Rusiya Bakı və İrəvanın "3+3" regional platforması çərçivəsində iştirakçı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşlərinin ardıcıllığını razılaşdıracağını gözləyir.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bəyan edib.
M. Zaxarova xatırladıb ki, bununla bağlı müvafiq razılaşma 2024-cü ilin oktyabrında İstanbulda keçirilən iclasın yekunlarına əsasən əldə olunub.
"2026-cı il iyunun 5-də Sankt-Peterburq Forumu çərçivəsində baş tutan "3+3" platformasının ilk ekspert sessiyasında iştirakçılar məsələləri siyasiləşdirmədən, konkret qarşılıqlı faydalı iqtisadi layihələrə diqqət yetirilməsinin tərəfdarı olduqlarını fəal şəkildə ifadə ediblər. Biz bu yanaşmanı tamamilə bölüşürük", - deyə Rusiya XİN rəsmisi vurğulayıb.
Xatırladaq ki, 2025-ci il dekabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə keçirdiyi birgə mətbuat konfransında rəsmi Bakının "3+3" regional formatının növbəti görüşünün əvvəlcə Azərbaycan, daha sonra isə Ermənistan ərazisində keçirilməsini təklif etdiyini bildirib. Lakin nazir Ermənistan tərəfinin bu ardıcıllıqla razılaşmadığını və buna görə də ortaq məxrəcə gəlinmədiyini qeyd edib. Ermənistan tərəfi isə buna cavab olaraq regional platformanın növbəti görüşünün keçiriləcəyi məkanla bağlı müzakirələrin hələ də davam etdiyini açıqlayıb.
Musavat.com






