variant seçilib: Bakıya bu fonddan deyil, minatəmizləmə işlərinə ayrıca pul ayrılacaq.

Bütün dünya əslində bilir ki, Ermənistan 30 il işğalçılıq siyasəti aparıb, bu gün - Qarabağ işğal azad edildikdən sonra postmüharibə dövründə antisülh propoqandası aparır. İrəvan hər vəchlə sülhdən yayınır, faktlarla sübuta yetirilir ki, Ermənistan işğal dövründə bütün Qarabağı minalarla çirkləndirib. Belə bir dövlətə Sülh Fondundan yardım ayırmaq hansı mənanı verir? Bu, təbii ki, Aİ-nin növbəti ikili standartı və ermənizmə dəstəyidir.

fikret.jpeg (167 KB)

 Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov Avropa İttifaqının tənəzzül dövrü yaşadığını bildirdi: “Ermənistana Sülh Fondundan yardım göstərən Avropa, bu addımı ilə 30 ildə işğalçı bir dövlətin əməllərini dəstəklədiyini bir daha möhürlə təsdiqlədi. Nə qədər riyakar və çirkin bir oyun! Bu sözün bitdiyi yerdir! 

Rusiyanı işğalçılıqda ittiham edib, ona Ukrayna üzərindən savaş açan Avropa Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış Ermənistan kimi terrorist bir dövlətə özünün sülh fondundan yardım ayırır. Terrorçuya, işğalçıya sülh fondundan yardım ayırmaq dünyada bənzəri olmayan siyasi rəzalətdir. Bu rəzalətin və siyasi əxlaqsızlığın sonudur! Budur bunların iç üzü. Bu utancverici hərəkəti bir qədər malalamaq məqsədilə, Azərbaycana ermənilərin 30 ildə işğal altında saxladıqları torpaqlarda basdırdıqları minaları təmizləmək üçün bir başqa formada yardım etməyi qərara alsalar da, bu Avropa İttifaqının üzünü ağartmır. 

Bütün bunlar ortadaykən, Azərbaycanın bölgədə tam müstəqil siyasət yürütməsi ən doğru seçimdir. Belə ikiüzlü siyasət yürüdən bir təsisatla tərəfdaşlıq edib, onun yedəyində getmək mümkündürmü? Avropa İttifaqı adlı bir təsisatın onsuz da ömrü sona yaxınlaşmaqdadır. Çünki o, nə dövlətdən bir dövlət, nə də birlikdən bir birlikdir. Anqlosakslar İngiltərəni bu qurumdan illər öncə qopartmaqla, bu qondarma təsisatın fətvasını onsuz da veriblər. 

Demokratiya, insan haqları, söz azadlığı deyib ədalətdən dəm vuran bu ləyaqətini itirmişlər Azərbaycana və Türkiyəyə qarşı haqsızlıq etməkdən zövq alırlar! Bu siyasi manyaklıqdır! 

Bu mövzuya aidiyyətiı olmayan, lakin dediklərimizi bir daha əyani şəkildə sübuta yetirən bir yeni faktı qeyd etməyi borc bilirəm. Baxın, bu günlərdə futbol üzrə Avro-2024 yarışmasında Türkiyə millisinin oyunçusu - rəqib qapısına iki top vurmuş və qol sevincini qeyd edərkən əllərini yuxarı qaldıraraq boz qurd işarəsi göstərmiş Merih Demiralın bu jestini Almaniyanın daxili işlər naziri Nensi Faserin dərhal UEFA-ya şikayət etmiş, UEFA isə öz növbəsində yüksək qol vurmaq bacarığı olan oyunçunu iki oyun cəzalandıraraq, bu yarışmada bir-birinin ardınca qələbələr qazanaraq, çempionluğa doğru irəliləyən Türkiyə millisinə böyük bir zərbə vurmuşdu. Almaniya qanunları onun ərazisində boz qurd salamını qadağan etməsə də, almanlar öz ləyaqətsizliklərini nümayiş etdirməkdən utanmadılar. 

Budur, bunların hər addımda Türkiyə və Azərbaycana qarşı sərgilədikləri münasibət! Bu münasibəti sərgiləyənlər hələ utanmadan bizimlə dostluq, əməkdaşlıq etmək istəyirlər. İkiüzlüdən dost olmaz. Bizim öz yolumuz var - bu Türkiyə başda olmaqla Türk dünyası yoludur".

Deputat Sona Əliyeva: “Özəl sektorda çalışanların da maddi vəziyyəti  yaxşılaşacaq”

Sona Əliyeva

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Ermənistana ayrılan maliyyə yardımında təəccüblü heç nə yoxdur: “Ermənistan 1994-cü ildən bu yana bir çox beynəlxalq təşkilatlar, aparıcı dövlətlər tərəfindən işğalçı dövlət kimi tanınıb. İrəvan 44 günlük savaşdan sonra da Azərbaycana qarşı çirkin kampaniyalarla yadda qalıb. Bir sıra hallarda sülh prosesinə kölgə salıb. Təxribatlara yol verib və bu təxribatlar nəticəsində on minlərlə Azərbaycan vətəndaşı dünyasını dəyişib və ya yaralanıb. Həm işğal dövründə, həm də ondan sonrakı proseslərdə Ermənistanı Qərbdən və digər qütblərdən olan havadarları müdafiə edib. Onlar İrəvanın anti-sülh siyasətinə yaşıl işıq yandırıb və ya şam tutublar. Ona görə də Sülh Fondu adlı qurumun Ermənistana milyonlara dollar vəsait ayırması kimsəyə təəccüblü görünmür. Ermənistan kimi ölkələri müdafiə etmək Qərbin yüzillərə dayanan strateji xətt siyasətidir. Sülh Fondu ”Soros"çuların qanadları altında olan bir təşkilatdır. Ermənistan kimi ölkələri çevrilişlə ələ alaraq regionlara bədbəxtlik və qan gətirən sorosçular bu yolla öz nökərlərini maliyyələşdirirlər. Düşünürəm ki, Macarıstanın bu işə “hə” və “yox” deməsi rəsmi Bakının istəyi ilə baş vermişdi. Görünən odur ki, Azərbaycan bu prosesdə öz istəyinə yenə də nail oldu. Bundan sonrakı mərhələdə Bakı Qərbi məcbur edəcək ki, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərlə mütəmadi vəsait ayırsın. Bu, növbəti proseslərdə Qərbin də sevə-sevə icra etmək istədiyi addımlardan olacaq. Çünki Qərb Azərbaycanla münasibətləri yoluna qoymaq istəyir. Üstəlik, Avropa şirkətləri, böyük korporasiyalar işğaldan azad edilmiş ərazilərə investisiya yatırmaqda maraqlıdır. Eyni zamanda, Ermənistana pul ayıran zaman Azərbaycanın da könlünü almaq üçün anoloji addımlar atacaqlar".

Düşmən təkçə kənarda yox, həm də içimizdədir”-Turan Rzayev

Turan Rzayev

Politoloq Turan Rzayevin sözlərinə görə, Avropa İttifaqının və ümumilikdə kollektiv Qərbin Azərbaycana qarşı ikili standartına artıq öyrəşmişik: “Xristian təəssübkeşliyi bir çox hallarda qoca qitənin siyasi qərarlarında həlledici olur. Halbuki Azərbaycan Avropanın enerji təsisatında önəmli rola malikdir. Rusiya-Ukrayna müharibəsi başlanandan sonra bu ehtiyac daha da artıb. Bununla belə mövzu Ermənistan Azərbaycandırsa Avropa üçün hər zaman İrəvan bir pillə öndə olur. Əslində bunun bir digər səbəbi bu gün avropalı siyasətçilərin, senatorların, ekspertlərin erməni lobbisi, diaspora və kilsənin ciddi təsirində olması ilə bağlıdır. Konyak diplomatiyasının təsirində olan avropalı siyasilər İrəvanın lehinə qərar qəbul edir və bunu edərkən öz şəxsi maraqlarını qitənin ümumi maraqlarından üstün tuturlar. Ermənistanın ilk dəfə olaraq Avropa İttifaqının Sülh Fondundan 10 milyon avro alması da bunun ən böyük sübutudur. Mümkündür ki, həm 10 milyon avrodan qərarın verilməsində pay sahibi olan siyasilərə ödəniş ediləcək. 

Macarıstan Baş naziri Viktor Orbana gəldikdə isə o, Azərbaycanın etibarlı dostu, Avrozonanın nadir, ədalətli, məntiqli siyasətçilərindəndir. Bir çox hallarda onun tərəf tutduğu sanılsa da, Orban Avropa İttifaqının maraqları naminə ədalətli qərarlar verir, ya da verilməsində pay sahibi olur. Misal üçün, sözügedən layihəyə aprel ayında Macarıstan tərəfindən veto qoyulmuşdu. Rəsmi Budapeşt Azərbaycanın da Aİ Sülh Fondundan yardım almasını tələb etmişdi. Düzdür, Bakıya bu fonddan deyil, minatəmizləmə işlərinə pul ayrılacaq olsa da, nəticə etibarilə bu, Orbanın sərgilədiyi mövqe ilə bağlıdır. 

Hesab edirəm, Avropanın ildən-ilə enerjiyə olan asılılığı artır və buna görə Azərbaycana qarşı mövqe də gec-tez dəyişəcək. Qərb başa düşmür ki, bu gün Bakıya minnətlə, istehza ilə yanaşma gələcəkdə onların özü üçün problemə çevriləcək. Misal üçün, Aİ Azərbaycandan Avropaya ixrac edilən neft və qazın həcminin artırılmasını istəyir. Rəsmi Bakı isə ildən-ilə həm ixrac edilən enerji resurslarını artırır, həm də mövcud layihələrin ixrac potensialını genişləndirir. Misal üçün Azərbaycan Prezidenti İlham Əliyev Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Çin dövlət başçısı Si Szinpin ilə bir araya gəldi. Görüş sonrası “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu. Bəyannamədəki, Azərbaycanla Çin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığı dərinləşdirməyi vacib hesab edir. Bəyanatın bu bəndi strateji və mühümdür" və “Bundan başqa Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (”Orta Dəhliz") tikintisində və istismarında fəal iştirak edir" bəndləri xüsusilə diqqət çəkir. Belə ki, bu iki bənd həm Zəngəzurdan maneəsiz hərəkətin təmini üçün tərəflərin ortaq hərəkət edəcəyindən (Ermənistana təzyiq ediləcək) həm də Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inşasına başlanacağından xəbər verir. Bu elə bir layihədir ki, reallaşacağı təqdirdə Qazaxıstan, Türkmənistan, Özbəkistan qazı Bakıya, burdan isə TAP və Tanap layihələri ilə Avropaya daşınacaq. Bundan başqa beynəlxalq daşımalarda da yenə Azərbaycan mühüm pay sahibi olacaq. 

Yuxarıda qeyd etdiklərim reallaşacağı təqdirdə şübhəsiz Avropa gələcəkdə Azərbaycana daha çox ehtiyac duyacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR