İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün "21 Azər" hərəkatının 70 illiyidir

Dekabrın 12-də Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulan Azərbaycan Milli Hökumətinin yaranmasının 70 illiyidir. Tarixə bu gün  "21 Azər" hərəkatı adı ilə düşüb. "21 Azər" hərəkatının Azərbaycan tarixində hansı müstəsna əhəmiyyətli rolu olub? Bu hərəkat bizə nə deyir? 
Tarixçi Dilavər Əzimli suallarımızı cavablandırmağa çalışıb:
"Dekabrın 12-də Güney Azərbaycandakı 1941-1946-cı illər milli-demokratik hərakatının və bu hərəkatın zirvəsi sayılan "21 Azər"  inqilabının 70 ili tamam olur. Bu hərakatın Azərbaycan tarixində müstəsna yeri vardır. XX əsrdə Azərbaycan Bütöv halda birləşə bilərdi. Təəssüf ki, iri güclər buna imkan vermədi. O zaman qardaş Türkiyənin vəziyyəti də yaxşı deyildi. Ona qarşı SSRİ-nin işğal planı var idi. Azərbaycan xalqının əlindən birləşmə hüququnu aldılar. Bu hüququ alınmasında ABŞ, İngiltərə, Rusiya, Fransa birbaşa fars hakimiyyətinə yardım etdilər. Qəhrəman Azərbaycan xalqı bu mübarizədə təkbaşına qaldı. Birləşmə o dərəcədə mümkün idi ki, o zaman Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov SSRİ-nin rəhbəri İ.V.Stalinə telefonda yalvarırdı ki, SSRİ hərbi qüvvələrinin oradan çıxmasına imkan verməsin. Bu baş tutmadıqda isə dərindən ah çəkib bu sözləri demişdi: "Azərbaycan bu dəfə də birləşmək arzusindan məhrum edildi". 

Bu məsələyə münasibət bilidirən tədqiqatşı Cəmil Həsənli yazır ki, o zaman birləşmə üçün əsl məqam yetişmişdi. Ukrayna və Belorusiya birləşdirildi, amma Cənubi Azərbaycan iri güclərin əlində alver alətinə çevrildi. Bu hərəkatın necə bir hərəkat olduğunu sübut etmək üçün onun iştirakçılarından iki nəfərin yazdıqlarını diqqətinizə çatdırmaq istərdim. Bunlardan biri Azərbaycanın xalq şairi, "21 Azər" hərəkatının iştirakçısı Balaş Azəroğludur. O, yazır: 
"Görkəmli jurnalist və siyasi dövlət xadimi Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi 1945-1946-cı illər milli-demokratik hərəkatı tək Azərbaycanın güneyində, ümumiyyətlə İranda deyil, eləcə də bütün Yaxın və Orta Şərqdə demokratik, milli hərəkatların başlanması və genişlənməsində mühüm rol oynamışdır. Hərəkat eyni zamanda Azərbaycanın hər iki hissəsində (Quzey və Güneydə) milli mənlik və bütövlük şüurunun inkişafında ölçüyə gəlməz əhəmiyyətə malik olmuşdur". 

Həmin hərəkatın iştirakçısı, Azərbaycan xalq yazıçısı Mirzə İbrahimov da yazırdı:
 "Cənubi Azərbaycanda baş vermiş milli-demokratik hərəkat bütün dünyaya səs saldı. Beş milyondan çox olan bir xalqın geniş təbəqələrini əhatə edən bu hərəkat, əsri və qabaqcıl bir hərəkat olmaqla, zəmanəmizin ən görkəmli tarixi hadisələri sırasına çıxa bildi və siyasət dünyasının ən mütərəqqi mahiyyət daşıyan hadisələri ilə birləşdi. Bütün dünya, Asiyanın bir güşəsində diri, canlı və istedadlı bir xalqın, azadlıq və demokratiya yolunda qəhrəmanlıqla mübarizə aparan bir millətin varlığını gördü". 

Tarixçi hərəkat barəsində yayılan yanlış fikirlərə də aydınlıq gətirib:
"Təəssüf hissi ilə qeyd edək ki, "21 Azər"  haqqında hələ də yanlış fikirlər hökm sürməkdədir. Bu cür münasibət tarixi reallıqdan uzaqdır. Hətta bizdə də bəzi müəlliflər bu hərəkatın Moskvanın sifarişi və Bakının əli ilə ancaq sovet diktaturası əsasında yaradıldığını iddia edir, "21 Azər" hərəkatının sovet hökumətinin istəyi və tələbi ilə baş verdiyini söyləyirlər. Onların fikrincə, bu hərəkatın və Azərbaycan Milli Hökumətinin milli zəmini yox idi, o xaricin-Sovetlərin "resepti" və iştirakı ilə meydana gəlmişdi. Onların hamısına bir cavab kifayətdir-əgər silah verməklə, hərbi yardımla istənilən siyasi məqsədə nail olunsaydı, onda Sovetlərin başçılığı altında dünya sosialist sistemi yaşayardı və qəti qələbəyə qovuşmuş olardı. 

Onu da unutmaq olmaz ki, "21 Azər "ə və ondan əvvəlki olaylara SSRİ tərəfindən göstərilən köməklikdə əsas vasitəçi Quzey Azərbaycan, onun sovet ordusu sırasında İrana gəlmiş ziyalıları (Əziz Əliyev, Mirzə İbrahimov, Əvəz Sadıq, Cəfər Xəndan, Süleyman Rüstəm, Qulam Məmmədli, Qılman İlkin (Musayev) və s.) və sıravi vətəndaşları olmuşlar. Bu insanlar vətənimizin o biri böyük parçasının azadlığını güneylilərdən az istəmirdilər. Onlar Azərbaycanın bütövləşəcəyinə səmimi qəlbdən inanırdılar. Belə bir şəraitdə qardaş-qardaşın yanında olmalı və birgə mübarizə aparmalıydı. Qardaşın doğma qardaşına inanmamağa mənəvi haqqı yox idi. Əlimizdə olan fakt və sənədlər sübut edir ki, 1946-cı ilin aprelinədək Quzey Azərbaycan rəhbərliyi və Güneydəki hərəkatı istiqamətləndirilməsində iştirak edən azərbaycanlıların özləri belə, Stalin-Mikoyan qrupunun gizli hazırladıqları xəyanət və dönüklükdən demək olar ki, xəbərsiz idilər. Moskvanın açıq xəyanətindən və riyakarlığından sonra ona qarşı çıxmaq, müqavimət göstərmək  və ya hadisələrin sonrakı istiqamətini dəyişmək o zamankı tarixi şəraitdə mümkün deyildi. Bu o dövrün reallığıdır, onu nəzərə almadan "21 Azər" lə bağlı hadisələri obyektiv qiymətləndirmək mümkün deyil". 

Dilavər Əzimli hərəkatın 70 illiyi barədə ölkəmizdə geniş keçirilməsinin vacibliyini vurğulayıb:
"Bu hərəkat haqqında müəyyən qədər yazılsa da, köklü şəkildə öyrənilməmişdir və hələ də öz obyektiv tədqiqatşısını gözləyir. Bizim üçün bu çox önəmli tarixdir. Bu tarixin üzərində dayanmalı və nəticələr çıxarmalıyıq. Hesab edirəm ki, bu hərəkatın 70 iilliyi Azərbaycanda geniş keçirilməliydi. Bilmirəm nədən çəkinirlər? Bu, bizim şanlı tariximizdir. Tarixi öyrənmək hansısa dövlətin işlərinə müdaxiləmi deməkdir? Ermənilər yalançı "Böyük Ermənistan" məsələsini göylərə qaldırıblar. Amma biz malik olduğumuz tarixin üzərindən sükutla keçirik. 

Sonda onu da qeyd edim ki, hərəkatın 70 illiyi AMEA Ziya Bünyadov adına Şərqşünaslıq institutunda qeyd edildi və obyektiv tarixi çıxışlar öz əksini tapdı. Bu hərəkatın milli bir hərəkat olduğu elmi dəlillərlə sübut olundu. Arzi edərdik ki, rəsmi səviyyədə belə tədbirlər keçirilsin". 

Güney Azərbaycan Milli Oyanış Hərəkatının tanınmış fəallarından olan, hazırda Türkiyədə yaşayan, “GAMAC” təşkilatının sözçüsü Məhsa Mehdili Bərzin də bu barədə "Yeni Müsavat" a danışıb. O bildirib ki, 70 il bundan əvvəl qurulan Milli Hökümət əslində xalqın  bətnindən yaranan, xalqın özü olan haqqı və taleyidir:
"1945-ci ildə Azərbaycan Milli höküməti ortaya çıxana qədər Güney Azərbaycanda milliyətçilik düşüncələri siyasi güc əldə edə və siyasi axımlara təsir edə bilmək  istəyi yönündə şəkillənmişdi. Buna səbəb isə hakimiyyətdə olan Riza Pəhləvinin  antitürk, anti Azərbaycan siyasəti idi. 

Beləliklə, Azərbaycan Milli hökümətinin qurucuları  bölgənin şəraiti və habelə Azərbaycan toplumunun qalib istək və  qurtuluş haqqına inanaraq bu xalqın iradəsini ortaya qoya bildilər. Onlar siyasətləri ilə xalqımızın beynəlxalq normlara dayanaraq özünü idarə edə bilmə haqqı və potensialı olduğunu tarixin qəlbinə yazdılar. 

Digər tərəfdən qurulan Milli hökümət yaşadığı  çətinliklərə və Güney Azərbaycan xalqının müstəqilliyinə qarşı olan daxili və xarici cəbhələrə sinə gələrək xalqın iradəsini sədaqətlə təmsil etdilər. O dönəmdə görülən işlər Azərbaycanı xeyli irəli saldı. 

Azərbaycan  Milli Hökuməti əslində xalqın  bətnindən yaranan, xalqın özü olan haqqı və taleyidir. Amma nə yazıq ki, bu bölgədə Azərbaycanın, azərbaycançılığın güclənməsi və böyüməsini zərərli hesab edən, farsçılıq ideyalarını daşıyanlar bu hökümətə çox qanlı bir son qoydular". 

"GAMAC" təşkilatının sözçüsü onu da vurğulayıb ki, bütün rəsmi qadağalara baxmayaraq Güney Azərbaycan şəhərlərində evlərdə və İranın fərqli universitetlərində azərbaycanlı tələbələr hər il davamlı şəkildə Milli Hökümətin ildönümünü qeyd edir:
"Güney Azərbaycanda həm keçmiş, həm də hazırki rejim Azərbaycan düşmənliyinin siyasəti kimi hər zaman bir illik Milli hökümət dönəmini pisləməyə, aşağılamağa, qara yaxmağa, bu hökümət təcrübəsini gözdən salmağa çalışır və bunun üçün planlı şəkildə mediadan, tarixçi adı altında bir sıra insanlardan istifadə edir. Bu hal bu gün də, 70 illiyi dönəmində də davam etməkdədir. Lakin xalqımız və özəlliklə Güney Azərbaycan gəncliyi bir illik Milli Hökümət dönəmini həm qürur,  həm də həsrətlə yad edir. Biz çağdaş tariximizdə bir kərə azadlığın dadını bilən bir millət olaraq layiq olduğumuz müstəqilliyimizi quracayıq.

Qeyd etdiyim kimi İranda rəsmi şəkildə Milli Hökümət haqqında tədbir geçirmək qadağandır, lakin qeyri rəsmi şəkildə Güney Azərbaycan şəhərlərində evlərdə və İranın fərqli universitetlərində azərbaycanlı tələbələr hər il davamlı şəkildə Milli Hökümətimizin ildönümünü qeyd edir. Milli hökümət haqqında çıxan önəmli kitablar, araşdırmalar və dərgilər bu tarixi olayların fərqli boyut və sənədləri bütün qadağalara rəğmən yayılıb və yayılmaqdadır. Güney Azərbaycan milli hərəkətini xaricdə təmsil edən təşkilat və fəallar, xəbər saytları və bütün quruplar dünyanın fərqli nöqtələrində Milli Hökümətimizin barəsində seminarlar təşkil edir,  tədbirlər keçirirlər. 

Milli  hökümətimizin ruhu bu torpaqlara hələ hakimdir. Zamanın sərhəddini aşaraq nəsillərə  xitab edən azadlıq haqqımızın təmsili olan  Milli hökümətin əkdiyi toxumlar səmərəsini verib. Buna sübut Azərbaycan düşmənlərinin 90 illik  hakimiyyətinə qarşı , "Azərbaycan var olsun, istəməyən kor olsun" deyə bağıran  Güney Azərbaycan gəncliyidir". 

Onu da əlavə edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə "21 Azər"  hərəkatının 70 illiyi ilə əlaqədar Güney Azərbaycan şəhərlərində minlərlə CD paylanılıb. Yayılan CD-lərdə Azərbaycan Milli Hökumətinin necə yaranması və onun uğrunda şəhid olan qəhrəman fədailər barədə məlumat verildiyi, Güney Azərbaycanın indiki siyasi durumu və şəraiti, eləcə də milli hərəkat qarşısında duran bəzi məsələ və problemlər təhlil edildiyi bildirilir. 

Ötən il hərəkatın ildönümündə fəallıq göstərən bir neçə milli-mədəni fəal də ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutularaq saxlanılmışdı. 

Xalidə GƏRAY, 
Musavat.com 

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2020

BÜTÜN XƏBƏRLƏR