Ermənistan Avropa İttifaqının (Aİ) patrullarından əl çəkmək niyyətində deyil. Əslində “binokl diplomatiyası”nın Ermənistandakı missiyası da bu bölgədə əbədi lövbər salmaq niyyətindədir. Bu mənada fevral ayında iki illik müddəti başa çatan Aİ-nin Ermənistanda “mülki missiyası”nın ömrünün azı daha iki il uzadılacağı şübhə doğurmur.
Bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan mətbuat konfransında bildirmişdi ki, “missiya Azərbaycanla sərhədin tam delimitasiyasına qədər monitorinqi davam etdirəcək”. Azərbaycanla Ermənistan arasında şərti sərhədlərin uzunluğu təqribən 1007 km-dir. Ötən il ikitərəfli formatda, Qazax rayonu istiqamətində, 4 kəndimizin işğaldan azad olunması ilə paralel şəkildə sərhədin 13 km-i razılaşdırılıb, delimitasiya və demarkasiya edilib. Bəli, məhz ikitərəfli danışıqlar əsasında! Burada Avropa İttifaqının Ermənistandakı missiyasının hər hansı rolu olubmu ki, Ermənistan rəhbərliyi qalan 994 km-in delimitasiyasınadək də “binokl”çuların qalmasına zərurət hiss edir? Ümumiyyətlə, bu missiya indiyədək prosesdə hansı pozitiv rol oynayıb, kimin yaralı barmağını sarıyıb? Birmənalı şəkildə heç kimin.
2022-ci ilin payızından etibarən əvvəlcə 40 nəfərlə Ermənistana gələn, daha sonra saylarını 138-ə, yekunda isə 209-a çatdıran Aİ heyəti bircə dəfə də olsun bölgədəki erməni təxribatlarını qeydə alıb, mövqeyini ədalətli şəkildə ifadə etməyib. Dığ kəndi, Zəngilan bölgəsi, Zod tərəflər, Naxçıvan və digər istiqamətlərdə dəfələrlə Ermənistan ordusu və ya döyüş postundakı terrorçu dəstələr tərəfindən atəşkəsin pozulması, təxribatlara əl atılması halları baş verib. Azərbaycan həmin təxribatların cavabını verməyə vadar olub. Amma bu halların heç birində Avropa İttifaqının “mülki” patrul dəstələri gözə dəyməyib.
Bölgədə sülhün olmasını istəyən qurum Azərbaycansız toplantı keçirib, Ermənistana – qonşu ölkənin ərazisini 30 il işğalda saxlayan, terrorçuluğu dəstəkləyən tərəfə - hərbi dəstək qərarı verməz, maliyyə ayırmazdı. Amma Brüssel bunu etdi, özü də Bakı və İrəvan arasında ilk dəfə tarixi anlaşmanın əldə olunduğu günlərdə! Belə bir təşkilat “mülki missiya” məsələsində də heç zaman xoşməramlı ola bilməz! Üstəlik, Avropa Parlamenti Ermənistanda yerləşdirilmiş missiya çərçivəsində ekspertlərin sayının artırılmasını, onun potensialının gücləndirilməsini və yerləşdirilmə müddətinin daha 5 il uzadılmasını, coğrafi əhatə dairəsinin isə Ermənistan-Türkiyə sərhədinə qədər genişləndirilməsini istəyir.
Azərbaycan bu məsələ ilə bağlı prinsipial mövqeyini dəfələrlə bəyan edib.
Prezident İlham Əliyev ötən il oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bildirmişdi ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin bizim razılığımız olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılmasıdır.
Sitat: “Buna nə ehtiyac var idi?! 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, “binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi”. Yəni bu məsələ dövlətimiz üçün prinsipial məna kəsb edir, həmçinin Aİ ilə münasibətlər baxımından.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də “Avropa İttifaqının Ermənistanda Azərbaycanla sərhəddəki missiyasının fəaliyyətinə son qoyulmalıdır”, deyib. Bildirib ki, Aİ-nin Ermənistandakı missiyası regionda sülhün bərqərar olmasına kömək edən mexanizm deyil və sərhəddə üçüncü tərəfin mövcudluğu gərginliyin artmasına səbəb olur.
Xarici işlər naziri Ceyhun Bayramov isə Brüssel toplantısında Aİ missiyası ilə bağlı qərarı tənqid edərək, əməkdaşların sayının “özbaşına genişləndirildiyini” söyləyib.
Bildirib ki, “Aİ-nin Ermənistandakı monitorinq missiyasına gəlincə, ilkin vədlərə əməl olunmayıb, anlaşma pozulub və mandat özbaşına genişləndirilib. Bu missiya regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərinə nail ola bilmədi”.
Amma rəsmi Bakının davamlı etirazlarına baxmayaraq, Aİ ötən ilin yanvarında Ermənistana 1500 patrul göndərəcəyini elan etdi. Bildirildi ki, “mülki missiya”ya regiondakı vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq tapşırılıb. Avropa İttifaqının Ermənistandakı missiyası Qafan, Gorus, İstisu, Keşişkənd, Qaranlıq və Karvansaradakı 6 əməliyyat bazasında patrul xidməti həyata keçirdiyini açıqladığı halda sonradan məlum oldu ki, hətta Arazdəyəndə də patrul postu var. Üstəlik, Aİ sözügedən qrupu “mülki missiya” adlandırsa da, orada iştirak edən 100 nəfərdən 50-nin “silahsız müşahidəçi” olduğunu etiraf etməklə, faktiki olaraq özünü ifşa etmiş oldu. Daha kimsə şübhə etmir ki, Aİ-nin Ermənistandakı missiyası “mülki” libasda hərbi-casus, kəşfiyyat şəbəkəsidir və sayları da 209-dan bir neçə dəfə çoxdur. Fransanın Ermənistana davamlı şəkildə silah, hərbi texnika göndərməsi həm də de-fakto təməli qoyulan hərbi bazanın imkanlarını genişləndirməkdir.
Bu günlərdə məlum oldu ki, Ermənistan hökuməti ATƏT-ə Minsk Qrupunun ləğvi ilə bağlı müraciət etməyi nəzərdən keçirir. Baş nazir Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib ki, hökumət bu məsələni ciddi şəkildə araşdırır.
Azərbaycan rəhbərliyi Ermənistanla sülhün imzalanması üçün əməl olunmalı olan şərtlər sırasında Minsk Qrupundan imtinanı irəli sürüb. İrəvanda anlayırlar ki, artıq Minsk Qrupu gorbagor olub və onun dirilməsi mümkün deyil, üstəlik, Rusiya ilə Qərb alyansı arasında yaşanan konfliktlər fonunda. Sadəcə, Ermənistan sonadək bu məsələdən alver predmeti kimi istifadə etmək niyyətindədir. Minsk Qrupundan imtinanın məhz indi, Azərbaycanın “Minsk Qrupu yoxdur və bir daha olmayacaq”, məzmunlu mövqeyini elan etməsindən azı 4 il sonra gündəmə gətirilməsi heç şübhəsiz məqsədlidir. Diqqət edin, məhz Avropa İttifaqının Ermənistandakı missiyasının mandatının uzadılması ərəfəsində Minsk Qrupundan imtinaya “baxılır”. Yəni Paşinyan hakimiyyəti Azərbaycanın rədd etdiyi iki “missiya”dan birinə sahiblənmək istəyir. Amma Minsk Qrupundan imtina müqabilində Aİ missiyasının ömrünün uzadılması Azərbaycanı qane edə bilməz. Çünki burada sadəcə 5-10 binoklludan söhbət getmir.
Prezident İlham Əliyev açıq şəkildə bəyan edib ki, Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Sitat: “Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq, iki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir”.
Faktiki olaraq Qafqaza NATO və Avropa İttifaqının hərbi qüvvələrinin yerləşdirilməsindən, gələcəkdə hərbi baza qurulmasından söhbət gedir. Bu isə sülhə qarşı məkrli plandır.
Yanvar ayından etibarən Aİ-yə rəhbərliyə başlayan Polşa prezidenti Andjey Dudanın ötən ilin noyabrında Arazdəyəndə, Aİ missiyası ilə görüşü də həmin planın tərkib hissəsi idi. Ondan əvvəl ABŞ Arazdəyəndə hansısa “metallurgiya zavodu” tikmək istəyirdi, Azərbaycanın sərt təpkisindən sonra bu istəkdən geri çəkildilər. İndi də Aİ hərəkətə keçib.
Ermənistan niyə öz ərazisini Aİ-ABŞ üçün hərbi poliqona çevirir, maraqlısı həm də budur. Əgər doğrudan da sülh istəyirsə, məntiqlə ikitərəfli formatda əməkdaşlıqda maraqlı olmalı və hansısa üçüncü tərəfin müdaxilə imkanlarına yaşıl işıq yandırmamalıdır. Necə ki, Paşinyanın da etiraf etdiyi kimi, 13 km-lik sərhədin dəqiqləşdirilməsi Ermənistan üçün tarixi hadisədir və ilk dəfə bu hadisə məhz ikitərəfli əməkdaşlıq nəticəsində reallaşıb. Prezident İlham Əliyev yanvar ayında sərhəd komissiyalarının yenidən görüşəcəyini açıqlayıb və ola bilsin irəliyə doğru daha bir addım atılsın. Amma Aİ missiyası növbəti dəfə prosesi tormozlaya bilər. Belə olduğu halda İrəvanın məqsədi nədir?
Bu suala cavab axtarmaq üçün son aylarda Nikol Paşinyan və digərlərinin bəyanatlarına, həmçinin əllərində gəzdirdikləri Ermənistanın xəritəsinə diqqət etmək lazımdır. Paşinyan etiraf edib ki, Ermənistanın kadastr sənədi yoxdur. Bununla o, həm də ölkəsinin Azərbaycan ərazisində yaradıldığını dolayı təsdiqləmiş olur. Bəli, 1920-ci ilin 12 yanvarında Azərbaycan Xalq Cümhuriyyəti 114 min kv.km-lik ərazisi ilə İngiltərə, Fransa, İtaliya tərəfindən tanındı, Ermənistandan fərqli olaraq. 1920-ci ilin dekabrında isə sovetlər tərədindən Azərbaycanın Qərbi Zəngəzur bölgəsi ilhaq edilərək Ermənistana verildi. Sonrakı illərdə ərazilərimiz hissə-hissə kəsilib, Ermənistana birləşdirildi.
Azərbaycanın Qərbi Azərbaycan və həmin ərazilərdən son olaraq qovulmuş 300 mindən çox azərbaycanlının qayıdışı məsələsini qaldırmaqla Paşinyan və komandasının yuxusunu qaçırıb. Paşinyan Avropa İttifaqının missiyasını delimitasiya başa çatanadək ona görə saxlamaq istəyir ki, ölkəsi üçün “kupça” alsın. Ala biləcəklərmi? Hansı əsasla? Millətlər Liqasının arxivindəki xəritə belə, Ermənistana bu şansı vermir. Hətta Parisdə, 1919-cu ildə dərc olunan Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi də… Hələ də ağıllanmayıblar. Vaxtilə Minsk Qrupu Ermənistana Qarabağ vədi vermişdi. İndi də Avropa İttifaqından “kadastr sənədi” gözləyirlər…