İnsanlara hürriyət, millətlərə istiqlal!

“SSRİ-də proletariat hakimiyyəti olmayıb, partiya diktaturası olub” – Tarixçi alimin tarixi təsbiti

3241 10.03.2022 12:39 Yaxın tarix A A

Partiya nomenklaturası - SSRİ-də siyasi sistemdə əsas mövqeləri tutan və cəmiyyətin ən yüksək təbəqəsini təşkil edənlər məhz belə adlanıb, yaxud da sadə dildə ifadə etsək, siyasi elita. Xüsusi statusa, səlahiyyətlərə, güzəşt və imtiyazlara malik olan nomenklatura istənilən sahədə həlledici və əsas söz sahibi olub.

Tanınmış sovet tarixçisi, professor Mixail Voslenski də müəllifi olduğu “Nomenklatura” kitabını SSRİ-nin siyasi elitasına, sovet siyasi idarəetməsinə həsr edib. Kitab 14 dilə tərcümə olunub və böyük populyarlıq qazanıb. Voslenski isə bu əsərinə görə SSRİ vətəndaşlığından məhrum edilib...

Mixail Voslenski 1920-ci ildə Ukraynanın Berdyansk şəhərində anadan olub. 1925-ci ildə ailə Moskvaya köçüb. Voslenski orta məktəbi bitirdikdən sonra Moskva Dövlət Universitetinin tarix fakültəsində ali təhsil alıb, daha sonra aspiranturada oxuyub. Aspiranturanı bitirdikdən sonra o, Dövlət Sosial Humanitar Universitetində müəllim kimi fəaliyyətə başlayıb.

Фото_Восленский_Михаил_ef3ff.jpg (36 KB)

Hələ universitetdə təhsil aldığı illərdə Voslenski bir neçə xarici dil kursuna gedib. O, alman, ingilis və fransız dillərini mükəmməl bilib. Dil bilgiləri onun gələcək karyerasında böyük rol oynayıb. Vaslenski 1946-cı ildə SSRİ Xarici İşlər Nazirliyinə dəvət olunub və o, tərcüməçi kimi Nürnberq məhkəməsinə göndərilib.

1949-cu ildə namizədlik dissertasiyası müdafiə edən Voslenskinin sonrakı fəaliyyəti SSRİ Elmlər Akademiyası ilə bağlı olub. “Almaniya imperializmində müasir şərq siyasətinin problemləri” mövzusunda doktorluq işi müdafiə edən tarixçi mütəmadi olaraq xarici ölkələrdə, o cümlədən hər iki Almaniyada (ADR və AFR-də) ezamiyyətlərdə olub. Məhz bu ezamiyyətlər zamanı Voslenski ilə AFR-in federal prezidenti Qustav Hayneman arasında yaxın münasibətlər yaranıb.

Восленский,_Михаил_Сергеевич.jpg (54 KB)

Voslenski bir tarixçi kimi ayrı-ayrı ölkələrin, xüsusilə də müqayisəli şəkildə SSRİ və qərb ölkələrinin siyasi idarəetmə sistemlərini dərindən mənimisməyib. Müqayisələr, təhlillər, bir çox arxiv sənədlərini əldə etmək imkanı ona kommunist rejiminin bütün tərəflərini göstərib. Professor SSRİ-nin gələcəyində heç bir aydın və işıqlı yol görməyib. Voslenski bu ölkədə yaşamağını və işləməyini də  mənasız sayıb.

1972-ci ildə AFR-ə ezamiyyəti zamaını o, prezidenti Qustav Haynemanla görüşərək Bonnda qalmaq arzusunu bildirib. Bununla da Volsenski bir daha Moskvaya geri dönməyib. Almaniya rəsmiləri onun üçün bütün lazımi şəraiti yaradıblar.

Voslenskinin Almaniyada qalması Moskva üçün kommunist imicinə zərbə kimi qəbul edilib. SSRİ tərəfi tarixçi ilə bir neçə dəfə danışıqlar aparmağa, onu geri qaytarmağa cəhd etsə də, bu cəhdlər heç bir nəticə verməyib.

Voslensky1988.jpg (89 KB)

Mətbuata açıq olan professor sovet rejimi haqqında kütləvi informasiya vasitələrində müntəzəm olaraq “maraqlı” yazılarla çıxış edib. SSRİ-nin süqutundan sonra jurnalistlərə verdiyi müsahibələrinin birində isə o, sovet quruluşunu belə xarekterizə edib:

“SSRİ-də heç vaxt proletariat hakimiyyəti olmayıb. Bu ölkədə bütün dövrlərdə olduqca sərt partiya diktaturası hökm sürüb. Hər şey nomenklaturanın əlində olub və hər şey nomenklatura üçün nəzərdə tutulub. Bu ölkədə nomenklatura o qədər böyük səlahiyyətlərə malik olub ki, hətta Stalin kimi amansız bir diktator da onların qayğısına qalıb. Stalinin hakimiyyəti illərində nomenklaturaya hər ay vəzifə maaşlarından əlavə zərflərdə böyük məbləğdə pullar verilib. Bəs sıravi vətəndaşların maddi, mənəvi, sosial vəziyyəti necə olub? Fəhlə və qulluqçular ayda 160-190 rubl maaş alıblar, kəndlilərin gəliri isə daha az olub. Qərb ölkələri ilə müqayisədə bu rəqəm 4-5 dəfə aşağıdır. Onların əməyi, zəhməti, çəkdikləri əziyyət nomenklatura tərəfindən mənimsənilib. Faktlara diqqət yetirək. Təkcə Stalinin bağ evində 400 nəfərə yaxın mühafizəçi xidmət edib. Söhbət yalnız bağ evinin mühafizəsindən gedir. Özünü ədalətli hakim sayan Stalinin xidməti personalında isə 73 nəfər çalışıb. Bu rəqəmi anlamaq çətindir. Dövlət başçısının şəxsi həkimi, bərbəri, dərzisi, sürücüsü, bağbanı, aşpazı, xidmətçisi ola bilər. Amma 73 nəfərin nə ilə məşğul olduğu anlaşılmazdır. Stalin “partnomenklatura” üçün də bu şəraiti yaradıb. Ölkə vətəndaşlarının mənzil şəraiti acınacaqlı olduğu bir vaxtda nomenklatura iki-üç ildən bir daha rahat və daha geniş mənizillərə köçüb. Stalindən sonrakı illərdə də vəziyyət dəyişməyib. Xruşov hakimiyyətə istər siyasətdə, istərsə də iqtisadiyyatda testlər keçirmək üçün gəlmişdi. Brejenvin hakimiyyəti illərində isə Moskva mərkəzləşdirilmiş korrupsiya mərkəzinə çevrilmişdi. SSRİ-nin “partnomenklaturası” üçün də Nürnberq məhkəməsi kimi məhkəmə qurulmalı idi, Mərkəzi Komitənin rəhbərləri müttəhimlər kürsüsündə əməllərinə görə cavab verməli idilər...”

db5b74c66b949ad7ea123838376f9f6e.jpg (88 KB)

1990-cı ildə Mixail Voslenskinin vətəndaşlığı bərpa olunsa da, o, Moskvaya qayıtmayıb. Professor ömrünün sonuna qədər Bonnda yaşayıb, bu şəhərdəki sovet dövrünün tədqiqi ilə məşğul olan instituta rəhbərlik edib.

Mixail Voslenski 1997-ci ildə, 76 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR