İnsanlara hürriyət, millətlərə istiqlal!

Substansiv danışıqlar üçün danışıqlar - 2019-cu il nə ilə yekunlaşır? 

425 19.10.2019 08:20 KİVDF layihələri A A

Həmsədrlərin bölgəyə daha bir səfəri nəyi dəyişəcək; politoloq: “Paşinyan avantüristdir, onun avantürası bölgəni hələ çox çalxalayacaq...”

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və Stefan Viskontinin (Fransa) bölgəmizə növbəti səfəri başa çatdı. Onlarla birgə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də İrəvan, Xankəndi və Bakıda oldu. Azərbaycan paytaxtında onları prezident İlham Əliyev qəbul elədi.

Vasitəçilər Bakıda xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənov, habelə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ilə də bir araya gəldilər. Həm Azərbaycan, həm də Ermənistanda aparılan danışıqlar zamanı əsasən Qarabağ konflikti ətrafında son durum diqqət mərkəzində oldu.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Zakir Həsənovla görüşdə qoşunların təmas xəttində, Ermənistan-Azərbaycan dövlət sərhədi, xüsusilə cəbhənin Qazax istiqamətindəki son vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Dünən vasitəçilər regiona səfərlərinin yekunlarına dair bəyanat da yayıblar. Bəyanatda deyilir ki, Qarabağda olarkən vasitəçilər Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli nümayəndəsi tərəfindən humanitar məsələlər haqqında məlumatlandırılıblar. Həmçinin qeyd olunur ki, hər iki ölkənin liderləri həmsədrlərə Aşqabaddakı MDB ölkələri sammitində aralarında olan son söhbət barədə məlumat verərək, münaqişənin həlli prosesinin irəliləməsi üçün ideyalarını təqdim ediblər. Bildirilir ki, həmsədrlər ölkələrin əhalisinin sülhə hazırlanması və gərginliyin azaldılması üzrə təhlükəsizlik və humanitar tədbirlərin icra olunması perspektivlərini alqışlayırlar.

Bundan əlavə, sənədə diplomatlar ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aparılan monitorinqlərin vacibliyini bir daha vurğulayıblar. Onlar tərəfləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi tərəfindən aparılan işlərin dəstəklənməsi və monitorinq missiyaları ilə bağlı potensial maneələri aradan qaldırmağa çağırıblar.

*****

Göründüyü kimi, vasitəçilər daha çox münaqişə tərəfləri arasında etimad atmosferinin kritik həddə gəlməsi və bunun nəticəsi olaraq, atəşkəsə artan təhlükədən, təmas xəttində gərginliyin artmasından narahatdırlar. Odur ki, hər hansı şəkildə sülh prosesinə yeni bir təkan verməyə, bundan öncə isə hansısa humanitar xarakterli addımların atılmasını (məsələn, əsir və girovların dəyişdirilməsini) vacib hesab edirlər.

Təsadüfi deyil ki, rusiyalı həmsədr İqor Popov görüş sonrası deyib ki, Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırır. Rusiyalı diplomatın sözlərinə görə, bu ilin dekabrında Slovakiyanın paytaxtı Bratislavada ATƏT xarici işlər nazirləri Şurasının iclası olacaq və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşılıqlı istəyi olsa, Bratislavada iki nazirin görüşünü təşkil etmək olar.

Ancaq belə görüşlərin nə faydası, əgər işğalçı tərəf konstruktiv danışıqlardan qaçırsa, konfliktin həllini bitməyən müharibənin nəticəsi əsasında reallaşmasında israr edirsə, “Qarabağ - Ermənistandır və nöqtə” bəyanatı verməklə sülh danışıqlarını, faktiki, mənasız edibsə?

qarabağ danışıqları 2019 ile ilgili görsel sonucu

Artıq Azərbaycan XİN başçısı Elmar Məmmədyarov da belə görüşlərin faydasına bir elə inanmır. “Biz hələlik Ermənistan xarici işlər naziri ilə olan görüşlərdən nəticələr gözləyirik”. Bunu o, “İzvestiya” qəzetinə müsahibəsində bildirib. “Sonuncu dəfə biz bir ay əvvəl ABŞ-da görüşmüşük. Erməni həmkarımla sonuncu belə görüş Nyu-Yorkda Minsk Qrupunun iştirakı ilə baş tutdu. Düzünü desəm, mən ondan bir qədər məyus oldum. Əgər biz irəliyə getmək və bu münaqişənin həqiqətən siyasi həllini istəyiriksə, əlbəttə ki, mənim sevimli sözüm adlandırılan ”substantiv danışıqlara" başlamaq lazımdır. Hansısa maddə olmalıdır ki, onun əsasında danışıqlar getsin", - deyə nazir bildirib.

*****

Məsələ də ondadır ki, substansiv danışıqlar üçün danışıqlar da hələ ki nəticə vermir. Belə qənaət hasil olur ki, ümidlər bəslənilən 2019-cu il də nəticəsiz başa çatacaq. Danışıqların irəli aparılması, substansiv danışıqların başlaması üçünsə ilk növbədə işğalçı Ermənistan üzərində yeganə söz sahibi olan Rusiyanın siyasi iradəsi lazımdır. Əfsus ki, o da gözə dəymir.

Bunu bir daha Rusiya Dövlət Dumasının komitə sədrinin 1-ci müavini, erməni yanlısı Konstantin Zatulinin Dağlıq Qarabağa qanunsuz səfəri və orada Azərbaycan əleyhinə, sülh prosesi əleyhinə verdiyi açıqlamalara rəsmi Moskvanın adekvat reaksiya verməməsindən görmək olar.

Məlumdur ki, Bakı bu faktla bağlı Rusiya tərəfinə etiraz notası da təqdim etmişdi. Rusiya XİN sözçüsü Mariya Zaxarova Azərbaycan tərəfindən diplomatik kanallarla notanın daxil olduğunu təsdiqləyib. Onun notaya reaksiyası isə belə olub: “Rusiya XİN-in saytında çoxdandır ki, Azərbaycan hökumətinin xüsusi razılığı olmadan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ona bitişik yeddi rayona səyahət edən vətəndaşların Azərbaycan tərəfi ölkəyə girişinə qadağa qoyur. Bu xəbərdarlıq saytda yerləşdirilib. Bu aktual xəbərdarlıqdır və hamıya aiddir”.

Yəni faktiki şəkildə o, Zatiulinin rəsmi şəxs qismində Dağlıq Qarabağa qanunsuz səfərini, iki ölkə əlaqələrinə zərbə vuran hərəkətlərini pisləmir, ona hər hansı qınaq bildirmir. Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dilə gətirməyə xəsislik edir. Yalnız bunu bildirir ki, Dağlıq Qarabağın statusu danışıqlar yolu ilə Minsk qrupu prosesi çərçivəsində müəyyən olunmalıdır: “Biz hazırda masa üzərində olan, münaqişə tərəfləri ilə razılaşdırılmış sənədlərlə işləyirik. Bizim vasitəçi kimi vəzifəmiz ondan ibarətdir ki, məsələnin nizamlanmasını və məqsədə çatmağı maksimal dərəcədə sürətləndirək. Öz tərəfimizdən münaqişə tərəflərini hər zaman konstruktiv yanaşma nümayiş etdirməyə çağırırıq. Rusiya münaqişənin həlli istiqamətində öz rolunu oynayır. Tərəfləri də bu istiqamətdə konstruktiv addımlar atmağa çağırırıq. Bir daha deyirəm ki, bizim razılaşdırılmış sənədlərimiz, irəliyə doğru getmək üçün gündəmimiz var. Bu işimizi maksimum dərəcədə konstruktiv yerinə yetiririk, başqalarını da bu istiqamətdə konstruktiv işləməyə çağırırıq”, - deyə Rusiya XİN sözçüsü bildirib.

qarabağ danışıqları 2019 ile ilgili görsel sonucu

O, Rusiyanın Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı mövqeyinin məlum olduğunu və bu mövqenin dəyişməz qaldığını diqqətə çatdırıb: “O ki qaldı Dağlıq Qarabağın yekun statusuna, Rusiya tərəfindən indiyə kimi bu barədə verilən bəyanatlar aktualdır. Dağlıq Qarabağın statusu danışıqlar yolu ilə Minsk qrupu prosesi çərçivəsində müəyyən olunmalıdır”.

*****

Doğrudur, Dağlıq Qarabağın yekun statusu danışıqlar prosesində həll olunmalıdır. Ancaq bu prosesdə, erməni tərəfinin gözlədiyi kimi, ölkəmizin ərazi bütövlüyü gözardı edilə bilməz. Əks halda, Bakı belə prosesdə iştirakçı ola, öz qanuni torpaqları ilə alverə əsaslanan “sülh anlaşması”na imza ata bilməz. Buna heç Azərbaycan xalqı da imkan verməz. Bu xüsusda Mariya Zaxarov “problem həm də beynəlxalq hüquq və onun əsas prinsipləri, ilk növbədə də ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır” desəydi, daha məntiqli olardı.

Əfsus ki, bunu görmürük. Rusiya özünə rəva görmədiyini başqa ölkələrə görür. Nə qədər ki, Moskva Dağlıq Qarabağ məsələsində belə “ikili standart” siyasəti aparacaq, ona qədər işğalçı Ermənistan və onun rəhbərləri də ədalətli sülh çağırışlarını qulaqardı edəcək. Demək, müharibə öz aktuallığını saxlayacaq, Azərbaycan məqbul geosiyasi şərait yetişən kimi işğalçını özü cəzalandıracaq.

*****

Bu arada Ermənistan rəhbərliyi ilə Dağlıq Qarabağdakı separatçı-kriminal rejimin təmsilçiləri arasında təmaslar artıb. Xəbər verildiyi kimi, Nikol Paşinyan İrəvanda separatçı rejimin başçısı Bako Saakyan, ardınca isə “xarici işlər naziri” Masis Mayilyanla görüşüb.  Politoloqlar bu faktı təsadüfi hesab etmirlər. 

“Separatçıların İrəvana çağırılması Qarabağdakı qondarma rejimdə nəzərdə tutulmuş dəyişikliklə bağlıdır. Hesab edirəm ki, Masis Mayilyan və Bako Saakyan bu məqsədlə İrəvana çağırılıb”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Teleqraf.com-a-a politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Paşinyan Qarabağda öz komandasını formalaşdırmaq, köhnə komanda ilə xoşluqla və ya ərizə ilə vidalaşmaq istəyir.

“Düzdür, separatçıların İrəvana çağırılmasını Azərbaycan ordusunun təmas xəttinə yaxın mövqelərdə fəallaşması ilə izah edirlər, əslində isə Paşinyan separatçı rejimi xoşluqla istefaya getməyə məcbur edir. Bundan sonra öz adamlarını Qarabağda yerləşdirmək istəyir. Erməni baş nazir bu planını ”Azərbaycan təhlükəsi" iddiası adı altında gizlətməyə çalışır, bununla da Qarabağı tamamilə öz nəzarətinə keçirmək niyyəti güdür", - deyə politoloq bildirib.

Qabil Hüseynli Ermənistan baş nazirinin separatçı rejimdə dəyişiklik planının Ermənistan-Azərbaycan münaqişəsinə təsir imkanlarına da toxunub: “Paşinyandan Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe gözləmirəm. Nikol Paşinyan maniyakal keyfiyyətlərə malik bir siyasətçidir. Belə adamlarda təfəkkür demək olar ki, yox dərəcəsində olur, onlar baş verən prosesləri adekvat qiymətləndirmək imkanlarına sahib deyillər. Hətta Köçəryan və Sərkisyan münaqişə ilə bağlı reallığı əks etdirən təkliflər irəli sürürdülərsə, bu adam isə yeni ərazilər iddiasındadır, Naxçıvanla, Tərtərlə bağlı iddiaları irəli sürür, hətta ətrafındakı adamlar Gəncə ilə bağlı iddialarını dilə gətirir. Başqa sözlə, bu adam başdan-ayağa avantüristdir. Onun bu avantürası bölgəni hələ bir xeyli çalxalayacaq”.

Erməni avantüristlərinə ən layiqli cavabı isə yəqin ki, Azərbaycan Ordusu verəcək... 

Siyasət şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR