İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat at belində yaylağa qalxdı və Qərbi Azərbaycandakı kəndlərinin “beş addımlığına” getdi

564 24.07.2026 17:32 Müsahibə A A

"Gəldim qarşıladı güllər-çiçəklər,
Gedirəm əl edir boz biçənəklər..."


Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın Dəmir Yumruq! Biz Qərbi Azərbaycana qayıdacağıq!

Əslən Qərbi Azərbaycandan olan deputat Hikmət Babaoğlunun sosial şəbəkədə, at belində şəkilləri və digər görüntülərlə birgə paylaşımı diqqətimi çəkdi.
Böyük Məmməd Arazdan başlayan, Zəfər günlərimizdən üzü Qərbi Azərbaycana yol alan bu paylaşımın elə-belə olmadığı aydın sezilirdi. Təxmin elədim mənasını və iş gününün sonları olsa da, bu paylaşımın təsirindən Hikmət bəyə zəng edib, onunla “isti-isti” həmsöhbət olmaq istədim.

Hal-əhvaldan sonra bəli oldu ki, yenicə Qarsdan qayıdıb və həsrət-həsrət öz kəndini, doğulub boya-başa çatdığı yurd-yuvalarını seyr edib, kövrəlib, amma daxilində böyük inamla geri dönüb.

Fotolardan görünən gölü və o tərəfindəki kəndi təqdim edərək deyir:

- Göl Arpa gölüdür. O tərəfindəki kənd də bizim kəndimizdir - Göllü. Üç-dörd dənə belə göl var idi, ona görə Göllüdür bizim kəndin adı.

- Demək Qarsdan üzü Göllüyə baxırsınız…

- Bəli, üzü Göllüyə baxıram, qardaş...

- Sonuncu dəfə o Göllüdən nə vaxt çıxmısınız?

- 1986-cı ildə. Mən 1982-ci ildə orta məktəbi Göllüdə qurtardım, gəldim. Bir də 86-da, əsgərlikdən qayıdandan sonra Göllüyə getmişəm.

- Ondan sonra Qarsdan kəndiniz tərəflərə baxmaq imkanı olmuşdu?

- Birinci dəfə idi baxırdım və bu qədər yaxından. Qabağımızdakı o xətt Ermənistanla sərhəddir.

- Arpa gölü aradakı sərhəd deyil, eləmi?

-  Yox, göl artıq Ermənistandadır. Sərhəd göldən bir az yuxarıdadır.

- Amma sərhəddən hər hansı nişanə yoxdur deyəsən?

- İşarəni ot basıb. Sizin gördüyünün o Sovet dövründəki nə tikanlı məftillər, nə postlar, heç nə yoxdur.

- Hikmət bəy, düz 40 il sonra uzaqdan da olsa, kəndinizlə qovuşmusunuz. Hansı hissləri keçirtdiniz?

- Vallah...Çox təsirli idi. Hesab elə ki, əlini uzatsan çatacaq, bir ümidə çata-çatdasan, amma çatmırsan və insan qəribə hisslər keçirdir. Kövrəlirsən, qəmlənirsən, sevinirsən... Bu hisslərin hamısını bir yerdə yaşadım. Və bu da adamı... Duyğuların içəridə, daxildə toqquşması adamı adamdan alır. Bilmirsən nə edəsən, nə cür hərəkət eləyəsən, güləsən, ağlayasan... Çox qəribə hisslər idi. İnsanın içində bir fırtına qopur. İstəyirsən ki, bir adım da qabağa gedəsən, ancaq gedə bilmirsən. Geri qayıdıb dönmək istəyirsən, dönə də bilmirsən. 2016-cı ildə ordumuz Lələtəpəni alanda biz Bahar xanımla (Muradova-E.P.) bərabər getmişdik. Orada bizi apardılar düz Lələtəpənin zirvəsinə, həmin zaman da eyni hissləri keçirtdim. Lələtəpədən o yana bir adım getmək istədik, gedə bilmədik, geri də dönmək istəmirdik, Bahar xanımla bərabər. Bax, eyni hissləri burada da yaşadım. Vətənin hər qarışı hansı coğrafiyada olursa-olsun, Vətəndir.

- Doğrudur. Yeri gəlmişkən, başqa bir nümunəni də mən xatırladım, icazənizlə. Vaxt var idi ki, o Cəbrayıl zonasına, Xudafərinin tərəfə Cənubi Azərbaycan bölgəsindən baxıb, həsrət-həsrət ağlayanlarımız var idi. Amma şükürlər olsun ki, artıq o yurd yerlərinə qayıtmışıq. İnşallah, günün birində Qərbi Azərbaycana da böyük qayıdış olar! Siz də Göllü tərəfdən qarşı tərəfə, Qarsa baxarsınız, inşallah!

- İnşallah. Əslində biz uşaqlığımızda həmin o Göllüdən qarşı tərəfə baxırdıq və deyərdik ki, görəsən, oradakı qohumlar necədir? Gecələr sərhədçilər bizim kəndlərin içərisinə “projektor”lar salırdılar.  Kənd işıqlanırdı. Biz də uşaq idik, buna sevinirdik ki, bax, “Sovet hökumətinin qüdrətinə bax, bizim kəndi gecəni gündüzə çevirib işıqlandırır”.  Amma sən demə, onun məqsədi başqa imiş, kənddə casus axtarırmış. Bu qədər sadəlövh eləmişdi Sovet dövrü bizi ideoloji baxımdan. Biz heyvanlarımızı o yaylaqlara aparırdıq, düz mən indi olduğum yerin aşağısına, sərhədin o tərəfinə. Bir dəfə Türkiyədən bir at qaçıb gəlmişdi. O qədər gözəl bir at idi ki... Təsadüfən biz bilmirdik bunun oynamağını. Payızda kənddə toy olanda bu at da başladı oynamağa...Atın insan qədər musiqiyə qarşı refleksini mən ilk dəfə onda gördüm. Mənim o illərlə, o kəndlə bağlı çox əziz xatirələrim var. Onlardan biri də budur6 sovet sərhədçiləri gəlirdilər, orada ot yığırdılar, qışda atlara vermək üçün. Biz də onlara kömək eləyirdik. Mən o zaman sərhədçilərin maşınından bir dənə at qaşovu götürdüm. O qaşovu bura gətirmişəm, bu gün də həmin at qaşovunu əziz bir xatirə kimi saxlayıram.

- Göllüdə neçə ev var, əhali sayı nə qədərdir?

- 30-a yaxın tikili görünür. O vaxt100 ev vardı bizim kəndimizdə.

- Oranı da dağıdıblar?

- Dağıdılıb qalan evlər hamısı. Əldə etdiyim məlumata görə orada cəmisi 7 ailə yaşayır hazırda.

- Sizin ev qalırmı?

- Bizim ev qalır, çünki mənim babam bəy olduğuna görə, onun xırmanı, aşağıda mərəyi də vardı. Sonra onu Qazaxıstana sürgün elədilər, Stalin öləndən sonra qayıtdı. Ermənilər o xırmanımız yəqin ki, qalacaq yeri ediblər. Xırmanda da böyük ot tayaları yığıb, heyvan saxlayırlar.

- Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etmək niyyəti sezilir. Belə bir durumda kəndinizə getmək istərdinizmi, yoxsa hələ buna hazır deyilsiniz və hesab eləyirsiniz ki, qonaq kimi yox, ev sahibi kimi qayıtmalısınız?

- Bütün hallarda əlbəttə ki, istəyərdim, nə olur-olsun... Məni kövrəltdiniz, Elşad müəllim...

- Üzrlü hesab edin... Evimizə getmək, uşaqlıq illərimdə orada toxunduğum daşa, divara əlimlə təmas etmək, o sulardan içmək, əcdadlarımızın məzarını ziyarət eləmək istəyərdim.  Əlbəttə ki, hansı statusda olursa-olsun vətənə getmək böyük bir həsrətə qovuşmaqdır.

- İnşallah. Mən Azay müəllimlə (Quliyev-E.P.) elə bu mövzuda söhbət edəndə 38 ildir mərhum atasının məzarın ziyarət eləyə bilmədiyini demişdi. Özü də hələ bilmir ki, o məzar qalıb, yoxsa dağıdılıb... O da bu barədə də bir kövrək nöqtələrə toxunmuşdu. Bəs, sizin doğmalardan kimlərin məzarı var kənd qəbiristanlığında?

- Nənəmin, babamın, ondan sonra əmilərimin məzarı... Mənim bircə bibim olub, onun da məzarı ordadır. Babam “qolçomaq” adı ilə sürgün ediləndən sonra 2 uşağı qalıb...Onların da məzarı ordadır.

- Hikmət bəy, Allah hamısına rəhmət eləsin. Kövrək notlardan uzaqlaşaq. Qarsda nə qədər qaldınız?

- Bir həftə qaldım: Qarsda, Ərdahanda. Aşıq Şenliyin məzarını ziyarət elədim. Çıldırlı Aşıq Şenlik biz tərəfin məşhur aşıqlarındandır, eşitmiş olarsınız. Bizim kənddə Murtuz Ağa var idi. Sovet hökuməti nə qədər böyük bina, klub, məktəb tikdi, amma Murtuz Ağanın sarayından böyük olmadı. Getdim Çaxmaq kəndində onun məzarını ziyarət elədim. Bizim kənddə Qaçaq Qasım olubdur, bəlkə eşitmisiniz. Onun oğlu Hacı Vəli sonradan gedir Osmanlı qoşununa qoşulur, osmanlılarla Birinci Dünya Müharibəsində savaşır. Getdim, Hacı Vəlinin məzarını ziyarət elədim. Nə isə, saymaqla qurtarmaq olmaz.

- İğdırda da oldunuz?

- İğdıra enmədim, yox. Elə bizim paralel Qarsdır. Yəni İğdır bir az aşağı düşür - İrəvan tərəfə, ona görə ora gedə bilmədim. İnşallah, başqa vaxt, gedəcəyik.

- Qarsa birbaşa uçmaq imkanı varmı?

- Birbaşa uçuş ayın 30-undan başlayır. Mən Trabzona, oradan da Qarsa getdim.

- Türkiyənin bu bölgəsinin camaatı Zəngəzur dəhlizi və qarşıdakı dönəmlərlə bağlı nə danışır? Qərbi azərbaycanlıların da çoxluq təşkil etdiyi bu ünvanın sakinləri yəqin ki, o günü həsrətlə gözləyir, eləmi?

- Qarslılar da bizim kimi, bir vüsala qovuşmaq, bir həsrətin aradan qalxması əhval-ruhiyyəsindədirlər. Zəngəzur dəhlizinin açılmasını səbirsizliklə gözləyirlər. Təyyarə reysinin açılmasına görə çox sevinirlər. Məni kim görürdüsə, AZAL-a təşəkkür edirdi ki, nə yaxşı ki, çoxdan edilməli, atılmalı olan bu addım atdı. Bilirsiniz necədir? Biri mənə kənddən quzu kəsib gətirib, biri pendir gətirib, biri çəpiş gətirib... Elə aləmdir vallah! Getmədiyim yerlər... Qərbi azərbaycanlılar o qədərdirlər ki, orada. Deyirdilər ki, “daha bundan sonra nə var ki...Min təyyarəyə, axşam get, sabah qayıt, sabah get, axşam qayıt”. O qədər sevinirlər ki! Birbaşa Qarsa uçuşlar başlayır. İyulun 30-unda birinci reys olacaq, Allah qoysa.

- Əla! Məsafə baxımından haradasa 1 saat yarımlıq yol olar…

- Ancaq.

- At belində fotolarınız da möhtəşəmdir. Hiss olunur ki, cantaraq atdır. Dil tapmaq çətin olmadı?

- Bu at yaylaq atıdır, özü də çox seçmə atdır. Bir tərəfi gürcü atıdır, bir tərəfi də yerli atlardandır, Osmanlı atlarındandır. Çox dözümlü dağ atıdır.

- Özü də yorğa?

- İnanın ki, mən onu yorğadan çıxarda bilmirdim. Çünki oradakı insanlar bütün gün ərzində at üstündə olur, malın-heyvanın dalında. Çaparaq, dördnala sürmürlər də. Mən istəyirdim ki, çıxsın yorğadan, qayıdanda artıq sərbəst buraxmışdım, özü yorğa qaçırdı. Amma təzə minəndə çalışdım çaparaq gedim, ürəyim istəyirdi ki, tez gedək.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR