İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞİMŞƏK KİMİ AKSİYA

8283 05.10.2012 16:19 Son xəbər A A

Mediada yayılan şəkillər və videogörüntülər yalnız aksiyanı təşkil edən qrupa yaxınlığı olan internet resurslarına məxsusdur. Təşkilatçılar təkcə onlara xəbər veriblər. Məqsəd güman ki, aksiya barədə xəbərlərin hüquq-mühafizə orqanlarına sızmaması olub.

Ona görə də dindarların aksiyası aydın səmada çaxan şimşək effekti verdi.

Onların tələbinin nə dərəcədə haqlı olub-olmaması uzun polemikanın mövzusu olduğundan bundan yan ötərək aksiyaçıların mübarizə metodlarına, aksiyanın siyasi nüanslarına diqqət yetirək.

Bu dəfə aksiyada polislərlə yanaşı etriazçılar da aqressiv idi. Hər iki tərəfin əlində zopalar, dəyənəklər vardı. Etiraz edənlərin əlindəki zopaların yaşıl rəngə boyanmış olması onların aksiyaya öncədən və diqqətlə hazırlaşmalarını göstərirdi. Aksiya barədə informasiyaların məxfi saxlanması öz effektini vermişdi. Hadisə yerində çəkilmiş videosüjetlərdə polislər aksiyanın başlanğıcında hazırlıqsız  - azsaylı və qətiyyətsiz görünürlər. Ancaq ilboyu məhz bu kimi aksiyalara hazırlaşan çevik polis qüvvələrinin toparlanması üçün 10-15 dəqiqə kifayət edir. Və onlar hadisə yerində çoxalır, etiraz edənləri döyməyə, bir küncə sıxışdırmağa, həbs etməyə başlayırlar. Yarım saat çəkmir, bütün qovğa-mərəkə yatır. Daha doğrusu, qovğa-mərəkənin “hərbi əməliyyatlar” seriyası...
Biz bu cür filmləri çox görmüşük. Hətta hadisələrin sonrakı inkişafını da yüzdə doxsan doqquz dəqiqliklə proqnozlaşdıra bilərik.

Burası dəqiqdir: cinayət işi qaldırılacaq, kütləvi tutqular aparılacaq. Toqquşma ilə nəticələnmiş aksiyaya qarışanların demək olar ki, hamısı cinayət məsuliyyətinə cəlb ediləcək. Sonra onların arasından 20-30 nəfər “xüsusi fəallıq göstərənlər”i seçəcək, CM-nin bir sıra maddələri ilə ittiham edərək cəza kəsəcəklər.

İndi baxaq görək, bu aksiya, onun bu sayaq qarşılıqlı şiddət mühitində keçməsi kimə sərf edirdi?

Bu gün müəllim günüdür və “Hicaba azadlıq” aksiyası keçirən şəxslərin etirazı əsasən Təhsil Nazirliyinə, müəllimlərə yönəlmiş kimi görünürdü. Bunu onların aksiya üçün seçdikləri meydan da göstərirdi. Ancaq hamımız bilirik ki, bu ölkənin baş müəllimi Misir Mərdanovdan tutmuş ta ibtidai sinif müəllimlərinə qədər, bütün pedaqoqların bu kimi məsələləri həll etmək imkanı sıfıra bərabərdir.

Bu ölkənin məktəblərində hicabsız geyim formasının tətbiq edilməsi siyasi məsələdir. Bu, siyasi iradəsi hamıdan üstün olanların seçimidir. Ona görə də aksiya iştirakçıları həm öz etirazlarının obyektini, həm də vaxtını düzgün seçməmiş kimi görünürdülər. Nəticədə müəllimlərin peşə bayramı günündə dava düşdü, qan töküldü.

Siyasi hakimiyyət üçün isə bu, göydəndüşmə bir fürsət oldu. Bu fırtına Elşad Abdullayevin yaydığı videoçarxların siyasi arenada yaratdığı qasırğanı vurdu. Artıq mətbuatda və ictimaiyyət arasında müzakirələrin mövzusu dəyişib. Hamı dindarların polisə necə ciddi müqavimət göstərməsindən danışır.

İkincisi, ən  müxtəlif səbəblərdən son vaxtlar beynəlxalq miqyasda xeyli dərəcədə reputasiyası korlanmış, tənqid hədəfinə çevrilmiş Azərbaycan iqtidarı, həmişə olduğu kimi, bu hadisədən öz mənafeyinə uyğun şəkildə barınacaq, ondan demokratiya tələb edən Avropanı fakt qarşısında qoymaq üçün istifadə edəcək. Guya ki, bu ölkədə demokratiyaya geniş meydan verilsə, ölkədə teokratik rejim qurular. Ortada nümunə də var: Misir.

Bununla belə, dünənki aksiya hakimiyyətə siqnal olmalıdır. Bunu hələ 2006-cı ildən yaza-yaza gəlirik. Mitinqlərə qalstukla, əlində bürmələdiyi qəzetlə çıxan müxalifətçiləri döyüb, qovub, didərgin salıb, adam-adam satın alıb axırına çıxmaqla məsələ bitmir, “oxqay” deməmiş adamın qarşısına bugünkü kimi, əli dəyənəkli və qəzəbli kütlə çıxır və rəis müavininə kəllə zərbəsi tutuzdurur. Necə deyərlər, külək əkən fırtına biçər.


 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR